Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 17-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib.
"Reuters" Zelenskiyə istinadla yazır ki, o, Trampla Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyi, uzaqmənzilli silahların tədarükünü müzakirə edəcək. Bu kontekstdə "Tomahawk" raketlərinin adı hallanır. Tramp onların Ukraynaya verilməsini istisna etməyib, deyib ki, Rusiya müharibəni dayandırmasa, bu, mümkün ola bilər.
Ağ ev, hələlik, açıqlama verməyib. Zelenski və Tramp son iki gündə iki dəfə telefonla danışıblar.
Zelenski oktyabrın 10-da jurnalistlərə deyib ki, Tramp ilə söhbətində Ukraynanın Rusiyanı sülhə vadar etmək üçün ABŞ-dən nə qədər "Tomahawk" qanadlı raketi almaq istədiyi barədə fikirlərini bölüşüb.
Moskva dəfələrlə bəyan edib ki, "Tomahawk" raketlərinin mümkün tədarükü təhlükəli eskalasiya yaradar, Rusiya-ABŞ münasibətlərinə ciddi ziyan vurar. Rusiyadan bəzi rəsmilər bu raketlərdən istifadənin nüvə cavabı ilə nəticələnə biləcəyinə eyham vurublar, çünki bu qanadlı raketlər nüvə silahı daşıya bilər.
Bundan öncə ABŞ-yə Ukraynanın yüksək vəzifəli rəsmiləri göndərilib. Ancaq mümkün Tramp-Zelenski görüşü haqda məlumat verilməyib.
13 oktyabr
Tramp deyir ki, Rusiya müharibəyə davam edərsə, Ukraynaya 'Tomahawk' verilə bilər
ABŞ prezidenti Donald Tramp deyir ki, Rusiya Ukraynaya qarşı müharibəni bitirməsə, Kiyevin "Tomahawk" uzaqmənzilli qanadlı raketləri əldə etməsinə icazə verə bilər. O, İsrailə gedərkən təyyarədə jurnalistlərlə söhbətində belə deyib. Rusiya prezidenti Vladimir Putin isə bunun böyük eskalasiya ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Tramp bu məsələni öncə Rusiya ilə müzakirə etmək niyyətində olduğunu deyib.
"Ukrayna "Tomahawk" əldə etmək istəyir. Ona (Putinə) deyə bilərəm ki, müharibə bitməsə, bunu edə bilərik", – Tramp deyib.
"Onlar istəyirlərmi "Tomahawk"lar onlar tərəfə uçsun? Məncə, yox", – Tramp əlavə edib.
Vaşinqton bu raketləri Kiyevə birbaşa verməyə, NATO-ya təklif edə, onlar isə pulunu ödəyərək Ukraynaya göndərə bilər.
"Tomahawk" raketləri 2 min 500 kilometri əhatələmək, Rusiyanın dərinliklərini, paytaxt Moskvanı belə vurmağa qadirdir.
Putin oktyabrın 2-də deyib ki, bu raketlərin verilməsi Vaşinqtonla Moskva arasında "eskalasiyanın tamamilə yeni mərhələsi" olar. Amma o, raketlərin ölkəsinə böyük təhdid yaratmayacağını da iddia edib.
Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə oktyabrın 12-də ikinci telefon söhbətində bu raketləri müzakirə etdiyini təsdiqləyib.
Zelenski isə deyib ki, Moskvadan gələn siqnallar Rusiya rəhbərliyində "Tomahawk"ların sülh danışıqlarında Kiyevin mövqeyinin güclənəcəyi sarıdan qorxusunu göstərir.
Son bir həftədə Moskva Ukraynaya 3 min 100 dron, 92 raket, 1360 qanadlı bomba ilə hücum edib. Bunu Zelenski X platformasında yazıb.