ABŞ-nin Ukraynaya "Tomahawk" qanadlı raketləri göndərməsi ehtimalı azdır. Bunu ABŞ və Britaniya mediası mənbələrə istinadla yazıb. Əvəzində isə Vaşinqton Rusiyanın dərinliklərində neft-qaz sənayesi obyektlərini vurmaq üçün Ukraynaya kəşfiyyat məlumatları verə bilər.
"Reuters" agentliyi yazır ki, "Tomahawk" raketlərinin NATO ölkələrinə verilib oradan Ukraynaya ötürülməsi də real görünmür. Bu raketlərin mövcud ehtiyatları ABŞ Hərbi Dəniz Qüvvələri və digər məqsədlər üçün nəzərdə tutulub. Agentliyin mənbələri 2500 km mənzilli qanadlı raketlərin effektivliyini sual edərək onların verilməsini məqsədəuyğun saymırlar. Mənbələr içində ABŞ administrasiyasının bir rəsmisi də var.
Amma Ukraynaya daha qısamənzilli raketlərin verilməsi istisna olunmur.
Ukrayna prezidenti Volodimir Zelenski isə bu yaxınlarda Donald Trampla görüşdə "Tomahawk" raketlərinin verilməsi məsələsini qaldırıb. Medianın bu barədə yazdığını Kiyev və Vaşinqton da dolayısı ilə təsdiqləyib.
"Reuters"in yazdığına görə, ABŞ prezidenti Trampın Rusiyanın işğal etdiyi əraziləri Ukraynanın geri ala biləcəyinə dair bəyanatı praktik addımlarla nəticələnə bilər. Məsələn, ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturunu vurmağa gərəkən kəşfiyyat məlumatları verər.
"NBC News" və WSJ Vaşinqtonun bu qərara çox yaxınlaşdığını xəbər verir. Bu kəşfiyyat məlumatları Ukraynaya hava hücumundan müdafiə sistemlərinin yerlərini müəyyən etməyə, zərbə marşrutlarını cızmağa kömək edə bilər. Yekun qərar isə Trampdan asılı olacaq.
Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, Ukraynaya "Tomahawk" raketlərinin verilməsi "cəbhədə heç nəyi dəyişməyəcək". Amma o, bu təchizatın ABŞ-Rusiya münasibətlərinə zərər verəcəyini bildirib.
""Tomahawk" raketlərindən ABŞ hərbi qulluqçularının birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil. Bu isə Rusiya və ABŞ arasında münasibətlərdə tamamilə yeni və keyfiyyətcə fərqli bir eskalasiya mərhələsi demək olacaq", – Putin əlavə edib.