Rusiya rəsmiləri bildiriblər ki, hərbi oyunlar düşmən hücumunun dəf olunmasını simulyasiya edəcək. Amma Kremlin Ukraynada müharibəni davam etdirdiyi bir vaxtda builki "Zapad" ən məhdudu ola bilər.
NATO-nun sözçüsü AzadlıqRadiosuna deyib ki, Rusiyanın hərbi fəaliyyətini yaxından izləyirlər, amma alyans hər hansı üzvünə qarşı birbaşa hərbi təhdid görmür: "Kəskin eskalasiya riski olmasa da, təlim NATO-ya Rusiyanın gələcək müharibə konsepsiyası ilə bağlı vacib dərslər verəcək".
Rusiya və Belarus genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar. Bu təlimlər bölgədə gərginliyin artdığı bir vaxtda keçirilir. Rusiya dronlarının Polşanın hava məkanına girməsi Varşava ilə NATO müttəfiqlərini müdafiə tədbirlərini gücləndirməyə vadar edib.
Sentyabrın 12-də start verilmiş "Zapad-2025" təlimləri Belarus və Rusiya ərazisində keçiriləcək, sentyabrın 16-dək davam edəcək.
"Məncə, [Rusiya Prezidenti Vladimir] Putinin hələ də güclü olduğunu, Ukraynadakı müharibənin onlara əslində çox da təsir göstərmədiyini sərgiləmək istəyirlər", – ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı, hazırda Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPA) aparıcı əməkdaşı Lans Landrum AzadlıqRadiosuna bildirib.
AzadlıqRadiosunun jurnalisti Reyd Stendiş yazır ki, builki təlimlərin bir məqsədi də Rusiyanın nüvə silahlarından istifadəylə bağlı qərarvermə prosesini təcrübədən çıxarmaqdır. Moskva Minskə nüvə silahı daşımağa qadir ortamənzilli raketlər verməyi vəd edib. Rusiya Belarusa nə qədər taktiki nüvə silahı yerləşdirdiyini açıqlamayıb. Amma sonuncunun lideri Aleksandr Lukaşenko onların sayının onlarla olduğunu deyib.
"Məncə, bu, ölkələrə və dünya mediasına özlərinin təsir kampaniyası çərçivəsində bir göstəridir", – Landrum vurğulayıb.
Təlimlər Ukraynanın və Belarusla həmsərhəd digər ölkələrin narahatlığına səbəb olub. 2021-ci ildəki "Zapad" təlimlərindən Rusiya qüvvələrinin Belarusa gətirilməsi üçün istifadə olunmuş, 2022-ci ilin fevralında onlar Ukraynaya girmişdilər.
NATO-nun sözçüsü AzadlıqRadiosuna deyib ki, Rusiyanın hərbi fəaliyyətini yaxından izləyirlər, amma NATO hər hansı üzvünə qarşı birbaşa hərbi təhdid görmür.
"Zapad-2025"ə nə qədər qoşun cəlb olunub?
Kremlin Ukraynada müharibəni davam etdirdiyi bir vaxtda builki "Zapad" ən məhdudu ola bilər.
Belarus müdafiə rəsmiləri bu ilin əvvəlində deyiblər ki, təlimlərə ölkənin qərb sərhədi yaxınlığında təxminən 13 min hərbçi qatılacaq. Mayda bu rəqəm yarıya endirildi və ehtimal olunan ümumi iştirakçı sayı 7 min – 8 min nəfər civarında göstərildi.
Əsas manevrlərin Belarusun daxili hissələrində keçiriləcəyi də vurğulanıb. Belarus müdafiə naziri Viktor Xrenin təlimlərin əksəriyyətinin Minskdən təxminən 74 kilometr şimal-şərqdə yerləşən Borisov şəhəri ətrafında baş tutacağını deyib. O, kiçik bölmələrin Polşa və Litva sərhədi yaxınlığında şərti düşmənin hücumunu dəf etmək üçün praktiki tapşırıqlar gerçəkləşdirəcəyini əlavə edib.
Moskvanın isə Belarusa təxminən 2 min əsgər göndərəcəyi gözlənilir. Təlimlər Rusiyanın Moskva və Leninqrad hərbi dairələrini, Kalininqrad eksklavını, Arktika bölgəsini, eləcə də Baltik və Barens dənizlərini əhatələyəcək.
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə üç ayrı təlim də keçirir. Bu isə "Zapad" təlimlərinin gerçək miqyasını ört-basdır edə bilər. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
İstənilən halda, "Zapad" təlimlərinin miqyasının 2021-ci ildəki son təlimlərə qatılan təxminən 200 min hərbçidən xeyli az olacağı gözlənilir.
Builki "Zapad" niyə əhəmiyyətlidir?
Builki təlimlər əvvəlki illərlə müqayisədə daha kiçik miqyasda planlaşdırılsa da, onlar Ukraynaya tammiqyaslı hücumdan sonra Rusiya və Belarusun strateji səviyyəli hərbi təlimlərə dönüşünü göstərir.
Almaniya Xarici Münasibətlər Şurası təlimlər öncəsi yaydığı hesabatda yazıb ki, builki təlim çox böyük ehtimalla Moskvanın NATO ilə mümkün müharibəyə dair gözləntilərini ortaya qoyacaq: "Kəskin eskalasiya riski olmasa da, təlim NATO-ya Rusiyanın gələcək müharibə konsepsiyası ilə bağlı vacib dərslər verəcək".
Rusca "Qərb" mənasını verən "Zapad" təlimləri ilk dəfə 1970-ci illərdə Sovet İttifaqı dövründə başlayıb və 1991-ci ildə SSRİ dağılanadək davam edib. Təlimlər 1999-cu ildə bərpa olunub, daha sonra Vladimir Putinin dövründə genişləndirilib. Hazırda bu təlimlər dörd ildən bir Rusiya və qonşularının coğrafi bölgələri üzrə keçirilir.
Keçmişdə Kreml bu təlimlərdə təcavüzkar və provokativ ssenarilərdən çəkinməyib. Məsələn, 2021-ci ildəki "Zapad" təlimləri zamanı Rusiya Ukraynaya hücumundan öncə hərbi qüvvələrini yerləşdirib. Qərb rəsmiləri bildiriblər ki, 2009 və 2013-cü illərdə "Zapad" təlimlərinin ssenarilərinə Varşava və Stokholma qarşı simulyasiya edilmiş nüvə zərbələri də salınıb.
Builki təlimlər həm də Lukaşenkonun Qərblə əlaqələrini düzəltmək siqnalını verdiyi vaxta təsadüf edir. Təlimlər öncəsi Belarusda 52 siyasi məhbus azad edilib.
"Bu təlimlər sönük və şəffaf şəkildə keçərsə, gələcək dialoqa yol aça bilər", – "Chatham House" təhlil mərkəzindən Rihor Astapeniya təlimlərlə bağlı təhlilində yazıb.