Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:12

Həbsdə olan jurnalist: 'Mənə təxribat var, stəkan atdı...'


Fərid İsmayılov
Fərid İsmayılov

"ToplumTV"yə dair cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Fərid İsmayılov saxlandığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükə yarandığını deyir. Sentyabrın 29-dakı məhkəmədə bu barədə danışan jurnalist Penitensiar Xidmət rəhbərliyinə səslənərək tədbir görülməsini tələb edib.

"ToplumTV işi" üzrə təqsirləndirilən doqquz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslər arasında internet televiziyasının qurucusu, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, jurnalistlərdən Müşfiq Cabbarov, Əli Zeynalov və digərləri var.

F.İsmayılov deyir ki, təcridxanada qonşu kamerada saxlanılan Seymur Şıxəliyev adlı şəxs bir neçə dəfə ona qarşı təxribata cəhd göstərib. Onun sözlərinə görə, sentyabrın 23-də baş verən olay təcridxana nəzarətçilərinin gözü önündə yaşanıb: "Məni tibb məntəqəsinə aparanda mənə stəkan atdı. Nəzarətçi özünü irəli verdi, mənə dəymədi".

Jurnalist narazı qalıb ki, olayın aktlaşdırılmasını tələb etsə də, tələbi gerçəkləşdirilməyib. F.İsmayılov vəkili ilə görüşdə yaşananları ona da danışıb və həyatının təhlükə altında olduğunu deyərək mümkün tədbirlərin görülməsini istəyib: "Ertəsi gün həmin adam mənə qaynar su atmağa cəhd etdi. Yenə də nəzarətçilər qarşısını aldı. Getdikcə daha da aqressivləşir, məni təhqir edir. Problem kökündən həll olunmasa, mənim həyatım təhlükə altındadır. Penitensiar Xidmətin rəhbərliyi vəzifəsini yerinə yetirsin, tədbir görsün. Tədbir görülməsə, deməli, məqsədli şəkildə, sifarişlə olunur".

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Bunun "ToplumTV"yə nə aidiyyəti var?"

Sentyabrın 29-dakı məhkəmədə Ələsgər Məmmədli də ötən iclasdan yarım qalan ifadəsini davam etdirib. O öz çıxışında "ToplumTV"nin qanunsuz fəaliyyət göstərməsi barədə ittihamda yazılanlara etirazını bildirib: "Hər kəsin sayt yaratmaq, domen almaq, qeydiyyat üçün müraciət etmək, fəaliyyət göstərmək hüququ var. Biz də müraciət etmişik. Cavab gəlməyibsə, bu, bizim problemimiz deyil və qanunsuz fəaliyyət sayıla da bilməz. Bu cür təqdim olunması cəfəngiyatdır".

Ə.Məmmədli vurğulayıb ki, cinayət işinin materiallarında "ToplumTV"yə aidiyyəti olmayan vəsaitləri bu işə daxil ediblər: "Hansısa təşkilat vəsait alıbsa, bunun "ToplumTV"yə nə aidiyyəti var?".

Ə.Məmmədli əlavə edib ki, onları heç bir əsas olmadan "mütəşəkkil cinayətkar dəstə" kimi təqdim edirlər: "Mütəşəkkil dəstənin heç bir əlaməti yoxdur".

"ToplumTV işi" üzrə məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.

Jurnalist F.İsmayılovun anası Məlahət İsmayılova AzadlıqRadiosuna bildirib ki, Ədliyyə Nazirliyini və Penitensiar Xidməti oğlunun həyatının təhlükə altında olması barədə özü də məlumatlandırıb: "Qaynar xətt vasitəsilə məlumat vermişəm. Dedilər ki, məsələ araşdırılacaq. Amma bir ay ərzində. Bir ay çox uzun müddətdir, təcili tədbir görülməlidir".

Jurnalistin dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. İndiyədək verilən açıqlamalarda bu qurum istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu və təhlükəsizliyinin qorunduğunu bəyan edib.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb və bu işlə bağlı yeddi nəfər, o cümlədən "ToplumTV"nin qurucusu Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs olunub. Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, daha sonra - 2025-ci ilin yanvarında F.İsmayılov həbs edilib.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir və adları siyahılara düşənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG