Tehranın kənarındakı çöllükdə yerləşən bədnam Qərçək həbsxanası İranda repressiyanın simvolu kimi tanınır.
Bir neçə məhbusun ölümündən sonra bu həbsxananı bağlamaq çağırışları yenidən gündəmə gəlib. Qərçək dünyada ən böyük qadın həbsxanalarından sayılır.
Rəsmilər razılaşmasalar da, keçmiş məhbuslar həbsxanada sıxlıqdan, sanitar durumun pisliyindən, adekvat tibbi yardımın olmamasından şikayətlənirlər.
Son bir ayda üç qadın məhbusun ölümü isə tibbi etinasızlıqla əlaqələndirilib.
150-yə yaxın keçmiş məhbus sentyabrın 29-da birgə bəyanat verərək Qərçəkdəki məhbus ölümlərini "sistematik" adlandırıb, həbsxananın bağlanmasını tələb ediblər.
Məhbus həyatına "yararsızdır"
Qərçəkdə məhkum həyatı yaşamış iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, həmin həbsxana məhbus həyatına "yararsızdır".
Sütudə uzun müddətdir ki, bu həbsxananın bağlanması uğrunda mübarizə aparır.
Fotojurnalist və hüquq müdafiəçisi Aliyə Mütəllibzadə bildirib ki, keçmiş məhbuslardan çoxu həbsxanadakı əqrəb və ilanlardan şikayətləniblər.
Mütəllibzadə "Radio Fərda"ya müsahibəsində məhkəmə rəsmilərini, həbsxana rəhbərliyini və tibbi heyəti qadın məhbuslara hörmətsizlikdə suçlayıb. Onun sözlərinə görə, rəsmilər həmin qadınları belə rəftara layiq görürlər.
İyunda İsrail İranla 12 günlük müharibə vaxtı Tehrandakı Evin həbsxanasını bombalayandan sonra onlarla qadın məhbus oradan Qərçək həbsxanasına köçürülüb. İnsan haqları qurumları bildirir ki, Evinin yenidən açılmasına baxmayaraq, həmin qadınların bir çoxu hələ də Qərçəkdə saxlanılır.
Sütudə bunu 2022-ci ildə ölkədəki etirazlarda mühüm rol oynamış qadınların cəzalandırılması kimi qiymətləndirib.
Qərçəkdə bir neçə min məhbusun saxlandığı güman edilir, ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır.
Məhbusların ölümü
Sentyabrın 25-də hüquq müdafiəçisi, bir çox qurumların siyasi məhbus saydığı iranlı fəal Süməyyə Rəşidi Qərçəkdə vəfat edib.
42 yaşlı Rəşidi bir neçə dəfə qıcolma keçirəndən 10 gün sonra ölüb. Kamera yoldaşı, eləcə də hüquq təşkilatları onun gərəkən tibbi yardım almadığına görə həyatını itirdiyini bildirirlər.
Rəşidinin kamerasında qalan məhbuslardan biri "Radio Fərda"ya deyib: "Onun epilepsiyası vardı, qıcolmalar keçirirdi, şiddətli başağrısından əziyyət çəkirdi. Hər dəfə həkimə gedəndə ona deyirdilər ki, yaxşı qidalanmır və kameraya qaytarırdılar".
Maliyyə cinayətləri ilə bağlı həbsdə olan Cəmilə Əzizi isə ürək problemlərindən əziyyət çəkib, vaxtında müalicə ala bilmədiyinə görə həyatını itirib.