Keçid linkləri

2025, 19 Oktyabr, bazar, Bakı vaxtı 19:20

''Tomahawk'lar bizə də lazımdır' - Tramp və Zelenski Vaşinqtonda görüşdülər


Tramp Zelenskini Ağ evdə qarşılayır.
Tramp Zelenskini Ağ evdə qarşılayır.

Volodimir Zelenski Ağ evdə təxminən iki saat yarım keçirib. Trampla söhbətinin qapalı hissəsi jurnalistlərə danışmadan başa çatıb. ABŞ prezidenti onu avtomobilinə qədər müşayiət etməyib.

Zelenski: "Tramp haqlıdır"

Zelenski ilə görüşündən sonra Tramp mətbuata açıqlama verməyib.

Media qarşısına Ukrayna lideri çıxıb. Onun sözlərinə görə, bəzi "müsbət siqnallar" alıb, lakin ABŞ eskalasiya istəmədiyi üçün "Tomahawk"ların tədarükü barədə danışmamaq qərara alınıb.

Ukrayna prezidenti vurğulayıb ki, ərazi məsələsi yalnız atəşkəsdən sonra müzakirə oluna bilər və Moskva və Kiyev indi olduqları yerdə dayanmalıdırlar. "Xalqlarımız naminə, mövcud şəraitdə indi dayandığımız yerdə dayanmalıyıq. O (Tramp) haqlıdır. Biz böyük ölkəyə qarşı vuruşuruq. Dayanmalıyıq. Sonra uzunmüddətli sülhə doğru hansı addımların atıla biləcəyi barədə danışmağa başlamalıyıq", - Zelenski bildirib.

Ağ Ev rəhbəri ilə görüşdən sonra Zelenski Avropa liderləri ilə zəngləşib.

+++

ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında Zelenski ilə görüşünü şərh edib: "Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüm çox maraqlı və səmimi keçdi. Mən ona dedim ki, - prezident Putinə də təkidlə tövsiyə etdiyim kimi, - qətlləri dayandırmağın və SÖVDƏLƏŞMƏNİN vaxtıdır!.. Onlar olduqları yerdə dayanmalıdırlar. Qoy hər ikisi özünü qalib elan etsin – tarix özü mühakimə edəcək!..".

+++

ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukrayna "Tomahawk" raketlərinə ehtiyac duymayacaq. Bu barədə o, cümə günü Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.

Görüş nahar zamanı qeyri-rəsmi şəraitdə keçirilib.

Tramp qeyd edib ki, Birləşmiş Ştatların özünün "Tomahawk"lara, eləcə də Ukraynaya göndərdikləri bir çox başqa silah növlərinə ehtiyacı var.

"Ümidvaram ki, "Tomahawk"ların istifadəsi barədə düşünmədən də müharibəni bitirə biləcəyik ", - Tramp əlavə edib.

Kiyev dronları "Tomahawk"lar ilə dəyişmək istəyir

Zelenski Trampla görüşündə deyib ki, Birləşmiş Ştatların hərbi hədəflərə zərbə endirmək üçün Ukraynanın hücum dronlarına, Ukraynanın isə Amerikanın uzaqmənzilli "Tomahawk" raketlərinə ehtiyacı var.

"Bu müharibə texnoloji müharibədir. Təkcə "Tomahawk"lardan istifadə etmirsiniz. Hərbi hədəfi vurmaq istəyirsinizsə, minlərlə drona ehtiyacınız var. Bizim seriya istehsalı minlərlə dronumuz var, amma "Tomahawk"larımız yoxdur", - Zelenski bildirib.

O, Ukrayna və ABŞ-nin bununla bağlı əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

Jurnalistin Vaşinqtonun belə bir sövdələşmədə maraqlı olub-olmadığı ilə bağlı sualına Tramp müsbət cavab verib. Onun sözlərinə görə, son bir neçə ildə hərbi əməliyyatlarda PUA-lardan istifadə "həqiqətən də ön plana çıxıb" və Ukrayna "çox yaxşı dronlar" istehsal edir.

+++

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasının mümkünlüyünə əmin olduğunu bildirib. O, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün açıq hissəsində bildirib.

Tramp bildirib ki, o, həm Putinin, həm də Zelenskinin müharibənin bitməsini istədiyinə inanır. "İndi buna nail olmalıyıq", - ABŞ prezidenti əlavə edib. O, Ukraynanın sülh sazişi üçün ərazilərini güzəştə getməli olub-olmayacağı sualına birbaşa cavab verməyib, müharibələri qabaqcadan proqnozlaşdırmağın mümkünsüzlüyünü vurğulayıb.

Zelenski isə "Ukrayna sülh istəyir, Rusiya isə yox" deyib və bildirib ki, ilk növbədə Ukraynada atəşkəs haqqında razılığa gəlmək lazımdır. Bundan əvvəl ABŞ lideri bunu sülh danışıqları üçün vacib şərt hesab etmədiyini demişdi.


Putin və Tramp sonuncu dəfə bu il avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşüblər.
Putin və Tramp sonuncu dəfə bu il avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşüblər.
16 oktyabr

Tramp yenidən Putinlə görüşəcək

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı "rəzil" müharibənin sonlandırılması yollarının müzakirəsi üçün Macarıstan paytaxtı Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə o, Putinlə söhbətindən sonra "Truth Social" hesabında yazıb.

Bundan əvvəl - gələn həftə prezidentlərin müşavirlərinin görüşü olacaq, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Onların görüş yeri hələ müəyyənləşdirilməyib.

"Sabah Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyəm, orada prezident Putinlə söhbətimi və daha çoxunu müzakirə edəcəyik. Düşünürəm ki, bugünkü telefon danışığı əhəmiyyətli irəliləyişə nail olmağa imkan verdi", - Tramp əlavə edib.

Putin və Tramp sonuncu dəfə bu il avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşüblər.

+++

Putinin Trampla söhbəti zamanı Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərinin mümkün tədarükü məsələsinə də toxunulub.

"Vladimir Putin "Tomahawk"ların döyüş meydanında vəziyyəti dəyişməyəcəyi, lakin ölkələrimiz arasında münasibətlərə ciddi ziyan vuracağına dair tezisini təkrarladı. Sülh yolu ilə nizamlama perspektivlərini demirəm hələ", - Putinin köməkçisi Yuri Uşakov bildirib.

15 oktyabr

Tramp yenə Putinlə bağlı məyusluğunu bildirib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Moskvanın Ukraynada apardığı müharibə ilə bağlı bir daha məyusluğunu dilə gətirib. Tramp cümə günü – oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ evdə görüşməyə hazırlaşır.

"Çox məyusam, çünki Vladimirlə münasibətimiz çox yaxşı idi. Yəqin ki, indi də yaxşıdır. Bu müharibəni niyə davam etdirdiyini anlamıram", – Tramp deyib.

Zelenskinin Trampla görüşündə Ukraynanın hava hücumundan müdafiə və uzaqmənzilli zərbə imkanlarını müzakirə edəcəyi gözlənilir. Liderlər ötən həftəsonu bir neçə dəfə danışıblar. Bu arada ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərini verib-verməyəcəyi qızğın müzakirə olunur.

"O, silah istəyir. "Tomahawk" əldə etmək istəyir", –Tramp oktyabrın 14-də jurnalistlərə açıqlamasında Zelenski ilə bağlı bildirib.

Tramp daha öncə 2 min 500 kilometrədək məsafəni vura, nüvə başlıqları ilə təchiz oluna bilən "Tomahawk" qanadlı raketlərinin Kiyevə verilməsini istisna etməyib. Kreml isə bununla bağlı xəbərdarlıq edib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

XS
SM
MD
LG