Keçid linkləri

2025, 15 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:41

30 il danışılan məsələ: Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edildiyi deyilir


Ramiz Mehdiyev akademik Cəlal Əliyevin dəfnində.
Ramiz Mehdiyev akademik Cəlal Əliyevin dəfnində.

Dünən, oktyabrın 14-də Azərbaycanın siyasət dəhlizlərində onilliklərdir bəhs edilən bir məsələ gündəmə gəldi. 24 il Prezident Administrasiyasına və ardınca da Elmlər Akademiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu xəbəri yayıldı. İlkin məlumatlara görə, Səbail rayon Məhkəməsində onun haqqında istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçilib.

Məlumatlara inansaq, ittihamlar da kifayət qədər ağırdır. Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələriylə ittiham verildiyi vurğulanır. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Hərçənd, Azərbaycan qanunlarına görə, yaşı 65-dən yuxarı olan kişilər və qadınlar, həmçinin, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara ömürlük həbs cəzası verilmir. R.Mehdiyevin isə nə az, nə çox 87 yaşı var.

R.Mehdiyev faktiki Prezident Administrasiyasından altı il, Elmlər Akademiyasından isə üç ildir kənarlaşdırılıb. Bəs 30 illik bu qədər söz-söhbətlərə rəğmən, üstəlik, həmin söz-söhbətlərin aradan qalxdığı bir vaxtda belə bir halın baş verməsinin səbəbləri nədir?

İndi bu sula cavab axtaran bir qisim təhlilçilər əvvəlcə elə onun tərcümeyi-halına diqqət yetirməyi vacib sayırlar.

"Heydər Əliyevin adamı" olmayıb?

Həmin təhlilçilər hesab edirlər ki, "hakimiyyətin 2003-cü ildə atadan oğula (Heydər Əliyevdən İlham Əliyevə) ötürülməsində müstəsna xidmətləri olan" R.Mehdiyevə heç vaxt Əliyevlər axıra kimi etibar etməyiblər. Onlar vurğulayırlar ki, hələ SSRİ dönəmində R.Mehdiyev bəzi "səhv"lərə yol vermişdi.

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin bildirməsinə görə, vaxtilə Əbdürrəhman Vəzirov (1988-1989-cu illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi) 1988-ci ildə R.Mehdiyevin məsələsini plenuma qoyub onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edəndə o, özünümüdafiəyə keçib. Tarixçi-alimin iddiasına görə, plenumda Mehdiyevi "Heydər Əliyevin adamı" olmaqda günahlandıranda o, qəti şəkildə etiraz edib deyib ki, heç vaxt Heydər Əliyevin adamı olmayıb və onun vəzifə karyerasında Əliyevin heç bir rolu yoxdur.

Elə 1993-cü ildə H.Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə gələndə də ortada R.Mehdiyev yox idi. Yalnız o, 1994-cü ilin fevralında Prezident Aparatına şöbə müdiri kimi dəvət aldı. Bir il sonra da Administrasiyanın açar-kilidi rəsmən ona verildi.

Həmin vaxt ölkənin bir çox təhlilçiləri deyirdilər ki, H.Əliyev Azərbaycanı SSRİ dönəmində olduğu kimi idarə etmək istəyir və R.Mehdiyev bu baxımdan ona çox lazımdır.

Ramiz Mehdiyevdən təhsilə 'şillə'
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Müxalif düşərgədə onun haqqında iki fərqli fikir

Müxalif düşərgədə də R.Mehdiyev haqqında iki fərqli fikir diqqət çəkib. Bəzi müxaliflər ona SSRİ dönəminin məmuru, islahatlara əngəl bir dövlət xadimi kimi baxıblar. Amma müxalif arasında belə bir fikir daşıyıcıları da olub ki, "Ramiz Mehdiyev SSRİ təfəkkürlü idarəçi olsa da, qanlı repressiyaların tərəfdarı deyil, ona görə də təzyiq mexanizmi bəlli bir ssenari üzrə işləyir".

Hakimiyyətə yaxın, amma qeyri-rəsmi mediada isə o, cəmiyyətə israrla "islahatların düşməni" kimi təqdim edilib. Xüsusilə də bu tendensiya son 10 ildə özünü açıq göstərib. Amma indiyə qədər o, bu şəkildə ittiham edilməyib. Baxmayaraq ki, bu illər ərzində onun adı bir sıra işlərdə hallanıb.

Onun adı hallanan cinayət işləri...

Əslində belə işlər çox olub. Məsələn, hələ 2013-cü ildə hazırda mühacirətdə olan, ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin dilə gətirdiyi "mandat alveri" iddiasında R.Mehdiyevin də adı hallanırdı. Daha sonra "MTN işi"ndə də onun istintaqa cəlb edilməsini istəyənlər tapıldı. (Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi, nazirliyin bir sıra məsul şəxsləri mənimsəmə və başqa ittihamlarla məsuliyyətə cəlb edildilər)

2021-ci ildə "Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov da həbs edildikdən sonra R.Mehdiyevin adı gündəmə gəlmişdi. İşadamı məhkəmədəki çıxışında vurğulamışdı ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb. Lakin həmin vaxt məhkəmədə səslənən belə fikirlərə sözügedən şəxslərin münasibətini almaq mümkün olmamışdı.

Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda korrupsiya iddiası..
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Belə işlərin sayını artırmaq olar. Hətta, ötən il Hesablama Palatasından daxil olan material əsasında Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlandığı da açıqlanmışdı. Qeyd olunurdu ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə audit yoxlamaları nəticəsində vəzifəli şəxslərin külli miqdarda dövlət vəsaitini təyinatı üzrə istifadə etməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr yaranıb...

Kürəkəni və qudası...

Düzdür, bu illər ərzində onun yaxınlarından məsuliyyətə cəlb edilənlər də olub. Məsələn, sərt karantin rejimi dövründə Mehdiyevin kürəkəni ilə qudasının hərəyə 15 sutkalığa həbs olunması çoxları üçün şok effekti yaratmışdı. 2020-ci ilin avqustunda Abşeron rayon Məhkəməsində R.Mehdiyevin kürəkəni, keçmiş̧ deputat İlham Əliyev və qudası Rövşən Mustafayev karantin rejiminin tələblərini pozmaqda günahlandırlmışdılar. Həmin il prezident Əliyev də heç kəsin qanundan üstün olmadığını bəyan etmişdi. Amma Mehdiyev onda belə, bəzilərinə görə, "toxunulmaz" olaraq qaldı. Bəs indi nə baş verir?

Bəzi təhlilçilərə görə, R.Mehdiyevi "vurmaq" əslində hakimiyyət üçün bir elə də çətin olmayıb, xüsusilə də son illər. Onların fikrincə, sadəcə R.Mehdiyev uzun müddət hakimiyyətə qanunsuzluqları onun adına çıxmaq üçün lazım olub. R.Mehdiyev də Milli Elmlər Akademiyasına rəhbərlik edərkən yazdığı məqalələrdə heç vaxt qərarların verilməsində birinci şəxs olmadığını vurğulayırdı. Həmin məqalələrin bəzisi AMEA-nın saytından silinib.

'Onlar Ramiz Mehdiyevi çox ciddi fiqur sayırlar"
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

"Heç vaxt öz əqidəmdən dönməmişəm"

O, AMEA-nın saytında silsilə şəkilində dərc edilən məqalələrində hakimiyyətin siyasətinə sədaqətli olmasından bəhs etsə də, bəzi tənqidi fikirlərə də yer vermişdi. "Gənclik dövründən bugünə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin sərf etməkdə görmüşəm", - o yazırdı.

"Yığdıqlarını təhvil verəcək, vəssalam"

Müsavat Partiyasının üzvü, basto.info saytının baş redaktoru Mustafa Hacıbəyli Facebook səhifəsində yazır ki, hazırda Əliyev hakimiyyətinin "qılıncının dalı da kəsir, qabağı da", belə bir vaxta hakimiyyəti zorla ələ keçirmək bir elə də inandırıcı görünmür: "Belə bir cəhd olubsa, bunu niyə rəsmi yox, qeyri-rəsmi şəkildə mediaya ötürürlər? Daha çox şantaja oxşayır. Bütün köhnə oliqarxların varidatı əlindən alınıb... R.Mehdiyev vəzifədən çıxarılanda da, sonra Elmlər Akademiyasından çıxarılanda da hakimiyyətə qarşı bir kəlmə deməmişdı. Əksinə, tərifləmişdi. İndi də deməyəcək. Mesajını aldı, yığdıqlarını təhvil verəcək, vəssalam".

ReAL Partiyasının sədri Natiq Cəfərli isə yazıb ki, "dövlət çevrilişinə cəhdin iqtisadi, hərbi (hüquq mühafizə), media, məmur və siyasi ayaqları olur: "Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar,... üzə çıxacaq - bu belə olmasa, çox qeyri-ciddi şərait yaranacaq, dövlət adlanan instituta xələl gələcək".

Ən nəhayət, bu məsələdə "Rusiya izi" axtaranlar var. Onların fikrincə isə, son vaxtlar Rusiya və Azərbaycan münasibətlərində yenidən yaxınlaşma müşahidə edilsə də, Kreml sarıdan narahatlıq qalır. Həmin təhlilçilərə görə, bir tərəfdən Daxili Qoşunlara əlavə səlahiyyətlər verilir, başqa tərəfdən daxildə belə sərt addımlar atılır ki, ölkə daxilində xaricdən "istinad mərkəzləri" olmasın. Elə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı da bu məsələnin bugünlərdə Düşənbədə Əliyev-Putin görüşündən sonra gerçəkləşməsinə diqqət çəkib.

Amma belə fikirləşənlərin əleyhdarları da var. Onların qənaətlərinə görə, "Rusiyaya və ya hər hansı xarici gücə Azərbaycanda zəif bəndlər heç nə vəd etmir, bunu onlar da bilməmiş deyillər".

Amma bütün hallarda R.Mehdiyev və ya onun vəkillərinin yeni açıqlamaları bu məsələdə qaranlıq mətləblərə müəyyən qədər işıq tuta bilər. Üstəlik, onlar ittihamları da cavabsız qoymazlar. Onlar isə, hələlik, susurlar...

YAP-dan ilkin reaksiya...

1993-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olmuş R.Mehdiyev 2021-ci ildən sonra həmin partiyanın Veteranlar Şurasının üzvüdür. Amma görünür o, artıq YAP-dan çıxarılacaq.

APA-nın məlumatına görə, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə də belə deyib: "Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilər. Məhkum olunan insan partiyada qala bilməz".

XS
SM
MD
LG