"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, ölkədəki repressiv siyasəti tənqid etdiyinə görə 10 aydır həbsdədir: "İlham Əliyev istədiyinə görə mən buradayam. Baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun, DTX sədri Əli Nağıyevin repressiv siyasətini haqlı tənqid etdiyimə görə cəzalandırılmışam".
R.Səfərov sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində sualları cavablandırarkən bu fikirləri səsləndirəndə prokuror müdaxilə edib. Nəticədə onunla prokuror arasında mübahisə yaşanıb.
Prokuror iddia edib ki, R.Səfərov dələduzluq və xuliqanlıq ittihamıyla həbsdədir və hazırda məhkəmədə də bununla bağlı cinayət işinə baxılır. R.Səfərov isə yada salıb ki, vaxtilə o da prokurorluğun müstəntiqi idi və gözünün önündə insanların hüquqlarının pozulmasına, qanunların tapdalanmasına dözməyib, könüllü şəkildə bu sistemi tərk edib: "Siz mənim keçmiş həmkarım kimi deyirsiniz ki, mən dələduzam? Onsuz da bu ölkədə demokratiyanı, insan hüquqlarını müdafiə edən adamlar ya dələduz olur, ya xuliqan olur, ya da narkoman olur. 2015-ci ilin dekabrında, sizdən fərli olaraq, prokurorluğun verdiyi vəsiqəni iki yerə böldüm, dedim ki, birini Zakir Qaralova çatdırın, birini də Rüstəm Usubova. Mən o zaman bilirdim ki, başıma nələr gətirəcəklər, amma yenə də bu sistemdə işləmək istəmədim".
Vəkili Elçin Sadıqovun suallarını cavablandıran R.Səfərov deyib ki, zərərçəkmiş qismində tanınan Natiq İmamquliyevin ona 60 min manat verməsi barədə ittihamda yazılanlar yalandır. Hüquq müdafiəçisi vurğulayıb ki, heç kim şahid, sübut olmadan, alqı-satqı müqaviləsi bağlanmadan başqasına 60 min manat pul verməz.
Üsyankar müstəntiq azadlıqda-evindən reportaj (Arxiv. 2016)
Sizin brauzer HTML5-i dəstəkləmir
Üsyankar müstəntiq azadlıqda-evindən reportaj
R.Səfərov əlavə edib ki, həmin şəxsi ilk dəfə saxlandığı gün evinin qarajında, ona hücum edəndə görüb: "Maşından düşdüm, qəfildən üstümə hücum çəkdi. Özümü müdafiə etmək üçün kəmərindən yapışdım. Qarajda Eldar adlı mühafizəçi var, onu çağırdım. Bu vaxt polis maşını gəlib məni qandalladı".
Hüquq müdafiəçisi deyir ki, polislərin dərhal gəlməsiylə bunun öncədən hazırlanmış əməliyyat olduğunu anlayıb.
N.İmamquliyev torpaq sahəsi almaqdan ötrü R.Səfərova 60 min manat verdiyini iddia edib. Hüquq müdafiəçisi isə onun yalan danışdığını söyləyib.
R.Səfərovun məhkəməsi noyabrın 3-də davam edəcək.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim edib.
R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.