Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə barışdımı? Dekabrdakı təyyarə qəzasının yaratdığı gərginlik oktyabrın 9-da Düşənbə görüşündə səngiyən kimi göründü. Putin Əliyevə birbaşa üzrxahlıq etməsə də, təyyarəni Rusiyanın havadan müdafiə sisteminin vurduğunu etiraf etdi, qurbanların ailələrinə kompensasiya veriləcəyini bildirdi.
"Eurasianet" portalı yazır ki, Əliyevlər ailəsinin çoxdankı müttəfiqinin dövlətə xəyanət ittihamı ilə saxlanması Bakının Kreml ilə əlaqələri sarıdan yeni suallar yaradır.
Əlaqəyə birinci kim keçib?
Hakimiyyətyönlü APA agentliyinin yazdığına görə, Ramiz Mehdiyev Rusiyadakı kontaktları ilə əlaqə quraraq Əliyevi devirməyə çalışıb. Üstəlik, informatorun da elə Putin olduğu iddia edilir.
"Rəsmi versiyada deyilir ki, Mehdiyev çevriliş ideyasını Rusiyadakı kontaktları ilə müzakirə edib. Amma Azərbaycanı çoxdan izləyən müşahidəçilər sual edirlər ki, bəlkə, Moskva Mehdiyevlə əlaqə saxlayıb, amma sonradan çevrilişin alınmayacağını görüb onu ələ veriblər", – məqalədə deyilir.
"Eurasianet" onu da qeyd edir ki, Putinin bu gizli planı Əliyevə açıqlaması rəsmi məlumatda dostcasına bir jest kimi yozulur. Amma burada təhdidləyici çalar da var, yəni, Əliyev rejiminin düşündüyü qədər sabit olmadığını, ən yaxın müttəfiqlərin belə xəyanət edə biləcəyini göstərir: "Bu, Putinin Əliyevə verdiyi bir mesaj da ola bilər: Rusiyadan çox uzaqlaşma, rejimin qorunacaq".
Məqalədə deyilir ki, Əliyev təyyarənin vurulmasından sonra siyasi qələbə qazanmış kimi görünsə də, indi sanki Rusiya qarşısında müdafiə mövqeyindədir. Yəni Putin ona heç də bütün kartların əlində olmadığını göstərdi. Özəlliklə, bundan sonra Yerevanla sülh prosesinin gedişatı, Orta Dəhliz ticarət yolunun genişləndirilməsi yönündə Bakının addımlarını izləməyə dəyər.
TRIPP – Orta Dəhlizin vacib seqmenti
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi ilə bir araya gəliblər. Sülh sazişi paraflanıb. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir.
Prezident Əliyevin sözlərinə görə, TRIPP "Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək, Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə... xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq".
Oktyabrın 14-də Prezident Administrasiyasına 24 il rəhbərlik etmiş R.Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı-qətimkan tədbiri seçildiyi deyilir. R.Mehdiyev cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamada ittiham olunur. Onun özünün ittihamlara münasibəti bəlli deyil.