Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 21:11

Belarus 52 məhbusu azad edib. Onların arasında AzadlıqRadiosunun müxbiri İqar Losik də var


ABŞ prezidentinin nümayəndəsi Con Koul və Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə görüş zamanı əl sıxırlar.
ABŞ prezidentinin nümayəndəsi Con Koul və Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə görüş zamanı əl sıxırlar.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun müavini Con Koul Minskə gəlib və orada Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb. Eyni zamanda məlum olub ki, Belarusda 52 siyasi məhbus azad edilib. Onların Litvaya gəldiyi bildirilir.

Azad olunanlar arasında AzadlıqRadiosu Belarus xidmətinin siyasi ittihamlarla 5 ildən çox həbsdə yatan jurnalisti İqar Losik də var. "İqar üçün beş ildən çox davam edən bu əzablı və tamamilə ədalətsiz sınaqlar dövrü, nəhayət, başa çatdı", - Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus deyib.

Losik 2020-ci ilin iyununda həbs olunub, 2021-ci ilin dekabrında "kütləvi iğtişaşların təşkili" və "ictimai nifrəti qızışdırmaq" ittihamları ilə 15 il iş kəsilib. Jurnalist təqsirsiz olduğunu bildirir və ittihamların siyasi motivli olduğunu deyirdi.

"Belarus-Amerika dialoqunun yeni mərhələsi"

Lukaşenkonun mətbuat xidməti Con Koul ilə görüşü "Belarus-Amerika dialoqunun yeni mərhələsi" adlandırıb.

Görüşdə ABŞ nümayəndəsi deyib ki, Vaşinqton Trampın göstərişi ilə Belarusun "Belavia" aviaşirkətinə qarşı sanksiyaları ləğv edib. Onun sözlərinə görə, bu qərar rəsmən elan edilməsə də, artıq qüvvəyə minib. "Belavia"ya sanksiyalar 2023-cü ildə tətbiq olunub.

Görüş barədə məlumatdan az sonra Litva prezidenti Qitanas Nauseda ölkəyə 52 nəfərin – Belarus həbsxanalarından azad olunan siyasi məhbusların gəldiyini xəbər verib. Onların arasında altı Litva vətəndaşı da var.

Lukaşenkonun mətbuat xidmətindən bildiriblər ki, o, Litva, Latviya, Polşa, Almaniya, Fransa və Böyük Britaniya vətəndaşları da daxil 14 xarici vətəndaşı əfv edib. Azadlığa buraxılanların adları, hələlik, rəsmən açıqlanmayıb.

Trampdan Lukaşenkoya məktub var

Con Koul ABŞ prezidentinin məktubunu oxuyaraq Lukaşenkoya verib. Orada prezident Belarus liderini doğum günü münasibətilə təbrik edir, həmçinin belaruslu tennisçi Aryna Sobolenkonun yaxınlarda ABŞ Açıq çempionatında qələbəsini vurğulayır. C.Koul Birləşmiş Ştatların Belarusdakı səfirliyinin işinin bərpa olunacağını da istisna etməyib.

C.Koul bu il Minskə ikinci dəfədir gəlir. Lukaşenko ilə ilk görüşündən sonra bir neçə siyasi məhbus azad edilib.

İyunda Minski ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq ziyarət edib, ardınca Belarus hakimiyyəti müxalifət liderlərindən biri Sergey Tixanovski də daxil 14 nəfəri həbsxanadan buraxıb.

Bundan qısa müddət sonra, avqustun ortalarında Tramp əvvəlki ABŞ administrasiyasının legitim prezident saymadığı Lukaşenko ilə telefonla danışıb. "Truth" sosial şəbəkəsində Tramp Lukaşenko ilə "gözəl" söhbət etdiyini yazırdı. Trampın sözlərinə görə, söhbət zamanı o, 1300 belaruslu siyasi məhbusun buraxılması məsələsini müzakirə edib.

Trampın elçisinin Lukaşenko ilə budəfəki görüşü "Zapad-2025" Rusiya-Belarus hərbi təlimlərinə hazırlıq fonunda baş tutub. Təlimlər ərəfəsində Belarusla həmsərhəd ölkələr gücləndirilmiş təhlükəsizlik tədbirləri görür. Polşa sentyabrın 12-dən Belarusla sərhədini müvəqqəti bağlayır. Polşa və Latviya da Rusiya dronlarının hücumundan sonra Belarus sərhədinə bitişik hava məkanının bir hissəsini qapadıb.

XS
SM
MD
LG