2015-ci ilin noyabrında Nardaran hadisələri baş verərkən, Cahad Babakişizadənin 18 yaşı olub. O zaman güllə yarası alan və elə o durumdaca həbs edilən bu şəxsin oktyabrın 7-dən bəri keçirdiyi aclıq aksiyasını dayandırdığı bildirilir. Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov AzadlıqRadiosuna belə deyib.
"Cahadın atası Balahüseyn Babakişizadə oktyabrın 16-da Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub. Onun xüsusi rejimdə saxlanmasını, ailəsiylə əlaqə qadağalarını və başqa narahatlıq doğuran məsələləri dilə gətirib. Mirsaleh Seyidov dərhal göstəriş verərək yaradılan problemlər aradan qaldırılıb", - Ə.Bünyadovun sözləridir.
C.Babakişizadə ailəsiylə son dəfə sentyabrın 18-də telefonla əlaqə saxlayıbmış. Xüsusi rejimdə saxlandığından onun öz yaxınlarıyla görüşləri və sovqat qəbulu yasaqlanıbmış: "Cahad oktyabrın 17-də ailəsiylə əlaqə saxlayıb, problemlərinin həll olunduğunu deyib".
Ə.Bünyadov əlavə edib ki, ona qarşı baş verənlərə etiraz olaraq C.Babakişizadə sentyabrın 29-da özünə xəsarət yetirib, oktyabrın 7-dən aclığa başladığından sağlamlığında ciddi problemlər yaranıbmış: "Bundan sonra məqsəd onun sağlamlığının qayğısına qalmaqdır. Onsuz da gənc adam heç bir günahı olmadan yeniyetmə vaxtından həbsdədir, orqanizminə yetərincə ziyan dəyib".
C.Babakişizadə barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Penitensiar Xidmət daha öncəki açıqlamalarında məhkumların qanunda nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu bildirib.
Bu il iyulun 2-də C.Babakişizadənin “daxili intizam qaydalarını pozması” əsas gətirilərək 3 il həbsxana rejiminə köçürülməsinə qərar verilib. O, avqustun 30-da Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə göndərilib.
Xatırlatma
Cahad Babakişizadə ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunub. O, Nardaranda polisin 2015-ci il noyabrın 26-da əməliyyat keçirdiyi evin qonşuluğunda yaşayırmış.
Babakişizadə məhkəmədə bildirib ki, əməliyyat keçiriləndə həyətdə yaşayan yaşlı qohumuna şəkər dərmanı aparıb. Səs-küyü eşidib və həyətə çıxanda polislərin atdığı güllələrdən biri ona dəyib. Həmin vaxt polislər T.Bağırov və digərləri ilə birlikdə onu da tutub aparıblar. Terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və s. ittihamlarla 14 il 6 ay azadlıqdan məhrum edilib. Ancaq o özünü təqsirli bilmir, bu ittihamların hamısının yalan olduğunu deyir.
Babakişizadə, eləcə də Nardaran əməliyyatında həbs olunan digər şəxslər həm saxlanılarkən, həm də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi işgəncə iddialarını rədd edir.