Keçid linkləri

2025, 10 Oktyabr, Cümə, Bakı vaxtı 00:12

Putin Tacikistanda. 'Rusiyadan mümkün qədər uzaqlaşmağa çalışırlar'


V.Putini Düşənbə aeroportunda E.Rəhmonun özü qarşılayıb.
V.Putini Düşənbə aeroportunda E.Rəhmonun özü qarşılayıb.

Bu həftə keçmiş sovet ölkələri liderləri Tacikistanda sammitə yığışırlar. Onlar Rusiya lideri Vladimir Putinlə eyni masa ətrafında bu ölkə ilə sıx əlaqələrindən söz açacaqlar. Reallıqda isə çoxu Ukraynanın işğalı başlayandan Moskvadan uzaqlaşıb. Bunu "Bloomberg" yazır.

Məqalədə deyilir ki, vaxtilə Rusiyanın orbitində olan Qazaxıstan, Ermənistan və Azərbaycan indi Çin, Avropa İttifaqı, Türkiyə, hətta Körfəz ölkələri kimi rəqiblərlə əlaqələri dərinləşdirirlər. Onlar Kremlin aqressiyasından özlərini qorumağa çalışırlar.

Müvəqqəti boşluqdan istifadə?

"Karneqi Berlin" Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Qabuyev deyir ki, Moskvadan üzçevirmənin səbəbi qorxudur: "Onlar riskləri gözə alaraq Rusiyadan mümkün qədər uzaqlaşmağa çalışırlar".

Düşənbədə "Orta Asiya – Rusiya sammiti və MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

"Bloomberg" qeyd edir ki, Ukraynadakı təcavüzkar müharibəyə Rusiyanın iqtisadi və hərbi resursları sərf olunur. Kremldə bəziləri Moskvanın mövqeyinin zəifləməsindən narahatdır və bu arada böyük güclər regiona daxil olur. Amma Rusiya siyasi, iqtisadi və hərbi çəkisini də saxlayır, azından bu ölkədə işləyən milyonlarla miqrant öz ölkələrinə pul göndərirlər.

Yaxın Şərq Media Tədqiqatları İnstitutundan Vladislav İnozemtsev isə Rusiyanın təsirinin uzunmüddətli perspektivdə zəifləmədiyini deyir. Məsələn, Qazaxıstan bu yaxınlarda ilk atom elektrik stansiyasının tikintisi üçün konsorsiuma başçılıq etmək üçün Rusiyanın "Rosatom" dövlət korporasiyasını seçib. Tenderə Çin, Fransa və Cənubi Koreya qatılmışdı.

Putin Rəhmona "Taciklər" unikal elmi monoqrafiyanın ilk nüsxəsini hədiyyə edib.
Putin Rəhmona "Taciklər" unikal elmi monoqrafiyanın ilk nüsxəsini hədiyyə edib.

Putin Rəhmona "Tacik dostlar" rəsmini hədiyyə edib, bir də monoqrafiya

"Reuters" isə yazır ki, Ukraynada müharibə davam etdiyi müddətdə Putin ölkəsinin Asiyadakı qonşuları ilə əlaqələrinin inkişafına getdikcə daha çox maraq göstərir. Buraya Çinlə "limitsiz" tərəfdaşlıq, Şimali Koreya ilə əməkdaşlıq daxildir. Pxenyan Ukraynadakı müharibəyə əsgər də yollayıb.

"Putin Orta Asiya ölkələri ilə əlaqələri gücləndirməyə, regionda sabitliyin vaxtaşırı pozulmasını – sərhəd mübahisələrini, rəqib qruplar arasındakı daxili çəkişmələri önləməyə çalışacaq", – agentlik yazır.

1991-ci ildə SSRİ-nin çöküşündən sonra Tacikistanda beş il çəkən vətəndaş müharibəsində on minlərlə insan həlak olub.

2022-ci ildəki Rusiya-Orta Asiya sammitində Tacikistan prezidenti Emoməli Rəhmon Putinə region ölkələrinə yetərincə sayqı göstərmədiyinə görə iradını bildirmişdi. O, Putindən tələb etmişdi ki, Orta Asiya ölkələri ilə "keçmiş Sovet ittifaqının tərkib hissəsi" kimi davranmağı dayandırsın.

"Vedomosti" yazır ki, Düşənbəyə gedən Putin Rəhmona bir rəsm əsəri və tacik xalqının tarixi barədə unikal elmi monoqrafiyanın birinci nüsxəsini təqdim edib. "Taciklər" adlı monoqrafiya cəmi 25 nüsxə ilə nəşr olunub.

Maks Birşteynin "Tacik dostlar" əsərini təqdim edərkən Putin onu "Rusiya, sovet klassikası" adlandırıb.

XS
SM
MD
LG