Keçid linkləri

2025, 10 Oktyabr, Cümə, Bakı vaxtı 07:25

İranda siyasi məhbus sayılan fəal həbsdə ölüb


Süməyyə Rəşidi
Süməyyə Rəşidi

İranlı fəal Süməyyə Rəşidi həbsdə ölüb. O, 10 gün öncə Tehranın cənubundakı həbsxanada epileptik qıcolmalar keçirmişdi. Bir neçə təşkilat Rəşidini siyasi məhbus kimi tanıyıb.

Kamera yoldaşları və insan haqları qurumları hökuməti qadına gərəkən tibbi yardımı göstərməməkdə ittiham ediblər.

İran ədliyyəsinin "Mizan" xəbər agentliyi sentyabrın 25-də bildirib ki, 42 yaşlı Rəşidinin əvvəllər də tutmaları olub. O, sentyabrın 15-də xəstələnib. Qərçək həbsxanasının tibb heyəti onu müayinə edəndən sonra Varamin şəhərindəki Mufateh xəstəxanasına köçürülüb.

Narkotikdən istifadə, özünü xəstəliyə vurma...

ABŞ-də yerləşən İnsan Hüquqları Fəallarının Xəbər Agentliyi (HRANA) xəstəxana həkimlərinə istinadən bildirib ki, tibbi yardımın gecikdirilməsi Rəşidinin durumunu ağırlaşdırıb: "O, dəfələrlə həbsxananın tibb məntəqəsinə müraciət edib. Həbsxana rəsmiləri onun durumunu ciddi qəbul etməyib, hətta onu narkotikdən istifadədə suçlayıblar".

Norveçdə yerləşən "Hengaw" insan haqları təşkilatı isə bildirib ki, "gərəkən tibbi yardımı göstərmək əvəzinə, həbsxana həkimləri onu özünü xəstəliyə vurmaqda ittiham edib, sadəcə sakitləşdirici və psixotrop dərmanlar yazıblar. Bu səhlənkarlıq onun durumunu daha da ağırlaşdırıb, nəticədə tutmalar və koma baş verib".

Norveçdə yerləşən İran İnsan Hüquqları Təşkilatı isə 2024-cü ilin dekabrında "Qərçək həbsxanası: Qadınlar və uşaqlar üçün cəhənnəm" adlı hesabat yaymışdı. Rəşidinin ölümündən sonra qurum həbsxananın bağlanmasına çağırış edib.

Rəşidinin kamera yoldaşlarından biri AzadlıqRadiosunun fars xidmətinə danışıb. Deyib ki, Rəşidi "epilepsiyadan əziyyət çəkirdi, daimi tutmaları və şiddətli başağrıları olurdu. Hər dəfə həbsxana həkiminə müraciət edəndə ona deyirdilər ki, o, yaxşı qidalanmadığından əziyyət çəkir və onu geri palataya göndərirdilər".

Başqa bir kamera yoldaşı deyib ki, Rəşidinin durumu yaxşı olmayıb: "O, zaminə buraxılmışdı, amma ailəsinin imkanı yox idi".

İttihamlar

"Hengaw"un məlumatına görə, Rəşidi bu ilin aprelində Tehranın Cavadiyyə məhəlləsində etiraz şüarları yazarkən həbs olunub. Təhlükəsizlik qüvvələri onu döyüb və "dövlətə qarşı təbliğat" aparmaqda ittiham edib.

"Mizan"ın bilgisinə görə, Rəşidi qadağan olunmuş "Mücahidin-e-Xalq" təşkilatı ilə əlaqədə, sabotaj əməllərini əks etdirən videoları onlayn paylaşmaqda ittiham edilir.

2022-ci ilin sentyabrında baş örtüyü qanununu pozmaqda suçlanaraq saxlandıqdan sonra polisdə vəfat edən 22 yaşlı Məhsə Əmininin ölümü ölkədə böyük küçə etirazlarına səbəb olub. Hökumət sərt tədbirlərə əl atıb.

Jurnalist İlahə Məhəmmədi sosial mediada yazıb ki, Rəşidi də, özü kimi, bu etiraz hərəkatına bağlı fəaliyyətə görə saxlanılıb.

İranda həbsxana rəsmiləri siyasi məhbusları çox vaxt vəziyyətləri çox ağırlaşdıqda, son anda xəstəxanaya göndərirlər.

XS
SM
MD
LG