"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov 9 aydan çoxdur həbsdədir. Hakim hələ ötən məhkəmə iclaslarında onun şüşə kabinədə yox, vəkillərinin yanında əyləşməsi qərar çıxarsa da, konvoylar icazə vermir. Bu üzdən, sentyabrın 8-də keçirilən məhkəmə iclasında da mübahisə yaranıb. Müdafiə tərəfi xatırladıb ki, Penitensiar Xidmətin əməkdaşları, faktiki, məhkəmə qərarını önəmsəmir, R.Səfərovun öz vəkillərinin yanında əyləşməsi haqda qərar verildiyi halda, onu şüşə kabinədə saxlayırlar. Hakim də buna müdaxilə edə bilmir. Müzakirələrdən sonra R.Səfərovun, ötən iclaslarda olduğu kimi, yenə vəkillərinin yanında əyləşməsinə razılıq verilib.
Hüquq müdafiəçisinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Daha öncəki məhkəmə iclasında ifadə verən R.Səfərov bu dəfə prokurorun suallarını cavablandırıb. O vurğulayıb ki, telefonlarının zərərçəkmiş qismində tanınan Natiq İmamverdiyev adlı şəxslə eyni anten dairəsində olması həmin vaxt ondan pul almasının sübutu sayıla bilməz. R.Səfərovun sözlərinə görə, həmin ərazidəki kafedə vaxtaşırı dostlarıyla görüşdüyündən orada tez-tez olurdu.
"Bütün bunlar mənimlə bağlı gələcək plandan ötrü imiş"
Cinayət işinin materiallarında iddia olunur ki, R.Səfərov N.İmamverdiyevi Novxanı qəsəbəsində 6 sot torpaq satmaq adıyla aldadaraq onun 60 min manat pulunu alıb. Dekabrın 3-də N.İmamverdiyev ya əmlakı, ya da pulunu almaqdan ötrü R.Səfərovun yaşadığı evin qarajına gəlib. İttihama görə, qarajda hüquq müdafiəçisi zərərçəkmişi döyərək ona xəsarət yetirib.
Prokurorun suallarını cavablandıran R.Səfərov deyib ki, torpaq sahəsinin bir bölümünü valideynləri notarial qaydada N.İmamverdiyevə satıb, pulunu da alıblar. O bu prosesə qatılmayıb. Alqı-satqı gedişində övladların razılığına ehtiyac duyulmadığı halda, N.İmamverdiyev dəfələrlə ona yazıb, zəng edib, notarial qaydada razılıq istəyib. Sonradan da israrla torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini deyib: "İndi məlum olur ki, bütün bunlar mənimlə bağlı gələcək plandan ötrü imiş".
Hüquq müdafiəçisi həbs olunduğu gün yaşananlardan da danışıb. Deyib ki, qaraja daxil olan kimi N.İmamverdiyev ona hücum edib, yumruqla vurub: "Nə təsadüfdürsə, guya iki maşında yeddi-səkkiz polis həmin vaxt ora su almağa gəldiyindən bu davanı görüb. Guya mən onu vurmuşam, xəsarət alıb, üst-başı qan olub. Orada niyə qan izləri yoxdur? Kamera görüntülərini niyə ortaya qoymurlar?".
R.Səfərov prokurora da səslənib, təqsirsiz insanların cəzalandırılmasında onu alət olmamağa çağırıb: "Bu işin hüquqi tərəfindən başqa, mənəvi, siyasi tərəfi də var. Bundan əvvəlki həbsimdə 9 saylı Cəzaçəkmə Müəssisəsindəki kitabxanada 30-cu illərin repressiyalarına aid kitab keçdi əlimə. Oxudum ki, nə qədər sovet prokuroru günahsız adamları güllələnməyə göndərməkdən imtina edib, buna görə özləri cəzalandırılıb. Sizi isə ölümə göndərən yoxdur, uzaqbaşı, işdən çıxaracaqlar. Cəsarətli və ədalətli olun, günahsız insanların taleyi ilə oynamayın...".
R.Səfərovun məhkəməsi sentyabrın 29-da davam edəcək.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov ötən il dekabrın 3-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham verilib. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov özünü təqsirli bilmir. O bildirir ki, ABŞ Dövlət Departamenti tərəfindən 2024-cü ildə layiq görüldüyü "İlin hüquq müdafiəçisi" mükafatına görə cəzalandırılıb.
Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları dönəmin dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.