Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 00:39

Rusiyanın yeraltı həmlələri. Kupyanska çayın dibindəki boruyla keçiblər


Ukraynalı hərbçi Kupyanskda cəbhə xətti yaxınlığında kəşfiyyat əməliyyatı zamanı Oskol çayı üzərində dağıdılmış dəmiryol körpüsündə dayanır.
Ukraynalı hərbçi Kupyanskda cəbhə xətti yaxınlığında kəşfiyyat əməliyyatı zamanı Oskol çayı üzərində dağıdılmış dəmiryol körpüsündə dayanır.

Xülasə

  • Rusiya qüvvələri üçüncü dəfədir boru kəmərindən keçərək Ukraynaya hücum edir.
  • Kupyanskda Rusiya əsgərlərinin Oskol çayının altı ilə təxminən 13 kilometr məsafəni arabalar və skuterlərlə qət etdikləri bildirilir.
  • Ukrayna rəsmiləri bu taktikanı təsdiqləyir, Sovet dövründən qalan yeraltı boru şəbəkəsinin belə hücumlara qarşı müdafiəni çətinləşdirdiyini deyirlər.

2024-cü ilin yanvarında Avdeyevka hələ Ukraynanın nəzarətində idi. Rusiya əsgərləri bir hissəsi su ilə dolmuş kanalizasiya tunelindən keçərək sakit və meşəlik bölgəyə gizlicə daxil oldular. Bir neçə həftə sonra şəhər tamamilə ələ keçirildi.

İkinci dəfə 2025-ci il martın əvvəlində oxşar hadisə Rusiyanın Kursk vilayətindəki Sudja şəhərində baş verib. Ukrayna qüvvələri səkkiz ay öncə bu regiona girmişdilər. Rusiya əsgərləri istifadəsiz qaz boru kəmərindən keçərək onlara hücum etdilər və bir neçə həftə sonra Ukrayna ordusu Kurskdan geri çəkilib.

İndi, deyəsən, Rusiya üçüncü dəfə belə bir yeraltı hücumu gerçəkləşdirib. Bu dəfə Xarkov vilayətindəki Kupyansk şəhərinin şimalında. Son vaxtlar Ukrayna qüvvələri bu şəhərdə ciddi təzyiq altında idilər.

Çayın dibi ilə 13 km gediblər

Əməliyyatın ötən həftə bitdiyi görünür. Bilinməyən sayda Rusiya əsgərləri arabalar, elektrik skuterləri ilə gizlicə Oskol çayının dibi ilə təxminən 13 kilometr gediblər.

Ukrayna qüvvələri bu çayın qərb sahillərinə nəzarət edir. Oskol həm Kupyanskın, həm də ümumilikdə Xarkov vilayətinin müdafiəsində vacib amil sayılır.

Əməliyyatın uğurlu olub-olmadığı bilinmir. Ukrayna rəsmiləri əvvəlcə bu xəbərləri təkzib ediblər, sonra isə cəhdin qarşısının alındığını, boru kəmərinin dağıdıldığını, su ilə doldurulduğunu deyiblər. Rusiya əsgərlərindən əsir də götürüldüyü açıqlanıb.

Amma Ukrayna ordusu ilə bağlılığı olan "Deep State", döyüşləri açıq mənbələrə əsasən izləyən digər resurslar Kupyanskın şimalında Rusiya qüvvələrinin irəlilədiyini göstərirlər. Bu şəhər Xarkov vilayətinin qərbinə uzanan dəmiryol xətlərinin əsas qovşağı sayılır.

Sentyabrın 17-nə olan məlumata görə, Rusiya qoşunlarının Kupyanskın şimal kənarlarına qədər irəlilədiyi, hətta şəhərə daxil olduqları bildirilir.

AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel yazır ki, bu hadisə Rusiya komandirlərinin ya fərasətinin, ya da tədbirsizliyinin, eyni vaxtda da riskli əməliyyatlarla bağlı təcrübələrinin artdığını göstərir.

Yolboyu yeməkləri də olub

Ukraynanın boru kəməri şəbəkəsinin böyük hissəsi sovet dövründə inşa edilib. Ukraynalı ekspertlər Rusiya hərbi mühəndislərinin bu sistemin ətraflı xəritə və sxemlərinə malik olduğunu ehtimal edirlər.

"Deep State" keçən həftənin sonlarında bu əməliyyatı ilk olaraq gündəmə gətirib. Portal yazıb ki,Rusiya bölmələri Oskol çayının şərq sahilində, Kupyanskdan təxminən 20 kilometr şimal-qərbdə yerləşən Birinci Liman kəndindəki istifadəsiz boru kəməri şəbəkəsinə daxil olublar.

Bölmələrin təkərli arabalarla, elektrikli skuterlərlə hərəkət etdiyi bildirilir. Bu iddianı rusiyapərəst Telegram kanallarının yaydığı çoxsaylı videolar da qismən təsdiqləyib. Bölmələr Oskol çayının dibi ilə, təxminən 2 metr dərinlikdə hərəkət edərək Kupyanskın şimal kənarında yerləşən Radıkovkaya dörd günə çatıblar. Yolboyu ərzaqla da təmin olunublar.

"Avdeyevka və Sudjada yaşananların nəzərə alınmaması təəssüf doğurur. Amma inanmaq istəyirik ki, bu "boru", nəhayət, Ukrayna qüvvələri üçün dərs olacaq", – "Deep State" şərhində yazıb.

Xarkov vilayətinin Kupyansk rayonunda Oskol çayı.
Xarkov vilayətinin Kupyansk rayonunda Oskol çayı.

Meşəlikdə borudan çıxa biliblər

Ukrayna ordu rəsmiləri yeraltı boru kəməri əməliyyatını qismən təsdiqləyiblər. Onlar bildiriblər ki, az sayda Rusiya əsgəri borudan çıxaraq irəliləyə bilib, əksəriyyəti ya məhv edilib, ya da əsir götürülüb. Boru kəmərinin çıxışının Ukrayna müdafiəçilərinin nəzarətində olduğu, birbaşa şəhərə aparmadığı açıqlanıb.

Ukraynanın 429-cu əlahiddə pilotsuz sistemlər alayının bölmə komandiri Yuri Fyodorenko bildirib ki, Rusiya əsgərləri boru kəmərlərinin bir neçə yerində, xüsusilə meşəlik yerlərdə dəlik açaraq kənara çıxa, beləliklə də, Ukrayna dronlarından yayına biliblər.

Fyodorenko "Donbas Realities" proqramına bildirib ki, Ukrayna qüvvələri boru kəmərinin bir və ya bir neçə qolunu məhv edərək keçilməz hala gətiriblər. Onu da əlavə edib ki, belə hücumların qarşısını almaq çətindir, çünki yeraltı şəbəkə çox genişdir, boru kəmərlərini qazmaq üçün traktor və ya ekskavator kimi texnikanı çatdırmaq çətinləşir.

Ukraynadan bir neçə mənbənin məlumatına görə, sözügedən boru kəməri əvvəllər qismən bağlanmış və ya dağıdılmış ola bilərdi. Amma Rusiya minaaxtaranları, əsgərləri onu təmizləyərək aça biliblər.

XS
SM
MD
LG