Oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin Düşənbədəki görüşünün pərdəarxasında nə baş verdi? Üzdə görünən odur ki, Putin dekabrda təyyarə qəzasına görə üzrxahlıq etdiyini xatırlatdı və təyyarəni Rusiya havadan müdafiə sisteminin vurduğunu dedi. Amma onu da qeyd etdi ki, buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, bu halda təyyarə yerindəcə məhv olardı. Raketlər təqribən 10 metrlik məsafədə öz-özünə məhv olub.
Aviasiya eksperti Vadim Lukaşeviç bu fikirlə razı deyil. Onun fikrincə, raketlərin təyyarənin gövdəsinə birbaşa dəymədən onun yaxınlığında partlaması hava hücumundan müdafiə raketləri üçün "normal" davranışdır.
"Bu, raketin təyyarədən yüzlərlə metr aralıda özünü məhv etməsi yox, təmassız partladıcının standart işə düşməsi idi", – Lukaşeviç Facebook-da yazıb.
"Putin Rusiyanın təyyarəmizin vurulmasında Rusiya Silahlı Qüvvələrinin iştirakını yalnız bu qədər - maksimum malalayaraq etiraf edib. Və bu yarımçıq etiraf bəs edib ki, Əliyev Putinə növbəti dəfə təşəkkür etsin. Bu etirafdan çox, təyyarəmizi vuran hərbçiləri məsuliyyətdən yayındırmağa xidmət edən sözlər kifayət edib ki, Bakıda yaltaqlar və trollar ordusu eyforiya yaratsın", – bunu isə müxalifətdə olan AXCP sədri Əli Kərimli yazır.
Deputat Azay Quliyev isə rəsmi AZƏRTAC agentliyinə müsahibəsində prezidentlərin görüşünü dəyərləndirərkən deyib ki, təyyarəni Rusiya hərbi hava qüvvələrinin vurması ilk dəfə etiraf olunub: "Putin qəza nəticəsində həlak olanların ailələrinə və zərərçəkənlərin hamısına kompensasiya ödəniləcəyini bəyan etdi. Nəhayət, bu faciəyə səbəb olan və təyyarəmizə atəş açan günahkarların əməllərinə hüquqi qiymət veriləcəyini, onların cəzalandırılacağını bildirdi. Rusiya Prezidentinin bu açıqlaması bəlli həqiqəti bir daha hamıya xatırlatdı: Azərbaycanla yalnız qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və dostluq əsasında münasibətlər qurmaq mümkündür".
Deputatın vurğulamasına görə, qarşı tərəfdə duranın kimliyindən asılı olmayaraq, prezident Əliyev milli məsələlərdə heç vaxt heç kimə güzəştə getməyib: "Milli maraqlarımız uğrunda hər zaman qətiyyətlə və sona qədər mübarizə apararaq istədiyinə nail olub".
İvan Preobrajenski
"Münaqişə pulla bağlı idi"
AzadlıqRadiosunun "Current Time" layihəsinə danışaq politoloq İvan Preobrajenski Bakı ilə diplomatik konfliktdə Rusiya prezidentinin daha çox güzəştə getdiyini bildirir: "Moskva ilə Bakı arasındakı münaqişənin məğzi bu idi ki, Azərbaycan Ermənistan ərazisindən keçəcək transmilli ticarət dəhlizi planını Türkiyə və ABŞ ilə razılaşdırmışdı. Bu layihə sonradan "Tramp Yolu" adlandırıldı. Rusiya bu məsələdə çıxdaş olunmuşdu. Kreml isə Cənubi Qafqazda hansı proseslərin getdiyini bildiyindən Azərbaycanın üstünə getdi".
Politoloq tərəflərin atdığı addımları, bir-birinin vətəndaşlarını həbs etməsini hər iki lider üçün "sadəcə gözəl teatr tamaşası" adlandırır: "İnsanların maraqları onları çox da narahat etmirdi, hətta təyyarədən belə daha çox münaqişənin əsas səbəbi yox, bəhanəsi kimi istifadə olunurdu. Münaqişə pulla bağlıydı. Buna görə də pul məsələsinə qayıtdılar və ikitərəfli ticarət əməkdaşlığını müzakirə etməyə başladılar", – İ.Preobrajenski əlavə edir.
Prezidentlər bu il həm iqtisadi-ticari, həm də bütün digər istiqamətlər üzrə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıblar. Politoloq Türkiyənin ABŞ ilə danışıqlar apardığını, Rusiya qazından qismən, yaxud tam imtina edə biləcəyini deyir. Onun fikrincə, Kreml bu səbəbdən Əliyevlə təcili barışmalı oldu: "Azərbaycanda bəzi şirkətlər sanksiyaları aşmağa kömək edir, Rusiya neftini "Azərbaycan nefti", yaxud başqa adla satırlar. Bu əməkdaşlıq açıq-aşkar hər iki diktatora milyardlarla gəlir gətirir və görünən odur ki, onlar bunu qorumağa çalışdılar".
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan həbs etdiyi Rusiya vətəndaşlarını birtərəfli buraxa bilərmi?
İ.Preobrajenski deyir ki, Putin buna görə qürurundan vaz keçdi, güzəştə getdi, Əliyevin tələblərini sonadək olmasa da, qismən yerinə yetirməli oldu: "Bu, yaxşı təşkil olunmuş, öncədən razılaşdırılmış tamaşanın arxasında isə real razılaşma dayanır,iqtisadi əməkdaşlığın qorunub saxlanması və genişləndirilməsi ilə bağlı. Rusiya Cənubi Qafqazda yeni oyun qaydalarını qəbul edir, oradan qovulduğunu anlayır. Və Rusiya bu regionda Azərbaycanın üstünlüyünü qəbul edir".
"Bu insanlar şahmat oyununda piyada idilər"
Doqquz aydan çox çəkən qalmaqalın digər fəsadları necə olacaq? Rusiyada həbsdə olan azərbaycanlılar, Bakının həbs etdiyi rusiyalılar buraxılacaqmı? Görüşün ertəsi günü "Sputnik Azərbaycan"ın icraçı direktoru ev dustaqlığına buraxılıb, Moskvada isə bir azərbaycanlının azad olunduğu bildirilir.
İ.Preobrajenski hər iki liderin bu adamları vecinə almadığını deyir. O ehtimal edir ki, Rusiyadakı diaspor təmsilçiləri həbsdən tədricən çıxacaqlar, vurulmuş təyyarəyə görə isə Moskva nəsə ödəyəcək: "Amma ümumilikdə proses yavaş gedəcək, çünki həm Putinə, həm də Əliyevə indi bu işlərin necə bitməsi heç maraqlı deyil. Bu, insanlar şahmat oyununda piyada idilər".