Keçid linkləri

2025, 10 Oktyabr, Cümə, Bakı vaxtı 00:53

Putin Əliyevə AZAL təyyarəsi yaxınlığında partlayan iki raketdən danışıb


Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsinin vurulduğunu etiraf etdi

Bu gün, oktyabrın 8-də Tacikistan paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putinin görüşü olub.

Putin Əliyevlə görüşə AZAL təyyarəsinin qəzasından başlamağı təklif edib. O, qəzanı səmada olan Ukrayna dronu ilə əlaqələndirib. Deyib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin buraxdığı iki raket birbaşa təyyarəyə dəyməyib, bir neçə metrliyində partlayıb: "Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç dronu "müşayiət edirdik". İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır".

Rusiya prezidentinin sözlərinə görə, təyyarənin ekipajına Mahaçqalada eniş təklif olunub, amma onlar baza –əsas hava limanına getmək qərarı veriblər.

Putin qəza ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirib: "Rusiya belə faciəvi hallarda kompensasiyalarla bağlı tələb olunan hər şeyi edəcək".

Rusiya prezidenti Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək".

Əliyev Putinə təşəkkür edib

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İ.Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı V.Putinə təşəkkür edib.

"Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - o, bildirib.

İ.Əliyev habelə deyib ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur: "Siz vurğuladığınız kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib".

+++

Ötən ay Rusiya prezidenti Azərbaycanla münasibətlərdə problemlərin olduğunu etiraf edib. O, Çinə səfərinin yekununda jurnalistlərin suallarını cavablandırarkən deyib: "Ölkələrarası münasibətlərdə hər zaman mövcud vəziyyətdən, siyasi konyunkturadan yaranan suallar olur. Problemlər var, amma bu gün prezident Əliyevlə salamlaşdıq, iki-üç kəlmə danışdıq. Əsaslı münasibətlər və onları inkişaf etdirməyə qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq".

7 oktyabr

Əliyev Putini təbrik etdi

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, o, Rusiya prezidentini doğum günü (1952-ci il oktyabrın 7-i) münasibətilə təbrik edib.

"Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatın sonunda əlavə edilir.

Kremlin sözçüsü Dmitri Peskov bu telefon söhbətini "vacib" adlandırıb.

Xatırlatma

Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm sürüb. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan rəsmiləri vurğulayır ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib.

Bu il iyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah edib. Amma sonradan da Azərbaycan diasporunun bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs ediliblər. Başqa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər. Amma son aylar iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir.

Bir çox təhlilçilər də hesab edir ki, Azərbaycan və Rusiya arasında gərginlik heç də təqdim olunduğu qədər dərin deyil. Onların sözlərinə görə, əksinə, Azərbaycan hakimiyyətində də gerçəkdə Qərb dəyərlərinə məsafəli yanaşma var.

XS
SM
MD
LG