İranlı jurnalist Zeynəb Rəhimi iki ildən çoxdur məcburi hicabı taxmır, həbs olunma riskini bilə-bilə. O, ictimai yerlərdə başını örtməyib ölkənin teokratik sisteminə açıq meydan oxuyan qadın və qızlardan biridir.
"Qadınların istədikləri kimi geyindiklərini, saçlarını açdıqlarını görmək xoşuma gəlir. Ölkəmizdə bunu illərlə görməmişdik", – Rəhimi AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) İranın paytaxtı Tehranın küçələrindəki dəyişiklikdən danışır.
"İnsan daim bürünmək məcburiyyətində qalmayanda hər şey daha da gözəlləşir, özəlliklə də bu səni həmişə hiddətləndiribsə", – 22 yaşlı jurnalist söyləyib.
Dönüş nöqtəsi
2022-ci ildə Məhsa Əmininin guya hicab qaydasını pozduğu üçün saxlanıldıqdan sonra polis nəzarətində ölməsi ölkədə hakimiyyətə qarşı etirazlara səbəb oldu və bu, hicab məsələsində dönüş nöqtəsinə çevrildi.
Etirazların önündə qadınlar gedirdi. Onlardan bəziləri hicablarını çıxarıb yandırırdı. Bəzi etirazçılar ruhani idarəçiliyinə son qoyulmasını tələb edirdilər.
Etirazlardan sonra hökumət hicab qaydalarının tətbiqini sərtləşdirməyə çalışdı. İranda hicab 1979-cu ildə İslam inqilabından sonra məcburi sayılıb.
Ötən il sərt xətt tərəfdarı deputatlar hicaba nəzarəti gücləndirən, qaydanı pozanlara uzunmüddətli həbs cəzası, yüksək məbləğdə cərimə nəzərdə tutan qanun qəbul etdilər. Amma narazılıqların yenidən baş qaldırmasından çəkinən Ali Milli Təhlükəsizlik Şurası "Hicab və İffət" qanununun icrasını dayandırdı.
Bu ay İranın ali dini liderinə məsləhət verən Məşvərət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, yeni hicab qanununu yerinə yetirmək mümkün deyil. Onun sözlərinə görə, hazırda məcburi hicab qanunu faktiki qüvvədə deyil.
Bu açıqlama sərt xətt tərəfdarlarını narazı salsa da, böyük şəhərlərdə hökumətin hicaba nəzarəti yumşaltdığını ortaya qoydu.
Dönüşü olmayan dəyişikliklər
"Radio Fərda" İranın yeddi şəhərindən 12 qadınla danışıb. Onlar son illər küçələrdə, kafelərdə və restoranlarda hicab taxmayan qadınların sayının artdığını bildiriblər.
İranlı jurnalist Z.Rəhiminin sözlərinə görə, qadınların hicabdan tədricən uzaqlaşıblar. O deyib ki, 2022-ci il etirazlarından sonra hicab taxmayan qadınlar baş örtüyünü çantalarında daşıyırdılar, yaxud çiyinlərinə salırdılar ki, birdən əxlaq polisi yaxınlaşar.
"İndi qadınlar küçəyə tamamilə baş örtüksüz çıxırlar. Hicab taxmırlar, heç çiyinlərində, çantalarında da gəzdirmirlər", – Rəhimi deyib.
Amma o, xeyli sayda qadının hökumətin cəzasından qorxaraq hicab taxmağa davam etdiyini də söyləyib.
Ən çox böyük şəhərlərdə hicab qaydasına əməl olunmadığı görünür. Ancaq kiçik şəhər və qəsəbələrdə də qadın hüquqları ilə bağlı durum dəyişir.
Cənub-qərbdə yerləşən Yəsuc şəhərindən adının çəkilməsini istəməyən bir qadın deyib: "Yəsucda hicabsız çölə çıxan qadınların sayı Tehrandakından xeyli azdır, amma yerli sakinlər bu qadınları cəsur sayırlar".
Bir çox iranlı qadın bu dəyişikliyin qalacağını düşünür.
"Bu dəyişiklik ləğv oluna, nəzarət altına alına bilməz. Amma bu o demək deyil ki, hökumət hicabla bağlı mövqeyini dəyişib", – Tehranda yaşayan, İran qadınlarının mübarizəsini sənədləşdirmiş rejissor Müjqan İlanlu "Radio Farda"ya bildirib.
İlanlu əlavə edib ki, hökumət qadınların əzmi qarşısında geri çəkilməyə məcbur olub.
"Hakimiyyət bilir ki, müqavimət göstərsə, bu ona ağır başa gələ, ciddi zərbə vura bilər", – deyə o bildirib.