Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqlar hazırda ərazi məsələsi və təhlükəsizlik təminatları üzərində cəmlənib. ABŞ vitse-prezidenti Cey Di Vens bunu "One America News Network" telekanalının efirində bildirib.
Moskvanın tələblərini şərh edən Vens "Ruslar hələ hərbi güc yoluyla tutmadıqları təxminən 6 min kvadratkilometr ərazini istəyirlər. Rusların istədiyi budur" deyib. Ukraynalılar isə, onun sözlərinə görə, "istər avropalılardan, istərsə də başqalarından" təhlükəsizlik zəmanəti almaq istəyirlər.
"Onlar əmin olmaq istəyirlər ki, barışıq sazişi bağlasalar, ruslar bir neçə ay və ya ildən sonra daha çox şey tələb edərək geri qayıtmayacaqlar. Sual budur ki, ruslar və ukraynalılar prezident Donald Trampın açdığı bu sülh qapılarından keçəcəklərmi? Biz bunun üzərində çox çalışmağa davam edirik", - Vens əlavə edib.
Ağ evin niyə hələ də Rusiyaya ən sərt sanksiyalar qoymadığı sualına cavabında Vens deyib ki, Ukraynada sürən münaqişədən başqa ABŞ prezidenti Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün "heç bir səbəb görmür". Onun sözlərinə görə, Tramp Ukraynada müharibə başa çatacağı təqdirdə Rusiya ilə daha sıx iqtisadi əlaqələrə çalışacaq.
"Rusiyanı bəyənsəniz də, bəyənməsəniz də, onların münaqişə ilə bağlı arqumentləri ilə razılaşsanız da, razılaşmasanız da, sadə fakt ondan ibarətdir ki, onların çoxlu nefti, çoxlu qazı, çoxlu mineral ehtiyatları var", - Vens vurğulayıb.
Müxtəlif mənbələrə görə, Trampla Alyaskada görüşü zamanı Putin Ukraynada mümkün atəşkəs razılaşmasını bütün Donetsk və Luqansk vilayətlərinin ona verilməsi tələbi ilə əlaqələndirib, bunun müqabilində Moskvanın yalnız qismən nəzarət etdiyi Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin dondurulmasına razılaşıb.