"AbzasMedia"nın Lənkəranda yerləşən Penitensiar Kompleksdə saxlanılan xanım jurnalistləri onlara verilən vədlərin yerinə yetirilmədiyini bildirirlər.
Yaxınlarının sözlərinə görə, jurnalist Elnarə Qasımova deyib ki, müəssisəyə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları vəd olunsa da, hazırda fərqli kameralarda siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.
"14 gündür ki, vədlərinə əməl etmirlər. Halbuki karantin müddəti bitəndə bunu edəcəklərini demişdilər. Nərgizlə mən siqaret çəkənlərin olduğu otaqda saxlanılırıq. Məndə bronxial astma var. Siqaret tüstüsü nəfəs almağımı çətinləşdirir. Nərgiz də siqaret tüstüsünü götürmədiyindən gözləri göynəyir, nəfəs darlığı yaşayır", – jurnalist bildirib.
O əlavə edib ki, kompleksin rəhbər şəxslərindən nə vaxt siqaret çəkilməyən kameraya köçürüləcəkləri barədə soruşduqda "İnşallah olacaq, səbirli olun" cavabı alırlar.
E.Qasımovanın sözlərinə görə, Penitensiar Kompleksdə qadınlar üçün cəmi iki kamera ayrılıb. Jurnalist bildirib ki, bu iki kamerada hazırda ümumilikdə 12 qadın saxlanılır.
"Kameranın biri siqaret çəkənlər, digəri çəkməyənlər üçün ayrılıb. Biz üçümüz də siqaret çəkmədiyimiz halda, ikimizi siqaret çəkilən otağa salıblar. Bu, sağlamlığımıza ziyan vurur", –o əlavə edib.
Qasımova həmçinin qeyd edib ki, müəssisə rəhbərliyi ailələrinin gətirdiyi müstəqil mətbuat materiallarını onlara vermir: "Ailələrimiz müstəqil mediada çıxan xəbərləri çap edib bizə gətirsə də, bu xəbərləri müsadirə edirlər".
Onun sözlərinə görə, hazırda informasiya blokadasında saxlanılırlar.
'AbzasMedia' jurnalistləri ölkənin cənubundakı həbsxanaya köçürülüb
"AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova sentyabrın 25-də Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Jurnalistlər Bakı ilə Lənkəran arasındakı məsafənin (270 kilometrdən çox) ailələri ilə görüş imkanlarını məhdudlaşdırdığını deyirlər. Onların sözlərinə görə, paytaxt Bakıdan uzaq rayona köçürülmələri məhz jurnalist fəaliyyətləri ilə bağlıdır.
Bu şikayətlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, bildirilir ki, ölkənin cəzaçəkmə müəssisələrində şərait beynəlxalq normalara uyğundur.
Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.