Keçid linkləri

2025, 09 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Qubad İbadoğlunun qardaşı hakim önünə çıxarılıb


Qalib Toğrul
Qalib Toğrul

Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının məhkəməsi başlanıb. Onlardan "İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi İdarə Heyətinin sədri Qalib Bayramov (Toğrul) oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Məhkəmənin hazırlıq iclasında Q.Bayramovun vəkili Zibeydə Sadıqova onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, müvəkkilinə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamının verildiyini, ancaq heç bir sübut-dəlilin ortaya qoyulmadığını deyib: "Qalib Bayramov iqtisadçıdır, ekspert kimi fəaliyyət göstərib. Xidməti müqavilə əsasında hesabatlar hazırlayıb. Müqavilələri də özü təqdim edib. Burada hansı çirkli puldan, cinayət yolu ilə əldə edilmiş vəsaitdən söhbət gedir?".

Prokuror Eldar Həmzə hələ məhkəmənin hazırlıq mərhələsi olduğunu, araşdırma aparılmadığını əsas gətirərək vəsatətin baxılmamış saxlanmasını təklif edib.

Məhkəmə də vəsatəti baxılmamış saxlayıb.

Q.Bayramov haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Məhkəmə bu qətimkan tədbirinin məhkəmə sürən müddətdə də qüvvədə saxlanmasına qərar verib.

Onun işi üzrə məhkəmə baxışı oktyabrın 22-nə təyin edilib.

Daha iki şəxsin məhkəməsi başlanır

"QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından oktyabrın 9-da "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının, oktyabrın 13-də isə qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın məhkəməsi başlanır.

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər.

'İstəyirlər ki, heç bir institut qalmasın' - Seçkini izləyən QHT liderləri niyə həbsdədirlər?
Gözlə

No media source currently available

0:00 0:08:12 0:00

Baş Prokurorluğun İstintaq İdarəsində "QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlanıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olunub. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı isə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, hazırda ölkədən kənarda olan Sosial Hüquqlar Mərkəzi rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Məhkəməsi başlayanlardan Q.Bayramov hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda suçlanıb. İstintaqın gedişində ona dini ekstremist materialları hazırlama, saxlama, yayma maddəsiylə ittiham verilsə də, özü ittihamları qəbul etməyib. Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

N.Muxtarova isə AzadlıqRadiosunun hazırda 9 il həbs cəzası çəkən jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həyat yoldaşıdır. O, "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə təqsirli bilinib. F.Mehralızadə və bu cinayət işi üzrə həbs olunmuş digər jurnalistlər ittihamları qəbul etmir, araşdırmaçı və tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlatma

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat rəhbəri həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.

XS
SM
MD
LG