Keçid linkləri

2025, 08 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:20

Zəlzələdə kişi qohumlarını itirən əfqan qadınlar


Əfqan qadınlar Kunar əyalətində zəlzələdən sonra səhra klinikasında müalicə gözləyirlər.
Əfqan qadınlar Kunar əyalətində zəlzələdən sonra səhra klinikasında müalicə gözləyirlər.

Əfqanıstanın şərqindəki dağıdıcı zəlzələdə yaxınlarını itirənlərdən biri də Soladır. Gənc qadın xəstəxanada özünə gələndə ona deyiblər ki, ailəsinin səkkiz üzvü həlak olub.

Avqustun 31-də şərqi Kunar vilayətindəki zəlzələdə azı 2 min 200 nəfər həyatını itirib.

"Bilmirəm məni buraya kim gətirib. Heç kəsim yoxdur", – xəstəxanada AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə danışan Sola deyib.

Onun kişi qohumları da zəlzələyə qurban gedib.

"Bədənimin elə yerlərində yaralar var ki..."

"Taliban" hakimiyyəti dövründə qadınlar kişi qəyyum olmadan evdən çıxa, ictimai nəqliyyatdan istifadə edə bilməzlər. 2021-ci ilin avqustunda hakimiyyətə gələn islamçı qruplaşma qadın və qızların hərəkət azadlığını, iş və təhsil hüququnu məhdudlaşdırıb.

Qadınların tibbi xidmət almasında da böyük əngəllər var.

"Burada qadın həkim yoxdur. Bədənimin elə yerlərində yaralar var ki, onları kişi həkimlərə göstərə bilmərəm", – Sola danışır.

Əfqanıstanda kəskin həkim, dərman, avadanlıq çatışmazlığı yaşanır. Bəzi kənd yerlərində heç qadın tibb personalı yoxdur.

"Evim, ailəm vardı, amma indi bilmirəm hara gedim, neyləyim", – Sola əlavə edir.

Fəlakətin yükü qadınların çiynindədir

Ekspertlər qadınların, qızların təbii fəlakətin təsirinə daha çox məruz qalması haqda xəbərdarlıq edirlər.

"Qadınlar, qızlar yenə də fəlakətin yükünü daşıyacaqlar. Onların ehtiyacları diqqət mərkəzində olmalıdır", – BMT-nin Qadınlar təşkilatının Əfqanıstan üzrə xüsusi təmsilçisi Syuzan Ferqüson sentyabrın 2-də deyib.

Kunara zəlzələ qurbanlarını müalicə etməyə gedən əfqan qadın həkim Favziya Nasim deyir ki, qadınlar və qızların durumu aşırı ağırdır.

"Qadınların və uşaqların təcili sığınacağa, növbəti təbii fəlakətlərdən qorunmağa ehtiyacı var, çünki onların [kişi] himayədarları həlak olublar", – o bildirib.

"Onların ehtiyacları çoxdur – qida, içməli su, sığınacaq. Ən böyük ehtiyac çadırlara və sığınacaqlaradır, çünki çox evlər dağılıb, salamat qalanlar isə yaşamağa yararsızdır", – Nasim əlavə edib.

XS
SM
MD
LG