Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:00

Sızdırılan sənədlər: Azərbaycan Qarabağ müharibəsində Belarus silahlarından da istifadə edib


Prezident Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevi Minskdə salamlayır. 2012, 28Aug2012
Prezident Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevi Minskdə salamlayır. 2012, 28Aug2012

Belarusun Azərbaycana silah satışı ilə bağlı sənədlər sızdırılıb. Bu haqda Jurnalistlərin Korrupsiya Araşdırmaları Layihəsi – OCCRP yazıb.

Belarusdan sızdırılan sənədlər 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan qüvvələrinə qarşı Minskdən alınan silahlardan da yararlandığını göstərir.

Ermənistan rəsmiləri daha öncə Belarusun Azərbaycana silah satmasına açıq etiraz ediblər.

Məsələ ondadır ki, həm Ermənistan, həm də Belarus rəsmi müttəfiqdirlər, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvləridirlər.

OCCRP yazır ki, Belarusun özəl "Tetraedr" silah istehsalçısının Azərbaycan satdığı avadanlıq və xidmətlər onun havadan müdafiə sistemlərini təkmilləşdirməsinə imkan verib. Bu haqda şirkət yazışmalarını, daxili sənədləri OCCRP və tərəfdaşları əldə ediblər.

"Tetraedr"in bir daxili sənədi göstərir ki, Azərbaycanın aldığı havadan müdafiə sistemindən müharibə vaxtı Ermənistan dronlarının məhvi üçün "fəal istifadə olunub".

Ermənistanın Müdafiə Nazirliyi dövlət sirri qanunlarını əsas gətirərək şərh verməyib. Azərbaycanın Müdafiə Nazirliyi isə sualları cavablandırmayıb.

Azərbaycan həmin müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Belarusun avtoritar prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməliyyatını "azadetmə müharibəsi" adlandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan sonra deyib ki, Lukaşenko hakimiyyətdə qaldığı müddətdə Belarusa səfər etməyəcək.

Kontraktlar təkcə MN ilə imzalanmayıb

Sızdırılmış sənədlərə görə, "Tetraedr" Azərbaycan ordusuna təchizat və dəstək üçün azı 16 kontrakt imzalayıb. Ümumilikdə 13 milyon dollardan çox dəyəri olan iki kontrakt "Peçora-2TM" sistemlərinin təmiri, saxlanması, onlara dəstəyi nəzərdə tutub.

Kontraktların azı doqquzu Azərbaycanın Müdafiə Nazirliyi ilə deyil, Britaniyanın Vircin adalarında yerləşən "N.P.O. Navigation Systems" adlı vasitəçi şirkətlə imzalanıb.

Ekspertlər beynəlxalq silah ticarətində vasitəçilərdən istifadənin qanunsuz olmadığını, amma korrupsiya riskini yüksəltdiyini deyirlər.

Jurnalistlər "N.P.O. Navigation Systems"in 2016-cı ildə dolayısı ilə Fuad Seyidəliyev və Arif Rəhimov adlı iki azərbaycanlı biznesmenə bağlı olduğunu üzə çıxarıblar. 2020-ci ildə şirkətə nəzarət David Sutovski adlı İsrail vətəndaşına keçir, o, şirkətin direktoru olur.

"N.P.O. Navigation Systems", Rəhimov və Sutovski şərh üçün müraciətə cavab verməyiblər.

Seyidəliyev isə telefon zənginə cavabında şirkətlə əlaqəsini danıb, sonra isə telefonu asıb. O, sonradan yazılı sualları da cavablamayıb.

XS
SM
MD
LG