Keçid linkləri

2025, 19 Sentyabr, Cümə, Bakı vaxtı 05:56

Ələsgər Məmmədli: 'Bizi insan yerinə qoymurlar, adi arayışı vermirlər...'


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"ToplumTV" internet televiziyasının qurucusu, media hüquqçusu Ələsgər Məmmədli deyir ki, qanunsuz həbsdə saxlanması bir yana, adi arayışı da ona vermirlər.

"Bizi insan yerinə qoymurlar. Həbsdə saxlanma müddətimlə bağlı adi arayış almaq istəyirəm, onu da vermirlər, çünki bizi vətəndaş kimi də saymırlar", - Ə.Məmmədli sentyabrın 15-dəki məhkəmədə belə deyib.

Onun, eləcə də "ToplumTV" ilə bağlı cinayət işi üzrə digər səkkiz nəfər jurnalist və fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən məhkəmə iclasında vəkil Zibeydə Sadıqova hüquqlarını qoruduğu jurnalistlərin sağlamlığındakı problemləri hakimlərin nəzərinə çatdırmış, bunun da əsasında məhkəmə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə sorğu göndərmişdi. Sentyabrın 15-dəki məhkəmədə hakim Azər Tağıyev sorğuya cavab gəldiyini söyləyib. Sənəddə təqsirləndirilən şəxslərdən jurnalist Fərid İsmayılovla Ələsgər Məmmədlinin sağlıq durumundan bəhs edilir.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi F.İsmayılovun həbsindən öncə onun üzərində cərrahiyyə əməliyyatı aparıldığını, ağciyərlərində, gözündə (və s.) problemlər olduğunu təsdiqləyib. Bununla belə, cavabda vurğulanıb ki, F.İsmayılovun durumu stabildir, tibb xidməti ona əlçatandır, müalicə tələb edən patologiya aşkarlanmayıb.

Ə.Məmmədliyə gəlincə, onda da qalxanabənzər vəzidə düyün aşkarlandığı təsdiqlənsə də, əlavə edilib ki, düyündən biopsiya götürülüb, onkoloqla məsləhətləşmə aparılıb, bədxassəli prosesə xas hüceyrələr tapılmayıb. Hazırda vəziyyəti stabildir, tibb işçilərinin nəzarətindədir.

Təqsirləndirilən şəxslər də, vəkil Z.Sadıqova da bu cavabdan narazı qalıblar. Vəkil bu dəfə müvəkkilləri haqqında tibbi tarixçələrin məhkəməyə təqdim olunmasına dair vəsatət qaldırıb. Orada konkret hansı müayinə və müalicələrin olduğu göstərilməlidir.

Vəkiliylə razılaşan Ə.Məmmədli deyib ki, Tibb Baş İdarəsinin məhkəməyə göndərdiyi cavab ötən il gerçəkləşdirilmiş müayinələr nəticəsində hazırlanıb. Onun sözlərinə görə, uzun müddətdir onu nə gəlib müayinə edən var, nə də durumu ilə maraqlanan.

Məhkəmə təqsirləndirilən şəxslərin tibbi tarixçələrinin alınması barədə vəsatəti təmin edib.

Ardından Ə.Məmmədli 2024-cü il martın 8-də tutulduğu gün pis rəftara məruz qalmasından, müayinə üçün getdiyi klinikanın qarşısında qaramaskalı şəxslərin onu oğurlamasından, evinə 7 min 300 avro pul atılıb sonra tapılmış kimi protokollaşdırılmasından danışıb. O bu prosesə qatılan şəxslər haqqında hüquqi araşdırma başladılması barədə vəsatət qaldırsa da, "yox" cavabı alıb.

Fərid İsmayılov
Fərid İsmayılov

"Ombudsman Aparatı bunları araşdırmaq üçün heç bir addım atmayıb"

Təqsirləndirilən jurnalist Fərid İsmayılov vəsatət qaldırıb ki, Ombudsman Səbinə Əliyeva onların işi üzrə məhkəmə prosesinin monitorinqini aparsın: "Mən azadlıqda olarkən Səbinə Əliyevaya sual verəndə deyirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Apreldən bu məhkəmə prosesi gedir, işgəncələr, qeyri-insani rəftarla bağlı burada nə qədər fikirlər səslənib, mediada da yayılıb. Ombudsman Aparatı bunları araşdırmaq üçün heç bir addım atmayıb".

F.İsmayılov vurğulayıb ki, vəsatət qaldırsalar da, bu məhkəmə prosesindən heç bir gözləntiləri yoxdur. Onun fikrincə, Prezident Administrasiyasından nə göstəriş gəlirsə, hakimlər də ona uyğun davranırlar: "Burada ağzımızı açınca deyirsiniz ki, siyasiləşdirməyin. Amma özünüz adicə adamların sağlamlıq məsələsində də müstəqil qərar verə bilmirsiniz. Bu nə məhkəmədir, bu nə hakimlikdir?!".

"ToplumTV"nin video-redaktoru Müşfiq Cabbarov deyir ki, ilyarımdır həbsdədir, amma səbəbi hələ də ona aydın deyil.

Təqsirləndirilən İlkin Əmrahov vurğulayıb ki, ekspertiza onun evinə atılmış, heç vaxt üzünü görüb əlinin dəymədiyi pulda onun əl izlərini "tapıb": "Mən bu ekspertizaya nə deyim?".

Ruslan İzzətli
Ruslan İzzətli

Ardından "ToplumTV işi" üzrə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının Qurucu Heyət üzvlərindən Ruslan İzzətli ifadə verib. Siyasi fəaliyyətinə görə cəzalandırıldığını vurğulayan R.İzzətli öz ifadəsində 2020-ci ildə 44 günlük müharibədə iştirakından da söz açıb və deyib ki, həmin vaxt ona da medal verilməliydi, ancaq siyasi baxışlarına, müxalif mövqeyinə görə vermədilər. "Kim hansı pis işi görürsə, əməllərinə haqq qazandırmaqdan ötrü deyir ki, balam var, uşağıma görə edirəm. Sizin uşaqlarınızın rahat yaşaması üçün milyonların uşaqları əziyyət çəkməlidir?", - R.İzzətlinin ifadəsindəki sözlərdəndir.

Onun ifadəsi sentyabrın 22-də növbəti məhkəmə iclasında davam edəcək.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə bağlı yeddi nəfər, o cümlədən "ToplumTV"nin qurucusu, media hüquqçusu Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs olundu. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, F.İsmayılov 2025-ci ilin yanvarında həbs edildi.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçi cəlb etmək və başqa ittihamlar da elan edildi. İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs olunmadığını vurğulayır və iddia edirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG