Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun işində zərərçəkmiş kimi tanınan şəxsin keçmiş həyat yoldaşının məhkəmədə dindirilməsini istəyir. Vəkil Rövşanə Rəhimova oktyabrın 8-də Bakı məhkəmədə bu barədə vəsatət qaldırıb.
A.Qasımlının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. İndi məhkəmədə A.Qasımlının özü dindidilir.
Ötən məhkəmə iclasında ifadə verən politoloq oktyabrın 8-də prokurorun, zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla vəkillərinin suallarını cavablandırıb. Verilən suallar, əsasən, Q.Yusifovla tanışlıqları, onun vasitəsilə kriptovalyuta birjasına nə qədər, necə yatırım etməsi və s. barədə olub.
A.Qasımlı sualları cavablandıraraq bildirib ki, "Binance" kriptovalyuta birjasına yatırmaqdan ötrü Q.Yusifova, hər dəfə 10 min dollar olmaqla, iki dəfəyə toplam 20 min dollar verib. Politoloqun sözlərinə görə, qarşı tərəf onun etibarından sui-istifadə etdiyindən ondan pulunu geri istəyib.
Təqsirləndirilən politoloqun vəkilləri suallara etiraz edərək bildiriblər ki, bu məhkəmədə A.Qasımlıya qarşı hədə-qorxu ilə tələbetmə ittihamına baxılır. Ona verilən suallarsa kommersiya xarakterlidir. Vəkillər deyirlər ki, A.Qasımlı ötən məhkəmə iclasında ətraflı ifadə verib və verilən sualların cavabı da həmin ifadə də yer alıb: "İndi yenidən həmin sualları vermək vaxt itkisidir".
"Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı birbaşa şahid ola bilərdi"
Vəkil R.Rəhimova vurğulayıb ki, onun müvəkkili Q.Yusifova qarşı hədə-qorxu ilə tələbetmədə suçlanır. Ancaq ortada onun şikayətindən başqa nə birbaşa şahid var, nə də mötəbər sübut. Şahidlər siyahısında Q.Yusifovun valideynləri, xalası oğlunun adları var və hadisənin birbaşa şahidləri olmayan bu şəxslər onun adından danışırlar: "Birbaşa şahid Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı ola bilərdi. O, ötən məhkəmə iclaslarının birində Azər Qasımlıya bildirdi ki, "sənə görə ailəm dağıldı". Üstəlik, iddia edir ki, Azər Qasımlı onu həmin həyat yoldaşından olan oğlunu oğurlamaqla hədələyib. Əgər doğrudan da Azər Qasımlıya görə ailəsi dağılıbsa, keçmiş həyat yoldaşı gəlsin, suallarımızı verək, o da cavab versin...".
Politoloqun digər vəkili Aqil Layıc da həmkarının qaldırdığı vəsatətin təmin olunmasını istəyib. Vəkil əlavə edib ki, Q.Yusifov A.Qasımlı ilə çəkişmədə yararlandığı oğluna aliment ödəmədiyinə görə məhkəməyə verilmişdi.
Zərərçəkmiş Q.Yusifov və onun nümayəndəsi, eləcə də prokuror əlavə şahid kimi Fərəhbanu Niftəliyevanın məhkəməyə çağrılıb dindirilməsinə etiraz edərək buna ehtiyac duyulmadığını söyləyiblər.
Hakimlərsə bununla bağlı vəsatəti baxılmamış saxlayıblar. Qərarı da belə əsaslandırıblar ki, hələ heç ittiham aktında adı olan əsas şahidlər dindirilməyib və onlar ifadə verəndən sonra bu məsələyə baxılacaq.
A.Qasımlının işi üzrə məhkəmə prosesi oktyabrın 22-dək ertələnib.
Xatırlatma
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".
Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.
Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirirlər ki, həmin məhkəmədə Q.Yusifov A.Qasımlıya borclu olduğunu etiraf edib.