Dünya xəbərləri
Vahid Ələkbərov, Qod Nisanov Böyük Britaniyanın sanksiya siyahısında

Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Britaniya hökumətinin saytında dərc olunmuş siyahıya "Rosneft" və "Lukoil" kimi ən iri neft şirkətləri də salınıb.
“Kölgə donanması” ilə əlaqələndirilən 51 gəmi, Transstroybank, Primsoçbank, BBR Bank və Solid Bank daxil bir sıra banklar, Rusiyanın Milli Ödəniş Kartı Sistemi da sanksiyalara məruz qalacaq. Ümumilikdə 90 şəxs və təşkilat sanksiya siyahısına salınıb. Bunlar arasında Çin, Hindistan və Sinqapur şirkətləri də var.
Qərarın əsaslandırılmasında deyilir ki, "Rosneft" və "Lukoil" Rusiya hökuməti üçün strateji əhəmiyyət daşıyan enerji sektorunda fəaliyyətə görə siyahıya salınıblar.
“Rosneft” artıq Avropa İttifaqının (Aİ) sanksiya siyahısındadır. Böyük Britaniya G7 ölkələri arasında birinci ölkə olaraq “Lukoil”a sanksiya tətbiq edib. Aİ hazırda bu şirkətə qarşı sanksiya tətbiqini müzakirə edir. ABŞ isə hələlik, bu şirkətlərə sanksiya tətbiq etməyib.
Siyahıdakı azərbaycanlılar
Siyahıda Lukoil-un prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri Qod Nisanov və onunla əlaqəli olan Zarax İliyev, "Coral Energy Group" neft ticarəti şirkətinin direktorları Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayevin, “Zəngəzur” neft tankerinin, “Mastel Makina” şirkətindən Şanlık Şükürovun adları var.
Siyahıda diqqətçəkən daha bir ad azərbaycanlı Fikrət Tağıyevdir. O, hüquqşünas Sergey Maqnitski 2009-cu ilin 16 noyabrında “Matrosskaya tişina” həbsxanasında vəfat edəndə həmin müəssisənin rəhbəri olub. Britaniya hökuməti F.Tağıyevin Sergey Maqnitski ilə pis rəftara görə cavabdehlik daşıdığını bildirir. Onun həmçinin Maqnitskinin ölüm şəraiti ilə bağlı dəlilin gizlədilməsində əli olduğu vurğulanır.
Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağası və digər məhdudiyyətlər daxildir.
Bütün xəbərləri izləyin
Putin Kremldə Suriya lideri ilə görüşüb

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Moskvaya rəsmi səfəri zamanı Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Əş-Şaraa ötən ilin sonunda Moskvanın müttəfiqi Bəşər Əsədi devirmiş silahlı müxalifət liderlərindən biri idi. Rusiya hərbçiləri isə vətəndaş müharibəsində Əsəd rejimini dəstəkləyib.
Suriya lideri daha öncə Məhəmməd əl-Colani ləqəbi ilə terrorçu kimi tanınırdı. Əsəd devriləndən sonra Moskva Suriyanın yeni hakimiyyətini tanıyıb.
Kreml Putinlə Suriya liderinin görüşün ilk dəqiqələrinin videosunu yayıb. Rusiya prezidenti bildirib ki, "Moskva Dəməşqlə münasibətlərində hər zaman Suriya xalqının maraqlarından çıxış edib", bu əlaqələrin daim dostluq xarakteri daşıdığını xatırladıb. Əş-Şaraa isə bildirib ki, Suriya hakimiyyəti Rusiya ilə əvvəlki bütün razılaşmalara hörmət edəcək.
Kremlin sözçüsü Dmitri Peskovun daha öncə dediyinə görə, danışıqlarda Rusiyanın Suriyada Əsəd dövründə yaradılmış hərbi bazaları da müzakirə olunacaq. Moskvanın Suriyada hərbi iştirakı azalsa da, Hmeymim hava bazası və Tartus limanındakı dəniz bazası hələ də fəaliyyət göstərir.
"Reuters" agentliyi və bir sıra ərəb KİV-ləri səfər öncəsi yazıblar ki, əş-Şaraa Moskvadakı danışıqlarda Rusiyada siyasi sığınacaq almış Əsədin təhvil verilməsini rəsmi tələb edə bilər. Bu barədə, hələlik, rəsmi məlumat verilməyib. Putinin əş-Şaraa ilə görüşünün nəticələri də açıqlanmayıb.
Rusiya 2015-ci ildə Suriyada vətəndaş müharibəsinə Əsədin tərəfindən müdaxilə edib. Bu, rəsmən "İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizə ilə əsaslandırılıb. Amma Rusiya hərbi aviasiyası digər müxalifət qüvvələrini də hədəfə alıb. 2024-cü ildə üsyançıların qəfil hücumu nəticəsində Əsəd hakimiyyəti bir neçə günün içində devrilib və Rusiya hərbçiləri onu ölkədən çıxarıblar.
Ermənistanda altı keşiş saxlanıb

Ermənistanda altı keşişi mitinqlərdə iştiraka məcburetmə işi ilə bağlı saxlayıblar.
Saxlananlar Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan və yeparxiyanın beş keşişidir. Saxlanarkən onların evlərində axtarış da aparılıb.
Erməni kilsəsinin nümayəndəsi bildirib ki, bu həbslərə Nikol Paşinyan hökumətinin kilsəyə qarşı təzyiqlərinin tərkib hissəsi kimi baxırlar.
Vəkil Ara Zoqrabyan deyib ki, hüquqlarını müdafiə etdiyi yepiskop Proşyanın saxlandığı yer açıqlanmır. İstintaq orqanı bu haqda məlumatı olmadığını deyir.
Vəkil bunu ciddi qanun pozuntusu adlandırıb, adam oğurluğu kimi qiymətləndirib.
Ermənistanın İstintaq Komitəsi keşişlərin saxlanması xəbərlərini nə təkzib, nə də inkar edib, amma bildirib ki, hakimiyyətdən sui-istifadə edərək vətəndaşların ictimai toplantılarda iştirakına müdaxilə üzrə istintaq başladılıb.
Yeparxiyanın ruhaniləri ilə bağlı araşdırma sentyabrda başlanıb. O zaman yeparxiyaya aid kənd monastırının ruhanisi olmuş Aram Asatryan İctimai Televiziyaya müsahibəsində demişdi ki, 2021-ci ildə müxalifətin mitinqlərinə öz iradəsi əleyhinə, yepiskop Proşyanın göstərişi ilə qatılıb.
Mitinqlər 2020-ci ilin 44 günlük müharibəsindən sonra Qarabağda atəşkəs razılaşmasına qarşı keçirilirdi.
Bir müddət öncə baş nazir erməni kilsəsinin rəhbərinə qarşı ittihamlar səsləndirmişdi. N.Paşinyan erməni kilsəsinin rəhbərini nikahsızlıq vədini pozmaqda ittiham edərək istefaya çağırmışdı.
Amma sonradan ittihamlardan imtina etməsə də, kobud ifadələrdən istifadə etdiyi üçün sosial şəbəkədə üzr istəmişdi.
Kilsə ilə Paşinyan arasında münasibətlər Ermənistanın məğlub olduğu İkinci Qarabağ savaşından sonra pisləşib. Kilsə də müxalifət kimi Paşinyanı istefaya çağırıb.
Oktyabrın 3-də Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hakimiyyəti ələ keçirməyə çağırışda təqsirli bilinib.
Zelenski Odessanın merini vətəndaşlıqdan çıxarıb, şəhər hərbi administrasiyasını yaradıb

Ukrayna prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasını yaradıb, Sergey Lısakı onun rəhbəri təyin edib. Lısak daha öncə Dnepropetrovsk vilayəti hərbi administrasiyasına rəhbərlik edirdi.
Oktyabrın 14-ü axşam Zelenski videomüraciətində deyib ki, Odessa daha çox müdafiə və dəstəyə layiqdir və bu, hərbi administrasiya formatında gerçəkləşə bilər: "Odessada təhlükəsizliklə bağlı çoxsaylı məsələlər uzun müddət gərəyincə həll edilməyib. Bütün effektli qərarlar veriləcək. Yaxın vaxtlarda hərbi administrasiyanın rəhbərini təyin edəcəyəm".
Zelenski Odessanın meri Gennadi Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Truxanov Rusiya vətəndaşıdır və aktiv xarici pasportu var. Onun pasportu 2014-cü il dekabrın 15-də Krım və Donetsk, Luqansk vilayətlərinin bir hissəsinin işğalından sonra aldığı bildirilir
Truxanov bunu inkar edir, başqa ölkələrin pasportuna sahib olmadığını deyir. O, məhkəməyə müraciət edəcəyini, məhkəmə qərar verə bilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağını bildirib: "Bu, artıq qanunsuzluğun son həddidir, buna yol verilməməlidir".
G.Truxanovun sözlərinə görə, o, yerli özünüidarəetmə haqqında qanuna uyğun olaraq, şəhər deputatları qərar qəbul edənəcən mer vəzifəsində olaraq qalacaq.
Odessa Ukraynanın Qara dəniz sahilində yerləşən böyük liman şəhəridir, Rusiyanın davamlı hava zərbələrinə məruz qalır.
Tramp yenə Putinlə bağlı məyusluğunu bildirib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Moskvanın Ukraynada apardığı müharibə ilə bağlı bir daha məyusluğunu dilə gətirib. Tramp cümə günü – oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşməyə hazırlaşır.
"Çox məyusam, çünki Vladimirlə münasibətimiz çox yaxşı idi. Yəqin ki, indi də yaxşıdır. Bu müharibəni niyə davam etdirdiyini anlamıram", – Tramp deyib.
O əlavə edib ki, Putinin müharibəni dayandırmaq istəməməsi ona "çox pis göstərir": "O, buna son qoya bilər. Bunu tez bir zamanda bitirə bilər".
Zelenskinin Trampla görüşündə Ukraynanın hava hücumundan müdafiə və uzaqmənzilli zərbə imkanlarını müzakirə edəcəyi gözlənilir. Liderlər ötən həftəsonu bir neçə dəfə danışıblar. Bu arada ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərini verib-verməyəcəyi qızğın müzakirə olunur.
"O, silah istəyir. "Tomahawk" əldə etmək istəyir", –Tramp oktyabrın 14-də jurnalistlərə açıqlamasında Zelenski ilə bağlı bildirib.
Tramp daha öncə 2 min 500 kilometrədək məsafəni vura, nüvə başlıqları ilə təchiz oluna bilən "Tomahawk" qanadlı raketlərinin Kiyevə verilməsini istisna etməyib. Kreml isə bununla bağlı xəbərdarlıq edib.
Zelenskinin səfəri ərəfəsində Ukrayna hökumətinin nümayəndə heyəti artıq Vaşinqtondadır və oktyabrın 14-də ABŞ-nin yüksəksəviyyəli rəsmiləri ilə görüşüb.
Ukraynanın baş naziri Yuliya Sviridenko Telegram-da yazıb ki, Vaşinqtonda keçirilən hər bir görüşdə ölkəsinin enerji müdafiəsi, qışa hazırlıq və bu istiqamətdə dəstək yollarını müzakirə olunur.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə Vaşinqtonun Ukraynanın suverenliyinə "sarsılmaz" dəstəyini təsdiqləyib, davamlı və dayanıqlı sülhə nail olmaq öhdəliyini vurğulayıb.
Bu arada Ukraynanın şimal-şərqində təhlükəsizlik durumunun pisləşməsindən dolayı hakimiyyət orqanları Kupyansk şəhəri yaxınlığındakı onlarla kənddən ailələrin köçürülməsi əmrini veriblər.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov Telegram-da yazıb ki, ümumilikdə 409 ailə və 601 uşaq 27 yaşayış məntəqəsini tərk etməli olub.
Kupyansk bir neçə aydır Rusiyanın hücumu altındadır, Moskvanın qüvvələri Ukraynanın mərkəzi və şərqindən qərbə irəliləməyə çalışırlar.
AİHM: Rusiya Gürcüstana 253 milyon avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın Gürcüstana 253 milyon avro ödəməli olmasına dair qərar çıxarıb. Bu məbləğ 1990-cı illərin əvvəllərində Tbilisidən ayrılaraq müstəqilliyini elan etmiş Abxaziya və Cənubi Osetiya bölgələri ilə Gürcüstan arasında baryerlərin qurulmasına görə təyin olunub. Məlumatı "Nastoyaşee Vremya" yayıb.
Moskva 2008-ci ildə Gürcüstanla beşgünlük müharibədən sonra bu bölgələrin müstəqilliyini tanıyıb. "Gürcüstan Rusiyaya qarşı" işi üzrə məhkəmə qərarında bildirilir ki, 2009-cu ildən Rusiya hərbçilərinin iştirakı ilə keçmiş inzibati sərhəd boyunca tikanlı məftilli metal hasar çəkilib. Tbilisi bu səddi "işğal xətti" adlandırır.
Məhkəmə Rusiyanın Avropa İnsan Haqları Konvensiyasını sistemli pozduğunu qeyd edib. Bu pozuntulara sərhədi keçdiyinə görə qanunsuz həbslər, aşırı güc tətbiqi, işgəncə və qeyri-insani rəftar, hərəkət azadlığına və evə, torpağa və ailəyə çıxışa məhdudiyyətlər, eləcə də gürcü dilində təhsilə qadağa daxildir.
Rusiya 2022-ci ildən AİHM-in qərarlarını tanımır.
Rusiya Xarkovda xəstəxananı vurub

Rusiyanın Ukraynaya dron hücumlarında azı dörd nəfər həlak olub, onlarla yaralı var. Xarkovda xəstəxana kompleksi də vurulub.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov oktyabrın 14-də deyib ki, Rusiya qüvvələri ötən gecə şəhəri və yaxınlıqdakı səkkiz məntəqəni atəşə tutub, azı 62 nəfər xəsarət alıb.
Xarkovun meri İqor Terexovun sözlərinə görə, Rusiyanın qanadlı bomba hücumu zamanı xəstəxanadakı 57 pasiyent başqa tibb ocağına köçürülüb. Şüşənin qırılması nəticəsində altı nəfər xəsarət alıb.
Ukrayna prezidenti Volodimir Zelenski zərbəni pisləyib, "həyatların xilas olunduğu məkana tamamilə terrorçu, sinik hücum" adlandırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə X platformasında Xerson vilayətində BMT humanitar konvoyuna Rusiyanın hücum etdiyini yazıb.
BMT yardım konvoyuna Rusiyanın dron zərbəsini pisləyib, "tamamilə qəbuledilməz" adlandırıb.
Donetsk və Zaporojye vilayətlərində isə Rusiyanın zərbələrindən hərəsində iki olmaqla dörd sakin öldürülüb.
Rusiya aylardır Ukraynanın şəhərlərini və infrastrukturunu hədəfə alır. Moskva mülki hədəfləri bilərəkdən vurmadığını desə də, bunun əksini göstərən dəlil sayı artır.
10 oktyabr
Kiyevin şərqində elektrik kəsilib
Oktyabrın 10-na keçən gecə Rusiyanın hücumları Kiyevin şərqində elektrikin kəsilməsinə səbəb olub. Ukrayna paytaxtının mərkəzində isə çoxmərtəbəli binada yanğın baş verib. Rəsmilərin ölkənin enerji infrastrukturuna zərbə endirildiyini deyirlər.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhərin mərkəzi rayonlarından birində çoxmərtəbəli binanın 6-cı və 7-ci mərtəbələrinə dron zərbəsi yanğına səbəb olub. Hücumda həm dronlardan, həm də raketlərdən istifadə edilib.
Onlayn video və fotolarda yanan mənzillər, yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı görünür.
Kiyevin meri Vitali Kliçko doqquz nəfərin xəsarət aldığını, onlardan beşinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, şəhərin şərq rayonlarında elektrik kəsilib: "Paytaxtın sol sahili işıqsız qalıb. Su təchizatında da problemlər var".
Ukrayna Hərbi Hava Qüvvələri hücumu "kütləvi" adlandırıb. Paytaxt üzərində bir neçə partlayış və dron səsləri eşidilib.
Energetika naziri Svetlana Qrinçuk hücum nəticəsində ölkənin enerji infrastrukturuna da ziyan dəydiyini açıqlayıb.
Ukraynanın cənub-şərqdə yerləşən Zaporojye şəhərində də gecə saatlarında bir neçə obyektə dron hücumları olub. Vilayət qubernatoru İvan Fyodorov bildirib ki, hücumda yaralanmış 7 yaşlı uşaq xəstəxanada vəfat edib.
Müxalifətçiyə Nobel veriləndən sonra Venesuela Norveçdə səfirliyini bağlayıb

Venesuela Norveç və Avstraliyadakı səfirliklərini bağladığını, Burkina-Faso və Zimbabvedə yeni diplomatik nümayəndəliklər açdığını elan edib. Oktyabrın 10-da venesuelalı müxalifətçi Mariya Korina Maçadoya Nobel Sülh Mükafatı verilmişdi.
Nikolas Maduro hökuməti qərarın "resursların strateji yenidən bölüşdürülməsi", diplomatik xidmətin restrukturizasiyası çərçivəsində qəbul olunduğunu bildirib.
Norveç Xarici İşlər Nazirliyi (XİN) səfirliyin bağlanması barədə bildiriş aldığını, amma səbəbin açıqlanmadığını deyib.
Oktyabrın 12-də prezident Maduro Hindilərin müqavimət günü ilə bağlı tədbirdə çıxışında Maçadonu "iblisanə cadugər" adlandıraraq deyib ki, "əhalinin 90 faiz onu rədd edir".
Nobel Komitəsi oktyabrın 10-da Maçadoya Nobel mükafatının Venesuela xalqının demokratik hüquqları uğrunda mübarizəsinə görə verildiyini açıqlayıb.
Maçado Venesuela parlamentinin keçmiş deputatıdır. O, 2014-cü ildə ölkədə kütləvi etirazların əsas fiqurlarından biri olub. 2023-cü ildə prezidentliyə namizəd olmaq üçün ilkin seçkiləri udub, amma hakimiyyət onun namizədliyini ləğv edib. Sonra prezidentliyə Edmundo Qonsales namizəd göstərilib. Hazırkı prezident N.Maduro seçkilərdə qalib gəldiyini elan etsə də, BMT də daxil olmaqla müstəqil müşahidəçilər buna etiraz edib. Avropa Parlamenti və ABŞ Dövlət Departamenti E.Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.
2025-ci ilin yanvarında Maduronun andiçmə mərasimindən öncə Maçadonun qaçırıldığı bildirilir. Bəzi mənbələr onun təhlükəsizliyinə görə gizləndiyini yazır.
Xodorkovski və digərləri 'terrorçu birləşmə yaratmaq'da ittiham olunurlar

Biznesmen Mixail Xodorkovski və "Rusiya Antimüharibə Komitəsi"nin daha 22 üzvü Rusiyada hakimiyyəti zorakı yolla ələ keçirməkdə və terrorçu birləşmə təşkil etmək və orada iştirakda ittiham olunur. FTX-nin İctimai Əlaqələr Mərkəzi bu ittihamlar üzrə cinayət işi başlandığını bildirir.
İş üzrə digər təqsirləndirilənlər keçmiş baş nazir Mixail Kasyanov, şahmat üzrə dünya çempionu Harri Kasparov, siyasətçilər Leonid Qozman, Vladimir Kara-Murza, Maksim Reznik, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov, "Novaya qazeta – Yevropa"nın baş redaktoru Kirill Martınov, jurnalist Viktor Şenderoviç, qalereya sahibi Marat Qelman, aktyor Artur Smolyaninov, politoloq Yekaterina Şulman, biznesmenlər Yevgeni Çiçvarkin, Boris Zimin, iqtisadçı Sergey Aleksaşenkodur.
İstintaq bildirir ki, "Rusiyadakı mövcud hakimiyyətin ləğvinin zəruriliyi" komitənin təsis sənədində ifadə olunub. Həmçinin bildirilir ki, Xodorkovski və təşkilatın digər üzvləri "Ukraynanın Rusiyada terrorçu kimi tanınan hərbi millətçi birləşmələrini maliyyələşdirir, bu dəstələrə adam cəlb edirlər ki, sonradan Rusiyada hakimiyyətin zorla ələ keçirilməsi planını gerçəkləşdirsinlər".
Xodorkovski barəsində əlavə olaraq terrorçuluğa açıq çağırışlar maddəsi üzrə də cinayət işi başlanıb.
"Rusiya Antimüharibə Komitəsi" 2022-ci ilin fevralında yaradılıb. Məqsədi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə qarşı çıxmaqdır. Komitənin saytında deyilir: "Biz insan həyatının dəyərinə və hər kəsin azadlıq hüququna inanırıq. Putin rejimi bu prinsiplərə birbaşa təhdiddir. Məqsədimiz bu rejimə qarşı mübarizə üçün gücləri birləşdirməkdir".
2024-cü ilin yanvarında Rusiya Baş Prokurorluğu bu komitəni "arzuolunmaz təşkilatlar" siyahısına salıb.
Dövlət Dumasının spikeri: Rusiyadan 770 min miqrant getməlidir
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyir ki, 770 min miqrant Rusiyanı tərk etməlidir. Onun sözlərinə görə, "nəzarətdə olan şəxslər" reyestrində olanların ölkədə qalma müddəti sentyabrda başa çatıb və onlar getməlidirlər.
"Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 1-nə "nəzarətdə olan şəxslər" reyestrində 770 min miqrant var idi. Onların üçdə biri qadınlar və uşaqlardır. Onlara qarşı yeni miqrasiya rejimi – deportasiya rejimi tətbiq olunur", – o bildirib.
Həmin şəxslərin sürücülük vəsiqəsi alması, nəqliyyat vasitələrini idarə etməsi, maşın və daşınmaz əmlak alıb satması, nikah bağlaması, hesab açması, pul köçürməsi, banklardakı əmanətlərlə sərbəst davranması yasaqlanır.
Volodin onu da deyib ki, 2025-ci ilin 8 ayı ərzində miqrasiya qanunlarını pozan təxminən 35 min xarici vətəndaş ölkədən çıxarılıb.
Rusiyada fevralın 5-də "Nəzarətdə olan şəxslər" reyestri işə düşüb. Dövlət Dumasının deputatları belə bir reyestrin yaradılmasını Moskvanın "Crocus City Hall" mərkəzində törədilən terror aktından sonra tələb edirdilər. Teraktdan sonra miqrantlara qarşı qanunlar sərtləşdirilib.
Sentyabrda Dövlət Duması fraksiyalarının rəhbərləri prezident Vladimir Putinlə görüşüblər. Görüşdən sonra "Ədalətli Rusiya – Həqiqət üçün" partiyasının lideri Sergey Mironov bildirib ki, Rusiyada patent sisteminin başa çatmasına az qalıb, onu növbəli iş rejimi əvəzləyəcək. O, Dumanın payız sessiyasında uyğun qanun və tənzimləyici aktların qəbul ediləcəyinə ümidini bildirib.
2024-cü ildə Rusiyaya gedən 6 milyondan çox miqrantın yarısının məqsədi iş tapmaq olub. Bu rəqəm bu ilin iyununda Peterburq beynəlxalq iqtisadi forumunda səslənib.
Əfqanıstan-Pakistan sərhədində toqquşmalarda hər iki tərəf itki verib

Həftəsonu Əfqanıstan-Pakistan sərhədində bir neçə yerdə kəskin döyüşlər baş verib, hər iki tərəfdən ölənlər və yaralananlar var. İslamabad iki böyük sərhəd keçid məntəqəsini bağlayıb.
Pakistan ordusu oktyabrın 12-də bildirib ki, 200-dən çox əfqan hərbçi öldürülüb, yaralıların sayı daha çoxdur.
Ordu döyüşlərdə 23 pakistanlı hərbçinin öldürüldüyünü, 29-nun yaralandığını açıqlayıb.
Kabildə "Taliban" hökumətinin sözçüsü Zabihulla Mücahid isə azı 58 pakistanlı hərbçinin öldürüldüyünü, 30-nun yaralandığını açıqlayıb. Mücahid Əfqanıstan tərəfdən doqquz hərbçinin həlak olduğunu, 18-nin xəsarət alığını bildirib.
Oktyabrın 11-də gecə başlayan toqquşmalara görə tərəflər bir-birini ittiham edib, cavab tədbirləri gördüklərini iddia ediblər.
Pakistan ordusu "Taliban"ın Pakistan üzərinə "təhriksiz hücum" etdiyini, İslamabadın özünü müdafiə etməkdən ötrü hücumun qarşısını aldığını bildirib. İddiaya görə, Pakistanın rəqibi Hindistan toqquşmalarda "Taliban"a dəstək verib.
Əfqanıstandakı "Taliban" rəhbərliyi isə bildirib ki, ölkənin "hava məkanına və ərazi bütövlüyünə qarşı təkrarlanan pozuntulara cavab olaraq" Pakistan təhlükəsizlik qüvvələrinə qarşı uğurlu əks-hücum əməliyyatları aparılıb.
Sərhəd regionundan gələn xəbərləri müstəqil təsdiqlətmək mümkün deyil.
Vaxtilə müttəfiq olan iki ölkənin münasibətləri "Taliban"ın "Təhrik-e Taliban Pakistan" (TTP) ekstremist qruplaşmasına sığınacaq verməsi iddiasından dolayı pozulub. TTP uzun illərdir İslamabada qarşı üsyan aparır.
2021-ci ilin avqustunda beynəlxalq qoşunlar Əfqanıstandan çıxandan sonra hakimiyyətə qayıdan "Taliban" TTP-ni qoruduğunu danır.
Uralda Azərbaycan diasporunun rəhbəri həbsdə qaldı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin apellyasiya şikayəti isə təmin olunmayıb. Sverdlovsk vilayət Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin uzadılmasından verdiyi şikayət müsbət cavablanmayıb.
Hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunan Ş.Şıxlinski bu il dekabrın 30-dək həbsdə qalacaq. Rusiya mediası onun qətl planlaşdırmaqda da ittiham edildiyini yazır.
5 avqust
Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarılıb
Moskvadakı Basman məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarılıb. Rusiyanın E1.ru portalı həbs qərarının onun axtarışa verilməsindən sonra çıxarıldığını yazır.
Sayt Ş.Şıxlinskinin Yekaterinburqda istintaq hərəkətlərində iştirak etdiyini və həbsxanaya yerləşdirildiyini yazır. Onun Feyruz Şirinova sui-qəsd cəhdində iştirakda (Rusiya Cinayət Məcəlləsinin 30-cu və 105-ci maddələri), hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə (318-ci maddə) ittiham olunduğu bildirilir
Ş.Şıxlinskinin vəkili E1.ru-ya deyib ki, müdafiə etdiyi şəxs günahsız olduğunu bildirir və apellyasiya verəcək.
Ş.Şıxlinskinin oğlu Mütvəli isə iki ay müddətinə həbs olunub. O, hakimiyyət nümayəndəsinə zor tətbiqində ittiham edilir.
İyulun 1-də Yekaterinburqda, "Baku Plaza" qarşısında hüquq-mühafizə orqanları Ş.Şıxlinskini həbs etmək üçün xüsusi əməliyyat keçirib. Onlar avtomobilin pəncərələrini sındırmağa başlayanda Mütvəli idarə etdiyi avtomobili arxaya sürüb və xüsusitəyinatlılardan birini vurub.
Şahin Şıxlinski polisə özü təslim olub
Şahin Şıxlinskinin qohumu, jurnalist Elçin Şıxlı AzadlıqRadiosuna onun iki gün öncə – avqustun 2-də Rusiya hüquq-mühafizə orqanlarına təslim olduğunu deyir. Ş.Şıxlinski Azərbaycan səfirliyinin mehmanxanasında qalırmış.
E.Şıxlı Ş.Şıxlinskiyə qarşı əsas maddənin hakimiyyət təmsilçisinə müqavimət və yüngül xəsarət yetirməklə bağlı olduğunu deyib, qətllə bağlı Rusiya mediasının yazdıqlarını "boş söhbət" adlandırıb.
Rusiya DİN-in Ş,Şıxlinskini axtarışa verməsinə gəlincə: "Onun özünə, yaxud vəkillərinə axtarışla bağlı heç bir rəsmi çağırış gəlməyib. Səfirliyin mehmanxanasında nisbətən daha geniş hərəkət etmək imkanı olmaq üçün qalıb. Oğlunun azad olunması üçün müraciətlər hazırlayıb, vəkillərlə işləyib".
3 avqust
Şahin Şıxlinski Moskvada saxlanılıb
Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanılaraq Yekaterinburqa aparıldığı bildirilir. Bu haqda E1.RU portalı onun tanışlarına istinadla yazıb.
66.RU mənbəsinə istinadla Ş.Şıxlinskinin İstintaq Komitəsində dindirildiyini bildirir.
Gazeta.ru diaspor rəhbərinin qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda şübhəli bilindiyini yazsa da, digər mənbələr onun statusunun bəlli olmadığını qeyd edir.
30 iyul
Rusiya DİN Şahin Şıxlınskini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib. "İnterfaks" agentliyi bu barədə məlumat yayıb.
"Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə axtarışdadır", - Rusiya DİN-in məlumat bazasında bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa verildiyi məlum deyil.
Sverdlovsk vilayətində "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da, sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.
Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinski də hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.
Eyni zamanda Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanılıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Ermənistanda saxlanılan gürcüstanlı döyüşçü azad edilib

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı Giorgi Kinoiani azadlığa çıxıb. O, Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak etmək ittihamı ilə saxlanmışdı.
"Ermənistan onu Rusiyaya təhvil verməkdən imtina edib, çünki bu onun üçün təhlükəli olardı", – vətəndaş fəalı Giorgi Tumasiani sosial şəbəkədə yazıb.
Fəal ümidini bildirib ki, "Rusiyanın tələbi ilə Ermənistanda saxlanılan ikinci Gürcüstan vətəndaşı Vano Sabaşvili ilə bağlı da oxşar qərar veriləcək".
Vako Kinoiani "Pirveli" telekanalına qardaşının buraxıldığını təsdiqləyib: "Dünən Ermənistan misilsiz qərar qəbul edərək Giorgini rusların əlindən birbaşa aldı... Giorgi dünən gecə azad edildi. Hüquqşünasla danışacağıq və, əlbəttə ki, Gürcüstana qayıdacağıq".
2024-cü il oktyabrın 25-də Donetsk məhkəməsi G.Kinoianini 7 il müddətinə qiyabi azadlıqdan məhrum edib. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin muzdlu əməliyyatlarda iştirakda təqsirli bilinib.
Kinoiani döyüşlərə Ukraynanın tərəfindən qatılıb. İttihama görə, o, "Gürcü legionu"nun tərkibində vuruşub. Rusiya "Legion"un təsisçisi Mamuka Mamulaşvilini və digər gürcü döyüşçülərini qiyabi olaraq həbs cəzasına məhkum edib.
G.Kinoiani 2025-ci il sentyabrın 3-də Gürcüstandan Ermənistana keçərkən saxlanılıb.
Bundestaq Almaniya pasportlarının sürətli verilməsinin ləğvini dəstəkləyib

Oktyabrın 8-də Bundestaq Almaniyada sürətləndirilmiş vətəndaşlıq hüququnun ləğvinə səs verib.
2024-cü ildəki hökumətin qanuna etdiyi əlavə həmin ilin yayında qüvvəyə minib və bu hüquqla vətəndaşlığı üç il ərzində almaq mümkündür.
Həmin qanun alman dilini sərbəst bilən, özünü və ailəsini dövlət yardımına ehtiyac olmadan təmin edənlərə üç il ərzində vətəndaşlıq verilməsini nəzərdə tutur. Həmin şəxslər ölkənin qanunlarını bildiyini təsdiqləyən imtahanı verməli, inteqrasiya sahəsində "xüsusi" xidmətləri olmalıdır. Almaniya vətəndaşlarının həyat yoldaşları üçün isə əlavə tələblər qoyulmur.
Fevralda Bundestaqa seçkilərdə CDU/CSU bloku qalib gəlib. Bu blok seçki proqramında sürətli vətəndaşlıq hüququnu tənqid etmişdi. CDU/CSU və Sosial-Demokrat Partiyasının koalisiya sazişinə qanunun ləğvi salınıb.
Mayın sonunda ölkənin daxili işlər naziri Aleksander Dobrint "Bild" nəşrinə sürətləndirilmiş vətəndaşlığın qanunsuz miqrasiyaya əlavə stimul yaratdığını deyib.
Qanunun ləğvi üçün dəyişikliklər Almaniyanın 16 regional hökumətini təmsil edən Bundesratda qəbul edilməlidir, - DW bildirir.
Putin Düşənbədə həbs olunmadı

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Tacikistana səfər edib. Bu, onun 2022-ci ilin iyunundan bəri bu ölkəyə ilk səfəridir. Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvüdür və Rusiya prezidentinin həbsinə dair bu məhkəmənin orderini icra etməli idi. Amma Putin Düşənbədə həbs olunmayıb.
"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı həmin gün Tacikistandan Putinə ölkəyə giriş imkanı verməməyə, yaxud onu hava limanında həbs etməyə çağırmışdı. Təşkilat BCM üzvlərini, ATƏT və Aİ-ni beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Düşənbəyə təzyiq göstərməyə çağırıb.
"Putin Haaqada məhkəmə qarşısında dayanmalıdır, BCM-yə üzv ölkələrdə beynəlxalq sammitlərə qatılmamalıdır", – AzadlıqRadiosunun tacik xidməti "Human Rights Watch"un beynəlxalq ədalət üzrə direktoru Liz Evensona istinadla yazır.
Ancaq Tacikistan hakimiyyəti bu çağırışları gözardı edib. Putini hava limanında prezident Emoməli Rəhmon qarşılayıb. Düşənbə küçələri Tacikistan bayrağının rəngləri ilə bəzədilib. Binalarda Putin və Rəhmonun şəkilləri olan elektron ekranlar yerləşdirilib.
Putin Düşənbədə "Mərkəzi Asiya – Rusiya" sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
BCM 2023-cü ilin martında Putin barəsində axtarış elan edib. Rusiya prezidenti Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunur. Moskva bu ittihamları rədd edir, məhkəmənin yurisdiksiyasını tanımadığını bildirir.