Belarus müxalifətinin mühacirətdəki lideri Svetlana Tixanovskaya Vilnüsdə yaşadığı mühafizə olunan evi tərk etməli olacaq. Səbəb Litva hökumətinin onun mühafizə səviyyəsini endirməsidir. Bu barədə onun köməkçilərindən biri Qərb səfirliklərinə məktubunda yazıb.
Məktubu AzadlıqRadiosu Aİ/NATO ölkəsindəki diplomatik mənbədən əldə edib və daha iki mənbə onu təsdiqləyib. Məktubda deyilir ki, qərar Tixanovskayanın ofisinə oktyabrın 1-də bildirilib, təhlükəsizlik tədbirlərinin azaldılmasına isə oktyabrın 6-dan başlanılıb.
Tixanovskaya son beş ildə həmin evdə yaşayıb. "Bizə bildirildi ki, o, bu evi iki-üç həftə içində tərk etməlidir. Yaxın mühafizə xidməti də ləğv olunub", – məktubda deyilir.
Diplomatik mənbələr Tixanovskayanın 24 saatlıq mühafizə xidmətini itirəcəyini, daha aşağı səviyyəli polis mühafizəsi ilə təmin olunacağını bildiriblər. Onun iki köməkçisi durumla bağlı hökumət təmsilçiləri ilə təmasda olduqlarını təsdiqləyib, amma rəsmi tələbin irəli sürülmədiyini bildirib.
Tixanovskayanın özü bu məsələni şərh verməyib. Amma oktyabrın 9-da sosial şəbəkədə yazıb: "Əngəllər bizi dayandırmayacaq. Komandamla birlikdə siyasi məhbuslar uğrunda mübarizəni, belarusluların maraqlarının müdafiəsini davam etdirəcək, dünya ictimaiyyətinin diqqətini Lukaşenkonun cinayətlərinə çəkəcəyik".
Təhlükəsizlik sarıdan narahatlıq
Bu qərar Tixanovskayanın təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb, çünki Belarus xüsusi xidmət orqanlarının onu hədəfə alacağı sarıdan narahatlıqlar var.
Qərb səfirliklərinə yazılan məktubda deyilir ki, oktyabrın 6-da qərarın elanından sonra müxalifətçinin komanda üzvlərinin Belarusda yaşayan qohumlarına təzyiqlərin artdığı müşahidə olunub və "bu, Litvada təhlükəsizliyin azaldılması ilə birbaşa bağlıdır".
Tixanovskaya Belarusu 2020-ci ilin ziddiyyətli prezident seçkisindən sonra tərk etməyə vadar olunub. O vaxtdan Litva hökumətinin rəsmi qonağı kimi orada yaşayır, Vilnüsdəki ofisdən mühacirətdə olan Belarus müxalifət təşkilatına rəhbərlik edir.
Təhlükəsizlik tədbirləri azaldılandan onun ofisi müvəqqəti olaraq məsafədən işləməyə başlayıb.
Rəsmi məlumatlara görə, Litvada 57 min 511 Belarus vətəndaşı yaşayır. Onların çoxu iqtisadi səbəblərlə bu ölkədədir. Amma Lukaşenko hakimiyyəti prezident seçkisindən sonrakı etirazları zorakılıqla yatırandan sonra Belarusdan Litvaya qaçqınlar da sığınıb.
Müxalifət liderləri, Avropa ölkələrinin əksəriyyəti Lukaşenkonun altıncı dəfə prezident seçilməsini tanımayıblar. Onlar seçkilərin saxtalaşdırıldığını bəyan ediblər.
Litva dəstəyin qaldığını deyir
Yayda Vilnüsdə hakimiyyətə yeni hökumət gəlib. Bəzi tənqidçilər bu hökumətin Minsklə bağlı mövqeyini yumşaltdığını iddia edirlər. Amma Litvanın xarici işlər naziri Kyastutis Budris oktyabrın 8-də jurnalistlərə deyib ki, ölkəsinin Belarusla bağlı mövqeyi dəyişməyib.
"Birgə görüləsi işimiz çoxdur. Litva hazırdır, mən də əməkdaşlığı davam etdirməyə hazıram. Təhlükəsizliyin təşkilinə dair bütün məsələlərin peşəkar və operativ həllinə ümid edirəm", – Budris ELTA agentliyinə bildirib.
Daha öncə baş nazir İnqa Ruqinene Tixanovskayanın təhlükəsizlik səviyyəsinin risk qiymətləndirilməsinə əsasən endirildiyini söyləyib.
Litvanın ictimai televiziyasının məlumatına görə, Tixanovskayanın təhlükəsizliyinə illik 1 milyon avro xərcin azaldılması qərara təsir göstərib.
"Bu, açıq maliyyə məsələsidir. Həm də görünür ki, bu səviyyədə qorunma zəruri deyildi", – bunu hakimiyyətdə olan Sosial Demokratlar Partiyasının deputatı Remiqiyus Motuzas ELTA-ya deyib.
Müxalifətdə olan keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis isə bu qərarı "Litvanın Tixanovskayaya xəyanəti" kimi dəyərləndirib: "Qərarın arxasında hansı səbəblərin dayandığı hələ də aydın deyil, amma bir şey aydındır – əsas qazanan Lukaşenkodur. O, uzun müddət idi Tixanovskayanı kənarlaşdırmağa, onu susdurmağa və legitimliyini sual altına almağa can atırdı".
Buzlar əriyir
Bütün bunlar Lukaşenkonun 2020-ci ildən bəri qaldığı diplomatik təcriddən çıxmağa çalışması fonunda baş verir. ABŞ prezidenti Donald Trampla telefon söhbətindən sonra bir sıra siyasi məhbuslar, o cümlədən Tixanovskayanın əri Sergey Tixanovski həbsdən buraxılıb.
Vaşinqton bunun qarşılığında Belarusun "Belavia" şirkətinə sanksiyaları qaldırıb.
Landsberqis də düşünür ki, indiki hökumət Lukaşenko ilə əlaqələri yaxşılaşdırmaq istəyir.
Amma səbəblərdən asılı olmayaraq Tixanovskaya və digər belaruslu mühacirlərin təhlükəsizliyi narahatlıq mənbəyidir.
2024-cü ilin martında rusiyalı müxalifətçi Leonid Volkova Vilnüsdə çəkiclə hücum olunub. Onun polis qoruması vardı.
Bu il isə xaricdə iki belaruslu fəal itkin düşüb – biri Türkiyədə, digəri Polşada.
Polşada yaşayan tanınmış müxalifətçi Pavel Latuşka AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, Polşa xüsusi xidmət orqanları ona dəfələrlə Belarus xüsusi xidmətinin addımlarını önlələdiklərini bildiriblər.
"Sosial şəbəkələr, e-mail, səfirlərdən azı 160 təhdid almışam", – o əlavə edir.