Keçid linkləri

2025, 09 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Rusiyaya yeni sanksiyalar gözlənilir: 'kölgə donanması'na, enerji şirkətlərinə, banklara


Donald Tramp (sağda) və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də Alyaska sammitindən sonra
Donald Tramp (sağda) və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də Alyaska sammitindən sonra

ABŞ prezidenti Donald Tramp bazar günü jurnalistlərin Ukraynadakı təcavüzkar müharibəyə görə Rusiyaya sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olub-olmaması barədə sualına müsbət cavab verib.

Tramp əlavə şərh verməyib, ona dəqiqləşdirici suallar da verilməyib. ABŞ prezidenti daha öncə Rusiyaya əlavə sanksiyaları, Moskva sülh sazişinə razlaşmazsa, onun ticarət tərəfdaşlarına tariflərin tətbiqini istisna etmirdi. Avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Tramp təxminən iki həftə ərzində Rusiyanın mövqeyinə baxacağını, buna uyğun qərar verəcəyini bildirmişdi.

Sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya yüzlərlə dronla zərbə endirib. Dörd nəfər həlak olub. Kiyevin mərkəzində hökumət binası, bir sıra obyektlər zərər görüb. Bəzi Qərb liderləri bunu Rusiyanın sülh istəməməsinin növbəti göstəricisi adlandırıblar. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da Rusiyanın zərbəsini bu cür dəyərləndirib.

ABŞ-nin maliyyə naziri Skott Bessent sentyabrın 7-də "NBC News"a müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Rusiyaya təzyiqləri daha da artırmağa hazırdır, amma bunun ABŞ-nin Avropa İttifaqındakı tərəfdaşlarının oxşar addımları ilə eyni vaxtda baş verəcəyini gözləyirlər.

ABŞ administrasiyası Rusiyaya sanksiyaların sərtləşdirilməsinin gecikməsini əvvəl belə izah etmişdi ki, bu halda Moskva danışıqlardan çəkilə və müharibə qeyri-müəyyən müddətə uzana bilər.

Yeni administrasiyanın hakimiyyətə gəlməsindən bəri ABŞ Rusiyaya qarşı yeni sanksiyalar, demək olar ki, tətbiq etməyib. Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr bu addımları atıblar. Amma Vaşinqton mövcud sanksiya rejimini yumşaltmayıb.

Aİ Vaşinqtona təmsilçi göndərir

Avropa İttifaqı bildirib ki, sentyabrın 8-də Rusiyaya sanksiyaların koordinasiyasını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərir. Heyətə blokun sanksiyalar üzrə təmsilçisi Devid O'Sallivan başçılıq edəcək.

Tramp indiyədək Rusiya xam neftinin ən böyük alıcısı olan Çinə bu ticarətə görə nə tarif, nə də sanksiya tətbiq edib. Hazırda ABŞ ikinci dərəcəli sanksiyalardan istifadəni genişləndirir. Vaşinqtonun Rusiya dövlətə məxsus nəhəng Rosneft və Lukoil kimi aparıcı enerji şirkətlərinə sanksiyalar tətbiqini, sanksiyalardan yayınmağa kömək edən Rusiya “kölgə donanması”nı hədəf almağı nəzərdən keçirdiyi bildirilir.

Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Quld-Devis deyir ki, qərb daha çox iş görə bilər: “Ən güclü silah olan ikinci dərəcəli sanksiyalardan istifadə hələ də məhduddur. Xüsusilə kölgə donanmasına aid neft tankerlərinə sanksiyaları daha da sərtləşdirə bilər”.

Təhlilçi deyir ki, Çin şirkətləri sanksiya ehtimalı ilə üzləşdikdə riskdən yayınmağa meylli olublar: “Onlara təsir göstərəcək sanksiyaların sərtləşdirilməsi, NATO-nun 'Rusiyanın Ukraynadakı müharibəsinin həlledici dəstəkçisi' adlandırdığı Çinin üzləşdiyi risklərə dair siqnal verə bilər”.

Müzakirə olunan təkliflər

Aİ-ABŞ danışıqları Brüsselin Rusiyaya sanksiyaların yeni raundunu tətbiq etməyə hazırlaşdığı bir vaxtda keçirilir. Blok Ukraynaya qarşı genişmiqyaslı işğal başlayandan bəri 19-cu sanksiya paketini açıqlamağa hazırlaşır.

Fransa və Almaniya ötən həftənin sonunda təkliflərini digər Aİ üzvləri ilə paylaşıb. Aİ "kölgə donanması"na qarşı sanksiyaları genişləndirməyi, daha çox bankı SWIFT maliyyə əməliyyat sistemindən çıxarmağı, Rusiyaya müharibəni maliyyələşdirməkdə yardım edən Rusiya xaricindəki fərdi şirkətlərə qarşı sanksiyalar tətbiqini nəzərdən keçirir.

Rusiya isə ictimai şəkildə Qərbin sanksiyalarına əhəmiyyət vermədiyini sərgiləyir.

“Heç bir sanksiya Rusiya Federasiyasını prezidentimizin dəfələrlə bəyan etdiyi ardıcıl mövqeyini dəyişməyə məcbur edə bilməz”, – Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 8-də bildirib.

XS
SM
MD
LG