ABŞ, Misir, Türkiyə prezidentləri və Qətər əmiri İsrail ilə HƏMAS arasında vasitəçi kimi Qəzza zolağında müharibənin dayandırılması haqqında saziş imzalayıblar.
"Həmişə deyirdilər ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlayacaq, amma bu, baş verməyəcək", - ABŞ prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində bildirib. O, imzalanmış sazişi "tarixi" adlandırıb. "Nəhayət, Yaxın Şərqə sülh gəldi", - Tramp əlavə edib.
Sammitdə Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə və bir sıra Avropa, ərəb və islam ölkələrinin liderləri iştirak edib. Rusiya dəvət olunmayıb.
İsrailin baş naziri Benyamin Netanyahu dəvət alsa da, Simxat-tora yəhudi bayramını əsas gətirərək imtina edib.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas sammitə qatılıb.
Şarm əl-Şeyx sammitində nə İsrail, nə də HƏMAS təmsil olunub.
Tramp çıxışında qeyd edib ki, döyüşlər nəticəsində ciddi şəkildə dağıdılmış "Qəzza zolağının bərpası dövrü başlayır". Misir prezidenti ölkəsinin bu məsələ ilə bağlı beynəlxalq konfrans keçirəcəyini təsdiqləyib. Sammitin yekunlarına dair heç bir razılaşma elan olunmayıb. Tramp oktyabrın 13-ü axşam Misiri tərk edib.
Sentyabrın sonunda ABŞ münaqişəyə son qoymaq üçün 20-bəndlik planını təqdim edib. Bunlardan birincisi artıq yerinə yetirilib: HƏMAS israilli girovları, İsrail isə fələstinli məhbusları azad edib.
Amma, hələlik, nə İsrail, nə də HƏMAS Trampın sülh planının bütün bəndləri ilə razılaşıb. Qəzza zolağını kimin idarə edəcəyi, HƏMAS-ın tərksilah olunub-olunmayacağı müəyyən edilməyib, Fələstin ərazilərinin taleyi ilə bağlı digər məsələlər də həllini tapmayıb.
HƏMAS İsrailin silahların təhvil verilməsi ilə bağlı tələblərini rədd edib.
Sağ qalan 20 israilli girovun hamısı azad edilib
ABŞ və Avropa İttifaqında terrorçu qruplaşma kimi tanınan HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı tutulanlardan son sağ qalan 20 israilli girovu azad edib. Girovların azad edilməsi ABŞ prezidenti Donald Trampın hücumdan sonra Qəzzada müharibəyə son qoymaq planının bir hissəsidir. Sülh planının həyata keçirilməsi ilə bağlı əlavə addımlar bu gün Misirdə keçirilən konfransda müzakirə olunmalıdır.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir.
Xatırlatma
Bir vaxtlar Britaniya mandatı altında olan Fələstin ərazisində yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətlərinin yaradılması BMT qətnamələrində də nəzərdə tutulub. İsrail 1948-ci ildə müstəqilliyini elan edib, 1967-ci ildən sonra İordan çayının Qərb sahilini və Qəzza zolağını nəzarətə götürüb. Bundan sonra qurulan Fələstin Milli Administrasiyası yalnız Qərb sahilinin bir hissəsini idarə edir.
2007-ci ildən Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı, İsraillə müharibə vəziyyətində olan HƏMAS qruplaşması hakimiyyətdədir.