Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 17:53

'MeydanTV işi' üzrə ittihamlar ağırlaşdırılıb. Əhməd Muxtar da saxlanılıb


MeydanTV-çilər
MeydanTV-çilər

"MeydanTV işi" üzrə bu gün, avqustun 28-də əlavə ittihamların verildiyi bildirilir.

Bu barədə MeydanTV-nin əməkdaşı Orxan Məmməd məlumat yayıb. Onun vurğulamasına görə, bu iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə ittiham verilib: "Onlar Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən ), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar".

Hələlik, bu məlumatı istintaq orqanından dəqiqləşdirmək mümkün olmayıb.

MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova Ramin Deko (ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Sonradan "MeydanTV işi" ilə bağlı daha dörd şəxs Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı, Fatimə Mövlamlı Ülviyyə Əli həbs edilib.

Dünən, avqustun 27-də isə onlara fotoqraf Əhməd Muxtarın da qoşulduğu, onun da haqqında həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. Ə.Muxtar ötən ilin dekabrında MeydanTV əməkdaşları tutulan gün də saxlanılmış, ona polisə müqavimət ittihamıyla 20 sutka cəza verilmişdi.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlatma

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG