Oktyabrın 17-də İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toyundan sızdırılmış video sosial mediada sürətlə yayılıb. Ölkədə qadınlara qarşı sərt məhdudiyyətlərə birbaşa nəzarət edən Şamxaninin qızının sinəsi açıq gəlinlikdə görüntülənməsi tənqidlərə səbəb olub.
Bu ilin aprelində keçirildiyi deyilən toyda Şamxani qızını zala gətirir. Videoda onun həyat yoldaşı da müasir mavi rəngli paltardadır.
"The New York Times" qəzetində Fərnaz Fassihi yazır ki, bu video bir çox səbəblərdən İranda siyasi sinfin və ictimaiyyətin əsəblərinə toxunub.: "Bu, əksər iranlıların gündəlik dolanışıqda çətinliklə üzləşdiyi, bir çox gəncin evlənməyə maddi imkanı olmadığı bir vaxtda sərvətin nümayişidir; mühafizəkar islam dəyərlərinə sayğısızlıq kimi qəbul edilir; eləcə də, atanın gəlinlə birlikdə zala daxil olması Qərb tərzi toy ənənələrini əks etdirir, İranda gəlinlə bəy zala birlikdə girir".
Bəzi siyasi təhlilçilər Şamxaninin istefa verməli, ictimai üzr istəməli olduğunu deyirlər. İranda bir siyasi nəşrin redaktoru Əmir Hüseyn Musalla sosial mediada yazıb ki, bu video rejimin özünün dəstəklədiyi qanunlara inamının olmadığını, yalnız əhalinin "miskin" həyat sürməsini istədiyini göstərir.
Ə.Şamxani yeni yaradılmış Milli Müdafiə Şurasında Əli Xameneinin müşaviridir. İyuladək o, İran Ali Milli Təhlükəsizlik Şurasının sədri idi. Vaxtilə müdafiə naziri postunda olub.
O, X hesabında toy qalmaqalına "Lənətə gələsiz, mən hələ sağam!" deyə cavab verib.
Mühacirətdə yaşayan fəal Məsih Əlinejad X hesabında yazıb ki, Şamxaninin qızı dəbdəbəli toyunda açıq paltar geyindiyi vaxtda İranda qadınları saçlarını göstərdiyinə görə döyürlər.
İslam İnqilab Keşikçiləri Korpusuna bağlı "Tasnim" xəbər agentliyi də Admiral Şamxanini tənqid edib. Amma onun tərəfdarları deyirlər ki, siyasətçi rəqiblərinin qarayaxma kampaniyası ilə üzləşib, toyda yalnız qadınlar iştirak edib.
İranda hicab 1979-cu ildə İslam inqilabından sonra məcburi sayılıb. Amma son vaxtlar İranda hicabsız gəzən qadınların çoxaldığı xəbərləri gəlir.
2022-ci ildə Məhsa Əmininin guya hicab qaydasını pozduğu üçün saxlanıldıqdan sonra polis nəzarətində ölməsi ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub. Ötən il sərt xətt tərəfdarı deputatlar hicaba nəzarəti gücləndirən, qaydanı pozanlara uzunmüddətli həbs cəzası, yüksək məbləğdə cərimə nəzərdə tutan qanun qəbul etdilər. Amma narazılıqların yenidən baş qaldırmasından çəkinən Ali Milli Təhlükəsizlik Şurası "Hicab və İffət" qanununun icrasını dayandırıb.
Bu ay İranın ali dini liderinə məsləhət verən Məşvərət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, yeni hicab qanununu yerinə yetirmək mümkün deyil. Onun sözlərinə görə, hazırda məcburi hicab qanunu faktiki qüvvədə deyil.
Bu açıqlama sərt xətt tərəfdarlarını narazı salsa da, böyük şəhərlərdə hökumətin hicaba nəzarəti yumşaltdığını üzə çıxarıb.