ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Yaxın Şərdə "tarixi sübh"ün açıldığını elan edib. İsrail parlamentində çıxışında o, ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS-ın israilli girovları azad etməsindən danışıb.
"Bu gün göy üzü sakitdir, silahlar susub, hava həyəcanı yoxdur, günəş, nəhayət, sülhə qovuşmuş Müqəddəs Torpağın üzərində doğur", – Tramp çıxışında deyib. Onun çıxışı bir müxalifət deputatının etirazına görə qısa müddətə kəsilib.
Tramp həmçinin Ukraynadakı müharibəyə də toxunub: "Düşünürdüm ki, bu müharibə asanlıqla həll ediləcək. Mənə elə gəlirdi, bu, İsraillə çox uğurla etdiyimizdən qat-qat daha asandır".
Təl-Əvivdə təxminən 65 min insan HƏMAS-ın 20 sağ qalan girovu azad etməsinin sevincini yaşayıb.
"Çox həyəcanlıyam, xoşbəxtəm. Bu anı necə hiss etdiyimi təsəvvür etmək çətindir. Bütün gecəni yatmamışam", – azad edilən girov Nimrod Koenin anası Viki Koen "Reuters"ə deyib.
İsrail isə təxminən 2 min fələstinli məhbusu azad edir.
Qəzza şəhərindən jurnalist Usamə əl-Kəhlut AzadlıqRadiosunun fars xidmətinə deyib ki, orada bayram və sevinc əhval-ruhiyyəsi var: "İkiillik müharibə, qətliam və köçkünlük nəhayət bitdiyi üçün insanlar sevinirlər".
Adının çəkilməsini istəməyən başqa bir qəzzalı radioya deyib: "Arzum Qəzzanı tərk etməkdir. Bu, mənim arzumdur. Qəzzadakı dağıntıları görsəz, həyatın qalan hissəsini belə bir xarabalıqda necə keçirəcəyinizi təsəvvür edə bilməzsiz".
+++
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq yazır ki, bu tarixi sülh planının rəsmi mərasimləri başa çatdıqdan sonra əsas sual qalır: Ağ ev diqqətini İkinci Dünya müharibəsindən sonra Avropadakı ən böyük və ən qanlı münaqişəyə – Ukraynaya yönəldəcəkmi?
Qüdsdən 2 min kilometr uzaqda yerləşən Kiyevdə ümid edirlər ki, Tramp andiçməsində verdiyi "barışdırıcı və birləşdirici" olmaq vədini yerinə yetirəcək, sülh danışıqlarına liderlikdən səssizcə geri çəkilməyəcək. Sürətli həll perspektivlərinin uzaq görünməsinə baxmayaraq.
"Bir regionda müharibəni dayandırmaq mümkündürsə, onda digər müharibələri də dayandırmaq olar, elə Rusiyanın da müharibəsini", – Ukrayna prezidenti Volodimir Zelenski Trampın oktyabrın 12-də Yaxın Şərqə yola düşəndən bir neçə saat öncə sosial şəbəkədə yazıb.
Ukraynaya hücumların davam etməsi isə Rusiyanın dörd ilə yaxındır apardığı genişmiqyaslı işğalını dayandırmağı hədəfləyən danışıqların tempinin azaldığını göstərir.
Netanyahunun Qətərdən üzr istəməsi
Bu iki münaqişə arasında əsaslı fərqlər var: İsrail diplomatik baxımdan o qədər təcrid olunub ki, ABŞ-nin dəstəyinə tam möhtac qalıb. Hətta ABŞ-dən ən çox yardım alan ölkə məhz İsraildir.
Bir çox təhlilçilərin fikrincə, Tramp İsrailə gizli təzyiqlərlə onu 20 bəndlik sülh planına razı salıb. İsrail keçən ay ABŞ-nin əsas müttəfiqlərindən olan Qətərdə HƏMAS hədəfinə hava zərbəsi endirəndən sonra İsrail baş naziri Benyamin Netanyahuya açıq ictimai təzyiqlər də artıb.
Londonda yerləşən "Chatham House" təhlil mərkəzinin ABŞ proqramının rəhbəri Lorel Rapp oktyabrın 10-da bir podkastda deyib ki, "Netanyahunun Doha zərbəsinə görə qətərlilərdən üzr istəməsi yetərincə təsirli görüntü idi".
Digər tərəfdən, Rusiya iqtisadi baxımdan Çinin, hərbi baxımdan isə Şimali Koreyanın dəstəyindən faydalanır. Moskva bir neçə mərhələli, misli görünməmiş beynəlxalq sanksiyalara qarşı durmağı bacarıb və kompromisə getməyə hazır görünmür.
"Atılası çox az addım qalıb"
Vaşinqtonda yerləşən "Defense Priorities" təhlil mərkəzinin eksperti Ben Fridman AzadlıqRadiosuna deyir ki, Yaxın Şərqdəki sülh səyləri ilə Ukrayna-Rusiya münaqişəsi arasında ciddi bir əlaqə görmür.
"Hətta əgər Rusiyanı daha çox sanksiya ilə hədələsələr, əlavə təzyiq göstərsələr belə, bunun ciddi bir təsiri olmayacaq. Onsuz da o qədər ağır sanksiya tətbiq etmişik ki, atılası çox az addım qalıb", – o əlavə edib.
Tramp ABŞ və müttəfiqlərinin Moskvaya təzyiqi artıra biləcəyini deyib, Rusiyanın neft ixracını məhdudlaşdırmaqdan danışıb. Rusiya neftini idxal edən ölkələrini ikinci dərəcəli sanksiyalarla hədələyib.
Respublikaçı senator Lindsi Qrem oktyabrın 12-də deyib ki, ABŞ-nin Ukraynaya "Tomahawk" qanadlı raketlərini verməsi daha bir kart ola bilər.
Prezident Tramp Rusiyanın müharibəni sürdürəcəyi halda, bu ehtimalı istisna etməyib. Amma Kreml bununla bağlı öncədən xəbərdarlıq edib, böyük eskalasiyaya yol açacağını deyib.
Ukrayna müharibəsinin Qəzzadan fərqi
Bu isə ABŞ-nin İsrail-Qəzza prosesində qarşılaşmadığı bir fərqi də önə çıxarır: Vaşinqton burada ciddi müqavimətlə üzləşmir və Yaxın Şərqdə ABŞ üçün təhlükəsizlik riskləri Ukrayna ilə müqayisədə xeyli aşağıdır.
ABŞ-nin fevralda Tramp ilə Zelenski arasında Ağ evdəki sərt dialoqdan sonra Ukraynaya həyati əhəmiyyətli hərbi kəşfiyyat və təchizatı geri çəkməsi bu amili qabartdı, halbuki Kiyev bu dəstəyə ciddi ehtiyac duyurdu.
Avqustda Tramp-Putin sammiti isə sülh səylərində dinamikanı dəyişib. Trampın Alyaskada Putini səmimi qarşıladığı bildirilsə də, Rusiya lideri heç bir güzəştə getmədi və Zelenski ilə görüşü rədd etdi.
Vaşinqtondakı "Defense Priorities" təhlil mərkəzindən B.Fridman deyir ki, Putin bu görüşdən ciddi bir şey əldə edə bilməyib: "Əslində, bu hadisələr seriyası Tramp administrasiyasını müəyyən qədər ona qarşı çevirdi".
Tramp sentyabrda Britaniyaya dövlət səfəri zamanı Putinlə bağlı demişdi: "Məni məyus etdi, doğrudan da məyus etdi".
Tramp İsrail və HƏMAS-ı 20 bəndlik sülh planını qəbul etdirə bildiyi üçün təriflər qazanıb. Bu müharibə HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə başlayıb, 1200-dən çox israilli öldürülüb, təxminən 250 nəfər girov götürülüb.
Lakin indi onun qarşısında özünün də "dünyanın ən çətin beynəlxalq münaqişəsi" adlandırdığı Ukrayna müharibəsi dayanır.