Keçid linkləri

2025, 10 Oktyabr, Cümə, Bakı vaxtı 16:58

Əliyev və Putin ictimaiyyətə nədən danışmadılar


Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Əliyev aylar sonra ilk dəfə görüşdü: Putin AZAL təyyarəsi ilə bağlı söz verdi

Oktyabrın 9-da Azərbaycan və Rusiya liderləri doqquz aydan çox kəsən diplomatik eskalasiyadan sonra Düşənbədə bir araya gəldilər. İki ölkə arasında qarşılıqlı sərt bəyanatlar və addımlardan sonra İlham ƏliyevVladimir Putinin nə zaman və necə görüşəcəyi diqqətlə izlənirdi.

Sentyabrın əvvəlində iki lider Çində bir neçə gün səfərdə olsalar da, yalnız bir dəfə əl sıxaraq bir-iki kəlmə kəsmişdilər. Putin isə münasibətlərdə problemlərin olduğunu etiraf etmişdi.

Bu baxımdan Düşənbədə oktyabrın 9-10-da sammitlər çərçivəsindəki görüşün ilk növbədə buzları əritməyi hədəflədiyi görünür. İki lider görüşdən öncə əl sıxaraq kameralara gülümsəyiblər.

Doqquz aylıq umu-küsüdən sonra daha çox Putin danışdı

Əliyev-Putin görüşünün media üçün açıq hissəsi 9 dəqiqə çəkib, ilk 6 dəqiqəsini Rusiya prezidenti danışıb. O, birbaşa AZAL-ın sərnişin təyyarəsinin ötən ilin dekabrındakı qəzasından başlamağı təklif edib. 38 nəfərin həlak olduğu hadisəni həmin vaxt səmada Ukrayna dronlarının olması, həm də Rusiyanın havadan müdafiə sistemlərində nasazlıqla izah etdi. Putin qəza ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini, Rusiyanın belə faciəvi hallarda kompensasiyalarla bağlı tələb olunan hər şeyi edəcəyini dedi.

Bununla da Bakı ilə Moskvanın münasibətlərində siyasi gərginliyi tətikləyən təyyarə qəzası ilə bağlı Azərbaycan rəsmilərinin tələbləri yerinə yetirilmiş kimi görünür. Putin qəzadan sonra Əliyevə zəng edərək üzr istəmişdi, amma təyyarənin vurulması üçün birbaşa məsuliyyət götürməmişdi. O zaman Putinin üzrxahlığını bəzi təhlilçilər misli görünməmiş hadisə kimi dəyərləndirmişdilər.

Azərbaycan rəhbərliyi təqsirkarların məsuliyyətə cəlbini, zərərçəkən ailələrə kompensasiya tələb edirdi. Prezident Əliyev bir neçə ay əvvəl bu qəza ilə bağlı beynəlxalq məhkəməyə dosye hazırlandığını demişdi.

'Tək adam 170 min dollara başa gəlir' - Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Rusiya prezidentinin kompensasiya və təqsirkarların məsuliyyətə cəlbinə dair vədlərini əməl edib-etməyəcəyini zaman göstərəcək. Amma siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə Putinin AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışdığını yazır: "Putin təyyarənin raketlə vurulması faktını da qəbul etmir. Onun sözlərinə görə, təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi, eyni zamanda, Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib. Putin araşdırmanın yekunlaşmadığına işarə edirsə, raketin təyyarəyə dəymədiyini niyə iddia edir?".

Görüşdə Əliyev rusiyalı həmkarını təmkinlə dinləyib, Putinin az qala birnəfəsə çıxışından sonra onu bir daha iki gün öncəki doğum günü münasibətilə təbrik edib. Elə tərəflərin yaxınlaşmasına da oktyabrın 7-də Azərbaycan prezidentinin rusiyalı həmkarına ad günü təbriki körpü salıb. Əliyev Putinə təyyarə qəzası ilə bağlı vəziyyəti nəzarətdə saxladığına görə də təşəkkürünü bildirib.

Görüş müsbət ab-havada keçib, tərəflər bu il həm iqtisadi-ticari, həm də bütün digər istiqamətlər üzrə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıblar.

"Rus şovinizmi", "Rusiya ordusunun işğalı", "işğalla barışmayın"

Amma son doqquz ayda Bakı ilə Moskva arasında eskalasiya görünməmiş həddə yüksəlmişdi. Əliyevin Rusiya işğalı barədə danışmasından tutmuş, Ukraynada SOCAR anbarlarının vurulmasına qədər.

İlin əvvəlində Bakıdakı "Rus evi"nin qeydiyyat problemi əsas gətirilərək fəaliyyəti dayandırılıb. Əliyev Moskvaya 9 May paradına getməyib. İyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reydlər nəticəsində iki nəfərin ölümündən sonra Bakıda bir qrup Rusiya vətəndaşı narkotik və digər ittihamlarla saxlanılıb. "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.

Azərbaycan həbs etdiyi Rusiya vətəndaşlarını birtərəfli buraxa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Rusiyada Azərbaycan diasporunun təmsilçiləri həbs olunub, bəzilərinin vətəndaşlığı ləğv edilib. SOCAR-ın Ukraynadakı anbarlarına zərbələr endirilib.

Bu müddətdə Azərbaycanın rəsmi mediasında "Rusiya imperiyası", "rus şovinizmi" kimi ifadələr eşidildi, Azərbaycana qarşı kampaniyanın başında prezident Vladimir Putinin durduğunu iddia etdi. Azərbaycan liderinin ukraynalı jurnalist Dmitri Qordona "işğalla barışmayın" tövsiyəsini verməsi Rusiyanın propaqanda mediasında qəzəbi daha da körükləmişdi. Əliyevin Rusiya ordusunun 1920-ci ildə Azərbaycanı işğal etdiyini deməsi isə rusiyalı deputatları qəzəbləndirmişdi, onu Rusiyaya hücumda ittiham etmişdilər.

Putin-Əliyev görüşündə bu məsələlərə toxunulmadı. Əliyev görüşün sonunda dedi ki, verilən mesajların cəmiyyətdə müsbət qarşılanacağından əmindir.

Və müsbət reaksiya özünü çox gözlətməyib. Görüşdən bir neçə saat sonra hakimiyyət mediasında Düşənbə görüşünün ikitərəfli əlaqələrdə dönüş nöqtəsi, “təyyarə böhranı”nın həllində mühüm addım olmasına dair yazılar peyda olub, Azərbaycan-Rusiya münasibətlərini pozmaq cəhdlərinin iflasa uğradığı vurğulanıb.

Budəfəki görüşdə rus dili də yada düşmədi. Əliyev son illər Putinlə az qala hər görüşündə Azərbaycanda rus dilində tədris keçən 300-dən çox məktəbin olmasını qeyd edirdi. Yayda münasibətlərin hərarəti yüksələndə rusdilli məktəblərin bağlanacağı barədə informasiya yayıldı, amma sonradan təkzib olundu.

Əməkdaşlıq "müttəfiqlik ruhunda" davam edəcəkmi?

Karneqi Fondunun rusiyalı analitiki Kirill Krivoşeyev yazır ki, Rusiya-Azərbaycan konflikti Bakının qəbul edəcəyi "kusura bakmayın" ilə bitdi. 2015-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ifadəni vurulan Rusiya təyyarəsi ilə bağlı istifadə edib.

Təhlilçi eskalasiyanın Bakının diplomatik qələbəsi ilə bitdiyini yazır, "belə çıxır, orada Putini tam 10 ay trolladılar və cəzasız qaldılar".

Bu eskalasiyanın sərfəli olduğunu, diqqəti daxili problemlərdən yayındırdığını deyənlər də vardı. Bəs, bundan sonra Rusiya-Azərbaycan arasında əməkdaşlıq, Putinin dediyi kimi, "münasibətlərin, müttəfiqliyin ruhunda"mı davam edəcək, yoxsa Bakı Moskva ilə məsafəsini qoruyacaq? Axı, bir sıra təhlilçilər resurslarını Ukraynadakı təcavüzkar müharibəyə səfərbər edən Rusiyanın postsovet məkanında mövqeyinin zəiflədiyini deyirlər. Amma bu fikirlə razılaşmayanlar, bu zəifləməni müvəqqəti sayanlar, Moskvanın Cənubi Qafqazda mövqelərini qoruyub saxlayacağını deyənlər də var.

Rəsmi Bakı Rusiya ilə gərginlik dönəmində Qərblə əlaqələri intensivləşdirib. Vaşinqtonda Yerevanla sülh sazişini paraflayıb. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək marşrutun ABŞ-nin nəzarəti altında çəkilməsi ilə bağlı razılaşma əldə olunub. "Tramp yolu" adı verilən bu xəttin 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatında FSB-nin nəzarətində olması nəzərdə tutulmuşdu.

Gələn həftə Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri gözlənilir. O, Bakıda Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşə qatılacaq. Diplomatik gərginliyin pik həddə çatdığı vaxtda Overçukun Bakıya səfəri təxirə salınmışdı. O, sonradan Azərbaycanla "Tramp yolu" məsələsini müzakirə edəcəklərini desə də, rəsmi Bakı buna şərh verməyib.

XS
SM
MD
LG