İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının kürsüsündən ölkəsinin Fələstin dövlətinin yaradılması ehtimalını qəti şəkildə rədd etdiyini açıqlayıb. Onun sözlərinə görə, belə bir perspektiv İsrailin təhlükəsizliyinə təhdiddir və onun milli maraqlarını sarsıdır.
Netanyahu vurğulayıb ki, ABŞ və Avropa İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS-a qarşı hərbi əməliyyatlar ondan gələn təhlükə tamamilə aradan qaldırılana qədər davam etdiriləcək.
Baş nazirin çıxışı Fransa, Böyük Britaniya və bir sıra digər ölkələrin Fələstini müstəqil dövlət kimi tanımasından az sonraya təsadüf edib. Bu qərarı "utancverici damğa" adlandıran Netanyahu deyib: "Bu həftə Fələstin dövlətini tanıyan liderlərin fələstinlilərə hansı mesajı göndərdiyini bilirsinizmi? Bu, çox açıq siqnaldır: yəhudilərin öldürülməsi bəhrəsini verir".
"İsrail sizə ona terror dövlətini sırımağa icazə verməyəcək. Xarici təzyiqlərə baxmayaraq, özümüzü və gələcəyimizi qoruyacağıq", - Netanyahu əlavə edib.
İran nümayəndə heyəti bu ilin iyununda İrana hava zərbələri nəticəsində həlak olanların fotolarını masaya düzərək İsrail baş nazirinin çıxışını boykot edib. Netanyahunun çıxışı zamanı bir neçə nümayəndə heyəti BMT Baş Assambleyasının iclasını nümayişkaranə tərk edib. İsrail baş nazirinin müharibə cinayətləri ittihamı ilə həbs edilməsi tələbi ilə BMT binası qarşısında nümayişlər keçirilib.
25 sentyabr
Tramp: İsrailin Qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm
ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də deyib ki, İsrailin baş naziri Benyamin Netanyahuya İordan çayının Qərb sahilini ilhaq etməyə icazə verməyəcək.
"İsrailin Qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm... Artıq yetər. Dayanmaq vaxtıdır", – deyən Tramp bu məsələni birbaşa Netanyahu ilə müzakirə etdiyini əlavə edib.
Netanyahu hökuməti bu ayın sonunadək Qərb sahilinin böyük hissələrini anneksiya etməyi nəzərdən keçirir.
Bugünlərdə isə bir neçə Qərb ölkəsi Fələstin dövlətini tanıyıb. İfrat-sağçı israillilər bu prosesi dayandırmaq üçün ilhaqa çağırış edirlər.
"İbrahim sazişləri"nə ziyanı dəyər
Böyük Britaniya və Almaniya İsraili ilhaqdan çəkindirdiklərini bildiriblər. BMT-nin baş katibi Antonio Quterreş isə BMT-də çıxışından bu addımı "əxlaqi, hüquqi və siyasi baxımdan qəbuledilməz" adlandırıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tramp administrasiyasına bildirib ki, İsrailin ilhaq addımları "İbrahim sazişləri"nə ziyan vurar. Bu sazişlər İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşmasını nəzərdə tutur və Trampın birinci prezidentlik dönəmində əsas xarici siyasət uğurlarından sayılır.
Tramp bu həftə bir sıra dünya liderləri ilə görüşüb, Qəzzadakı müharibəni dayandırmaq üçün planına dəstək istəmişdi. "Axios" yazır ki, ərəb liderləri Trampa planı dəstəkləmək üçün bir neçə şərt irəli sürüblər, bunlardan biri də İsrailin Qərb sahili və ya Qəzzanın hər hansı hissəsini ilhaq etməyəcəyinə dair öhdəlik götürməkdir. Tramp da belə bir addımın qarşısını alacağını deyib.
Tramp sazişin yaxın olduğunu deyir
Tramp sentyabrın 25-də Netanyahu və ərəb liderləri ilə Qəzza barədə yaxşı telefon söhbəti olduğunu, yaxın vaxtlarda razılaşmanın əldə oluna biləcəyini söyləyib.
Sentyabrın 29-da Netanyahunun Ağ evdə Tramp ilə görüşəcəyi, Qəzzada atılacaq növbəti addımları müzakirə edəcəyi gözlənilir. Netanyahu bu gün – sentyabrın 26-da BMT Baş Assambleyasında çıxış etməlidir.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas sentyabrın 25-də BMT Baş Assambleyasına videobağlantı ilə müraciət edib. O, İsrail və Fələstin arasında sülh planının gerçəkləşməsi üçün dünya liderləri ilə əməkdaşlığa hazır olduğunu deyib. Bu plan bazar ertəsi Fransa tərəfindən açıqlanmışdı.
ABŞ 89 yaşlı Abbasın Nyu-Yorka getməsinə icazə verməyib.
Vaşinqton Fələstinin tanınmasına qarşı çıxır, belə bir addımı HƏMAS-a "mükafat" sayır. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu qruplaşma sayır.
Abbas isə çıxışında deyib ki, "HƏMAS idarəetmədə heç bir rol oynamayacaq".
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.