Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, Britaniya məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş və Dubayda saxlanmış "Luna" yaxtasına görə 600 min dollar verib aldadılması ilə əlaqədar məhkəmədə ifadə verib.
70 yaşlı biznesmen Azərbaycanda DTX tərəfindən saxlanılan Fransanın "Saur" şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsində dindirilib. Bu cinayət işi üzrə daha bir nəfər - Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla beynəlxalq axtarışa verilib. İddia olunur ki, onlar birlikdə azərbaycanlı milyarderi yaxtasını həbsdən azad etdirmək, beynəlxalq sularda yenidən üzməsini təmin etmək vədi ilə aldadıb 600 min dollarını ələ keçiriblər.
Məhkəmədə ifadə verən F.Əhmədov deyib ki, Rusiya vətəndaşıdır. Onun sözlərinə görə, həyat yoldaşından boşanandan sonra keçmiş xanımı ona qarşı əmlak iddiası qaldırıb. Böyük Britaniya məhkəməsi də iddianı təmin edib: "Məhkəmə keçmiş həyat yoldaşımın əsassız iddiası ilə dəyəri 300-400 milyon olan yaxtanın üzərinə həbs qoyulması barədə qərar çıxardı. Bu barədə digər ölkələrə, Birləşmiş Ərəb Əmirliklərinə də məlumat verildi. Orada yaxta saxlanıldı. Yaxtanın üzərindən həbsin götürülməsi üçün hüquqi imkanlardan istifadə etmək istəyirdik. Oğlum Dubayda yaşayırdı. Bu işdə kömək edə biləcək adamlar axtarırdıq".
Onun sözlərinə görə, A.Derraza bu barədə danışıblar. O da öz növbəsində Benalla ilə məsləhətləşib kömək etməyə söz verib. Qərar veriblər ki, onların beynəlxalq imkanlarından istifadə etsinlər.
"Nar plantasiyalarımda adamlar 6-7 saat işləyib 20 manat alırlar"
F.Əhmədov deyir ki, bu iş üçün ondan 6 milyon 140 min dollar pul istəyiblər. Aralarında üçtərəfli müqavilə də imzalanıb. Milyarderin dediyinə görə, razılaşma belə olub ki, ilkin 600 min dollar verilir, iş başlayır. Yaxtanın üzərindən həbs götürüləndən sonra 15 gün ərzində 5 milyon 540 min də ödənilir.
F.Əhmədov şəxsi hesabından 400 min dollar A.Benallanın, 200 min dollar isə A.Derrazın hesabına köçürüb.
"Nə iş gördülər, nə də pulumu qaytardılar. Deyirdim ki, Göyçayda nar plantasiyalarım var. Orada adamlar 6-7 saat işləyib 20 manat pul alırlar. Siz isə 600 min dollar almısınız, heç bir iş də görməmisiniz. Pulu niyə qaytarmırsınız?", - F.Əhmədovun sözləridir.
O, əlavə edib ki, məhkəmə qarşısında dayanan A.Derrazı hüquqşünas kimi tanıyıb, onun mühəndis olduğunu bilməyib.
Təqsirləndirilən A.Derraz özünü təqsirli bilmir. Bundan öncəki məhkəmə iclaslarında F.Əhmədovun pulunun ələ keçirilməsi ilə bağlı ittihama münasibət bildirərkən deyib ki, hüquqi məsləhətlərə, vəkil tapılmasında köməyinə görə pul alıb: "Mən hüquqşünas olmadığıma görə hüquqi prosesdə iştirak etməmişəm, məsləhətlər vermişəm. Yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm vardı. İşləri koordinasiya etmişəm. Mən onların mandatlı nümayəndəsi idim".
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
41 yaşlı A.Derraz əslən Mərakeşdən olsa da, həm bu ölkənin, həm də Fransa vətəndaşıdır. Ona Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma) və 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Göyçay rayonunda nar şirəsi istehsal edən zavodu var.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsindən dolayı ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalıb. 2024-cü ildə milyarder Lüksemburqda Aİ Şurasına qarşı məhkəmə iddiasını udub. Aİ məhkəməsi işadamına qarşı sanksiyaların ləğvinə qərar verib.
Böyük Britaniya 2025-ci ilin aprelində rusiyalı milyarderi sanksiya siyahısından çıxarıb.
"Forbes" jurnalı bu il Əhmədovun sərvətini 1.6 milyard dollar həcmində dəyərləndirib.