Ukrayna dronlarının Volqoqrad vilayətinin Kotovo şəhərinə hücumundan sonra qaz emalı zavodunda yanğın başlayıb. Yanğın peyk görüntülərində də müşahidə olunub.
Yerli hakimiyyət orqanları yanacaq emalı və enerji obyektlərində yanğınların baş verdiyini təsdiqləyib.
Xəsarət alanlar barədə məlumat verilməyib. Korobkov zavodu Cənub Federal Dairəsində təbii qazın emalı üzrə ən iri müəssisə sayılır. Zavod benzin, maye qaz və sənayenin müxtəlif sahələri üçün xammal istehsal edir.
Rusiya Müdafiə Nazirliyi səhər saatlarında ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 19 dronun vurulduğunu bildirib. Volqoqrad vilayəti üzərində 10 dron zərərsizləşdirilib.
Volqoqrad, Saratov və Samara aeroportlarının işinə məhdudiyyətlər qoyulub.
6 oktyabr
Zelenski: Putin Qərbi ələ salır
Ukrayna prezidenti Volodimir Zelenski ötəngecəki videoçıxışında Ukraynaya hücumlara beynəlxalq reaksiyanın olmamasını tənqid edib.
O deyib ki, zərbələrin miqyasının artmasına baxmayaraq, "dünya buna layiqli və güclü cavab vermir".
"Məhz buna görə də (Rusiya prezidenti Vladimir) Putin Qərbi, onun susqunluğunu, güclü reaksiyanın olmamasını sadəcə ələ salır", – o əlavə edib.
Oktyabrın 5-də səhər Ukraynanın Polşa ilə sərhəd yaxınlığındakı Lvov vilayətinə Rusiyanın zərbələri Polşa və NATO müttəfiqlərini qırıcı təyyarələri səfərbər etməyə, quru qüvvələrini hazırlıq vəziyyətinə gətirməyə vadar edib.
"Rusiya məcbur edilməsə..."
Zelenski 5 oktyabr zərbələrindən azı beş nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını deyib. Ayrı-ayrı hücumlara azı 50 raket, 500-dək dron cəlb olunub.
Ukrayna prezidenti deyib ki, ABŞ və Avropa İttifaqı "Putini dayanmağa məcbur etmək üçün hərəkətə keçməlidir".
Zaporojye şəhərinə hücumda bir qadın öldürülüb, doqquz nəfər yaralanıb. Azı 73 min nəfərin işıqsız qaldığı xəbər verilib.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas hücumları qınayıb. O deyib ki, Rusiya "uğursuz yay hücumunu Ukrayna mülki vətəndaşlarına və infrastrukturuna terror hücumları ilə ört-basdır etməyə çalışır".
Kallas vurğulayıb ki, "Aİ gərəkdiyi müddətcə Ukraynaya dəstəyini davam etdirəcək: növbəti sanksiyalar paketini yekunlaşdıracaq, maliyyələşdirməni təmin edəcək, silah tədarük edəcək".
"Rusiya məcbur olunmayınca dayanmayacaq", – Kallas oktyabrın 5-də sosial şəbəkədə yazıb.
Putinin xəbərdarlığı
Putin isə xəbərdarlıq edib ki, ABŞ Ukraynaya uzaqmənzilli "Tomahawk" raketləri verərsə, bu, Moskva ilə Vaşinqtonun münasibətlərinə ziyan vurar.
"Bu, bizim münasibətlərimizi, azından son vaxtların pozitiv meyllərini məhv edər", – Putin oktyabrın 5-də Rusiya dövlət televiziyasında yayımlanan videoda deyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens sentyabrda demişdi ki, Vaşinqton Ukraynanın "Tomahawk" raketləri ilə bağlı müraciətini nəzərdən keçirir. Amma bu barədə yekun qərarın verilib-verilmədiyi bilinmir.
2 min 500 kilometr məsafəni qət edə bilən "Tomahawk" raketləri Ukraynaya verilsə, Kiyev bu raketlərlə Rusiya ərazisinin böyük hissəsini, o cümlədən Moskvanı vura bilər.
Rusiyanın bəzi bölgələrində, Krımda obyektlər vurulub
Ukrayna oktyabrın 6-na keçən gecə Rusiyanın bir neçə bölgələrinə, eləcə də ilhaq olunmuş Krımda müxtəlif obyektlərə hücum edib.
Rusiyanın bir sıra şəhərlərində Ukrayna dronlarının məhv edildiyi və hava məkanının bağlandığı açıqlanıb. Belqorod və Voronej vilayətləri, Krım üzərində dronlar vurulub.
Tombov, Nijni Novqorod, Yaroslavl, Kaluqa, Krasnodar, Soçi və Gelencik aeroportlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Stavropol diyarında dron təhlükəsi elan edilib.
Moskva meri Sergey Sobyanin paytaxta doğru gələn dronun vurulduğunu deyib.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-da səhər bildirib ki, ötən gecə hava hücumundan müdafiə sistemləri 15 regionda, o cümlədən Krımda, Azov və Qara dəniz akvatoriyalarında ümumilikdə 251 təyyarə tipli dronu məhv edib.
Partlayıcı maddələr zavodu yerləşən Dzerjinsk və yaxınlıqdakı Nijni Novqorod şəhəri üzərində partlayışlar olub. Rusiyanın "Shot" Telegram kanalı yazır ki, şahidlər bu partlayışların Ukrayna dronlarının vurulması ilə bağlı olduğunu bildiriblər.
Ukraynanın Telegram kanalları oktyabrın 6-da Dzerjinsk və Nijni Novqorodda çəkildiyi iddia edilən videolar paylaşıb. Videolarda səmada partlayışlar və yanğın görünür.
Yerli hakimiyyət, hələlik, şərh verməyib.
Krımın cənub-şərqində yerləşən Feodosiyada neft bazasında yanğın başladığı bildirilir.
Bryansk vilayətinin sakinlərinə oktyabrın 5-də axşam raket təhlükəsi xəbərdarlığı edilib. Yerli Telegram kanallarına görə, xəbərdarlıqdan sonra Klinets şəhərindəki istilik elektrik stansiyası yanmağa başlayıb.
Ötən axşam Ukrayna qüvvələrinin Belqorod şəhəri və ətrafına hücumu nəticəsində elektrik təchizatı ciddi zədələnib, təxminən 40 min nəfər işıqsız qalıb. Vilayət qubernatoru Vyaçeslav Qladkov beş nəfərin xəsarət aldığını qeyd edib.