İran Məşvərət Şurasının üzvü Məhəmmədrza Bahonər hicab qanunu ilə bağlı dediklərinə görə mühafizəkarların tənqidi ilə üzləşib.
O, hicab qanununu qüvvədə saxlamağın artıq mümkün olmadığını açıqlayıb. Radikal fundamentalistlər isə onu islam qanununa qarşı çıxmaqda ittiham ediblər.
"Hicabın məcburiliyi haqqında qanun məcburi deyil və Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmədən sonra parlamentdə qəbul edilən "Əxlaq və hicab" qanununun qüvvəsi dayandırılıb", – oktyabrın 3-də M.Bahonər deyib.
AzadlıqRadiosunun fars xidməti yazır ki, bu açıqlamanı İslam Məşvərət Şurasındakı radikal fundamentalistlər, islam respublikasının propaqanda qurumları kəskin tənqid edib.
"Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bahonərin "məcburi hicab" ifadəsini işlətməsini tənqid edib. Onun sözlərinə görə, "bu termini islam və inqilab düşmənləri hicabı lazımsız və azadlığa qarşı göstərmək məqsədilə uydurub və istifadə edib".
O əlavə edib ki, Milli Təhlükəsizlik Şurası hicab qanunu ilə bağlı qərar verməyib.
Ən kəskin reaksiyalardan biri parlamentin mədəniyyət komissiyasının nümayəndəsi Əhməd Rastinədən gəlib. O, açıq şəkildə prokurorluğa Bahonərlə bağlı işə qarışmağı tələb edib.
Bu ilin mayında İran mətbuatının dərc etdiyi qanun layihəsinin mətninə əsasən, qanunu pozanlara cərimə və sosial hüquqlardan məhrum etmədən tutmuş, 3 ilədək həbsə qədər tədricən sərtləşdirilən cəzaları nəzərdə tutur. Sosial şəbəkələrdə hicab əleyhinə kampaniya aparanların da cəzalandırılacağı bildirilir.
İranda 1979-cu il islam inqilabından sonra ölkədə qadınlar üçün baş örtüyü tələbi qoyulub. Amma zaman-zaman ölkədə etirazlar vaxtı qadın və qızlar baş örtüklərini çıxarıblar, hicabın yandırılması halları da olub.
2022-ci ildə hicab qanununu pozduğuna görə həbsə atılan Məhsa Əmininin məhbəsdə ölməsi ölkədə görünməmiş nümayişlər doğurub. Hakimiyyətin etirazçılarla qəddar davranışı yüzlərlə insanın ölümünə, minlərlə etirazçının həbsinə yol açmışdı.
"Qadın, həyat, azadlıq" hərəkatından bəri İranda çox sayda qadınlar və qızlar hicab qaydasına riayət etmirlər, təhlükəsizlik əməkdaşları isə bunlara sərt reaksiya verirlər. Amma ölkədə baş örtüsüz mərasimlərin, toplantıların keçirilməsi haqda da məlumatlar gəlir.