Ukrayna qüvvələri 2024-cü ilin avqustunda Rusiyanın Kursk vilayətinə gözlənilməz hücum etdi. Amma bundan bir neçə ay sonra onlar artıq bu sərhəd bölgəsində mövqelərini çətinliklə qoruyurdular. Rusiya ordusunun bölmələri Şimali Koreya əsgərləri ilə birgə hücumları artmışdı.
Yeni yaradılmış, az tanınan elit dron bölüyü isə cəbhədəki durumu xeyli dəyişdi.
"Rubikon" adlı bu bölük ardıcıl işləyirdi: Sudja şəhərindəki Ukrayna mövqelərinə, ərzaq və təchizat xətlərinə intensiv zərbələr endirir, onların mövqelərini saxlamasını çətinləşdirirdi.
Ukrayna martda Kurskdan çəkildi.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı 44 aydır davam edir. Kiyev Moskvaya qarşı yeni silahlar və taktika hazırlamağa çalışır. Moskva isə taktikasını tədricən dəyişir, öz texnologiyasını gücləndirir.
Sistemli iş vs. xaos
"Rubikon" 1100 kilometrlik döyüş xətti boyunca ciddi problemlər yaradır. Ukrayna ona qarşı mübarizə yolları tapmaqda çətinlik çəkir. AzadlıqRadiosunun rus xidməti bu bölük və onun strukturu barədə yeni bilgilər əldə edib.
"Rusiyanın Kurskda bir neçə güclü dron bölüyü var idi, amma ən əsası "Rubikon" idi. Buna görə də Ukrayna öz qoşunlarını normal təmin edə bilmirdi. Rusiya bu səbəbdən fevral və martda Kursk vilayətini, demək olar ki, bütünlükdə geri ala bildi", – ABŞ Dəniz Piyadalarının keçmiş zabiti, hazırda Xarici Siyasət Araşdırmaları İnstitutunda hərbi analitik Rob Li radionun rus xidmətinə deyib.
"Rubikon" Rusiyanın ən yaxşı texnoloji bölüyünə çevrilib. Bunu isə Ukrayna Hava Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinska deyir. Bu mərkəz hərbi qüvvələrə dəstək verən qeyri-hökumət təşkilatıdır.
""Rubikon" mükəmməl idarə olunur, sistemli işləyir, ən yaxşı heyəti seçir, təlim verir və bütün zəruri resurslarla təmin edir. Oraya yaxşı pul qoyurlar", – Berlinska avqustun 21-də Facebook-da yazıb. O, "Rubikon"un effektli olması fikriylə ona bələd hər kəsin razılaşdığını vurğulayır: "Bu bir sistemdir. Ukraynanın döyüş xətləri isə, əsasən, xaos içindədir".
"Rubikon"u kim idarə edir?
Bu gizli bölüyün 2024-cü ilin yayında yeni təyin olunmuş müdafiə naziri Andrey Belousovun əmri ilə yaradıldığı ehtimal olunur. Rəsmi adı ""Rubikon" - Perspektivli Pilotsuz Sistemlər Mərkəzi"dir. Amma onun adı Rusiya hüquqi məlumat bazalarında çıxmır, Müdafiə Nazirliyi ilə əlaqəsi də dəqiq bəlli deyil.
AzadlıqRadiosunun rus xidməti bölüyün komandirinin 37 yaşlı polkovnik Sergey Budnikov olduğunu üzə çıxarıb. O, daha öncə artilleriya və dəniz piyadaları zabiti olub.
Budnikov Kremlin təbliğatçısı olan teleaparıcı Vladimir Solovyovun fevralın əvvəlində yayımladığı videoda görünür. Budnikovun fotoları onun həyat yoldaşının artıq silinmiş VK sosial media hesabında da var.
"Rubikon" həm yeni dron texnologiyalarını inkişaf etdirən, həm də yeni taktikaları sınayan, dron operatorlarını özləri hazırlayan qarışıq bir təşkilatdır. 2025-ci ilin yazınadək "Rubikon"uun təxminən yeddi bölüyü olub, hər birində təxminən 130-150 nəfər çalışıb. Bunu tez-tez Ukrayna cəbhə xəttində olan Rob Li deyir.
"Rubikon"un əsas bazalarından və ya təlim mərkəzlərindən birinin "Patriot parkı" Sərgi və Konqres Mərkəzində olduğu görünür. Bu, Solovyovun yayımladığı videoda, Müdafiə Nazirliyinin, o cümlədən Belousovun mərkəzi gəzərkən çəkilən digər videolarda əks olunub.
Budnikov AzadlıqRadiosunun rus xidmətinin sorğularına cavab verməyib.
Tədbir. Əks-tədbir. Əks-tədbirə qarşı tədbir
Hərbi analitiklər müharibənin gedişatını yaxından izləyirlər. Axı, hər iki tərəf yeni texnologiyalar və sistemlər yaratmaq üzrə yarışır. Dronların üstünlüyü isə döyüş taktikalarını əhəmiyyətli dərəcədə dəyişib, bəzi hallarda ənənəvi artilleriyadan tamamilə uzaqlaşdırıb.
Ukraynanın nəzarətində olan ərazilərdə yol kənarları torlarla örtülür. Bununla nəqliyyat vasitələrinə hücum edən dronların qarşısını alırlar. Ukraynalı dron operatorları isə Rusiya dronlarını tutmaq üçün yuxarıdan tor atan dronları sınayırlar.
Hər iki tərəf sürətlə fiber-optik dron donanmaları yaradır. Bu dronlar düşmənin yerini elektron müdaxiləyə məruz qalmadan hədəfə almaq imkanı verir.
"Məni ən çox təəccübləndirən rusların dronlardan istifadə bacarıqlarını necə inkişaf etdirmələri idi. "Rubikon" Ukraynanın ikinci və üçüncü müdafiə xətlərində böyük dağıntılar törədir, bunu çox sistemli, çox metodik şəkildə edir". Bunu Polşada fəaliyyət göstərən hərbi analitik Konrad Muzıka iyulda Ukraynanın ön mövqelərinə səfərindən sonra AzadlıqRadiosuna deyib.
"Rubikon"un bölükləri Ukraynanın dron müharibəsinin müəyyən bir aspekti üzrə ixtisaslaşıb: bəziləri FPV-dronlara, digərləri kəşfiyyat, yaxud partlayıcılar və ya kiçik dronlar daşıya bilən ağır yük dronlarına fokuslanır.
"Rubikon" həm də elektron müharibə və radiosiqnal kəşfiyyatı üzrə ixtisaslaşıb. Bu isə Ukrayna dronlarını və onların operatorlarını effektiv tapmağa kömək edir.
Fevraldan bəri "Rubikon"un bölükləri Ukraynanın dron operatorlarını sistematik hədəfə alır. Ukraynanın bir briqadası bir məkanda bir həftə içində dron operatorlarının 70 faizini itiribmiş, - Li belə deyir.
Sentyabradək "Rubikon"un bütün zərbələrinin 25 faizdən çoxu dronlara, 15 faizi isə müxtəlif radar, rabitə və elektron müharibə sistemlərinə yönəlib. Bu statistikasını kremlyönlü, açıq mənbələrə əsaslanan "LostArmour" saytı açıqlayıb.
Ukrayna dron alayının komandiri, polkovnik-leytenant Kirilo Veres "Rubikon"un əməliyyatlarını "mükəmməl" adlandırıb.
"Onların fəaliyyət göstərdiyi yerlərdəki Ukrayna bölüklərinə həsəd aparmıram. Ən yaxşısı onlardır. Ən üst səviyyədir. Ümid edək ki, fəaliyyətlərini genişləndirməyəcəklər", – Veres iyulda "Ukrainska Pravda"ya deyib.
"Azov"un 12-ci Xüsusi Təyinatlılar Briqadasının əsgəri Denis Mişşenko isə bildirib ki, "Rubikon" "öyrənilməli, təhlil olunmalı, onlara qarşı üsullar tapılmalıdır".
"Çox güclü bir düşməndir, ona daha çox diqqət ayrılmalıdır. Onlarla üz-üzə gəlmisinizsə, nə demək istədiyimi anlayarsız", – o, X platformasında yazıb.
Yazını AzadlıqRadiosunun jurnalistləri Mark Krutov, Sergey Dobrınin, Yevgeni Leqalov "Current Time" və "Sistema"nın araşdırması əsasında hazırlayıb.