Keçid linkləri

2025, 12 Sentyabr, Cümə, Bakı vaxtı 01:45

Rusiya prezidentinə Azərbaycandan hansı məlumatlar çatdırılıb?- 'The Insider'


Putin Bakıda ziyafətə Əliyevin idarə etdiyi maşında gedir.
Putin Bakıda ziyafətə Əliyevin idarə etdiyi maşında gedir.

Rusiya prezidenti Vladimir Putin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Məqsəd prezident administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. "The Insider" araşdırma nəşri yazır ki, Kreml keçmiş SSRİ ölkələrində "yumşaq güc"ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.

Sözügedən idarə 2005-ci ildə, Ukraynada "narıncı inqilab"dan bir il sonra yaradılıb. "Həmin hadisələr Putini o dərəcədə qorxudub ki, prezident administrasiyasında belə bir idarə yaratmaq əmri verib. Məqsəd yaxın xaricdə "rəngli" inqilabları önləmək olub", – nəşr yazır.

İdarənin maraq dairəsinə Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, digər postsovet respublikaları da daxil olub.

QHT-lər "yumşaq güc" rolunda

İdarədə Azərbaycana QRU əməkdaşı Valeri Çernışev baxıb. Ona ölkənin tanınmış şəxsləri, məmurları, hərbçiləri barədə operativ məlumatlar daxil olurmuş.

Nəşr yazır ki, Kreml Azərbaycanda Türkiyəyə qarşı Rusiyanın maraqlarını təbliğ edəcək təşkilatın olmamasından çox narahat idi.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Azərbaycanda yeni səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edir.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Azərbaycanda yeni səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edir.

İdarənin kuratoru Dmitri Kozaka "Azərbaycan" şöbəsinin məruzəsində deyilirdi: "Azərbaycanda Rusiya QHT-lərini gücləndirmək məqsədəuyğundur. Rusiyanın mövqeyini təbliğ edəcək real ictimai təşkilatları çatışmır. Mövcud olanların dirçəldilməsi, yaxud Azərbaycanda yeni QHT-lərin yaradılması Rusiyanın təsirinin gerçəkləşdirilməsindən ötrü "yumşaq güc" alətinin yaranmasına töhfə verərdi".

QHT işinin, əsasən, sərhədyanı ərazilərə, gənclərə, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına hədəflənməsi tövsiyə olunurdu.

Ermənistana isə digər QRU əməkdaşı Dmitri Avanesov baxırmış. Nəşr yazır ki, Ermənistan hökumətindəki "köstəbək" Avanesova baş nazir Nikol Paşinyanın bütün hərəkətləri haqda məlumat ötürürmüş. Paşinyanın adı bu məlumatlarda "Saqqal" ləqəbi ilə qeyd edilirdi.

100 milyon dollardan çox vəsait hara gedib?

Nəşr Azərbaycanda çoxsaylı seminarların, dəyirmi masaların, jurnalistika məktəblərinin təşkil olunduğunu yazır. Rusiya büdcəsi hesabına prezident İlham Əliyevin atasının şərəfinə "Heydər Əliyev. Şəxsiyyət. Missiya. İrs" adlı dəbdəbəli sərgi də keçirilib.

"Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs" tarixi-sənədli sərgisi
"Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs" tarixi-sənədli sərgisi

İdarənin keçmiş əməkdaşı "The Insider"ə deyib ki, onun hesablamasına görə, Azərbaycanla dostluğa 100 milyon dollardan çox sovrulub: "Yenə də bir çox şey sadəcə hesabat xatirinə və ya "balalayka diplomatiyası" ruhunda edilirdi. Elə hey içirdilər, içirdilər və yenə içirdilər".

Bu hesabata Rusiya və Azərbaycandan rəsmi münasibət açıqlanmayıb.

Moskva ilə Bakının münasibəti ötən ilin sonunda AZAL təyyarəsinin qəzasından sonra sərinləyib. İyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reyd, iki nəfərin ölümündən sonra gərginlik artıb. Bakı Kremlin "Sputnik" propaqanda ruporunu bağlayıb, əməkdaşlarını saxlayıb, ilin sonunadək Rusiyanın mədəniyyət tədbirlərini ləğv edib.

XS
SM
MD
LG