Türkmənistanda hamilə qadın prezident Sərdar Berdiməhəmmədovun kortejinə görə avtomobildə vəfat edib. Bu barədə AzadlıqRadiosunun türkmən xidməti mənbələrə istinadla məlumat yayıb.
Hadisə ötən həftə, oktyabrın 15-də baş verib. Berdiməhəmmədov həmin gün Türkmənabad şəhərində Niyazov adına kimya zavodunda mineral gübrələrin istehsalı kompleksinin təməlqoyma mərasiminə qatılıb. Şəhərdə küçələr bağlanıb, nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırılıb.
Polisdəki mənbənin bildirdiyinə görə, qadının həyat yoldaşı diz çökərək yolu bağlamış təhlükəsizlik qüvvələrindən onları buraxmağı xahiş edib: "Onları buraxmayıblar. Ona deyiblər ki, "ara küçələrlə rayon xəstəxanasına gedin". Xəstəxanaya gedəndə qadın onun qollarında keçinib. Xəstəxanaya çatanda isə həkimlər ona deyiblər ki, "gecikmisiz", dərhal da polis çağırıblar".
Onun dediyinə görə, hadisədən bir gün sonra təhlükəsizlik xidməti əməkdaşı qadının həyat yoldaşı ilə danışıb, ona bu haqda heç yerdə danışmamağı əmr edib: "İnsidentin ardınca təhlükəsizlik qüvvələri ailənin evini mühafizə edir. Həyat yoldaşı prezidentə şikayət edəcəyini, ədalət tələb edəcəyini, hadisə barədə mediaya, BMT-yə xəbər verəcəyini bildirib. O vaxtdan təhlükəsizlik orqanlarının əməkdaşları onun evinə gəlib hədələyiblər".
"Ene Mıhri" perinatologiya və ginekologiya mərkəzindəki mənbə bildirib ki, S.Berdiməhəmmədovun səfəri günü Türkmənabadda, demək olar, bütün yollar bağlanıb: "Təhlükəsizlik qüvvələri hətta xəstəxananın dayanacağından təcili yardım maşınlarının çıxmasına belə imkan vermirdi. Həmin gün təcili yardım çağıran şəhər sakinləri tibbi yardım ala bilməyib".