Ukraynanın baş naziri Yuliya Sviridenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, onun qardaşı xaricdə yaşayır. Bu, ölkənin ordusu Rusiyanın davam edən işğalı fonunda yeni hərbiçilər tapmaqda çətinlik çəkdiyi bir vaxtda potensial olaraq zərərli açıqlama sayıla bilər.
Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra Kiyev 18-60 yaş arası kişilərin ölkəni tərk etməsinə qadağa qoyub.
AzadlıqRadiosu avqustun 25-də Kiyevdə tədbirdən çıxarkən baş nazir Sviridenkoya yaxınlaşıb və ondan qardaşı Vitalinin müharibə zamanı Ukraynanı tərk etməsinin doğru olub-olmadığını soruşub.
Baş nazir, "o, tammiqyaslı müharibə zamanı tərk etməyib",- suala cavab verib.
Jurnalist onun qardaşının müharibədən əvvəl ölkəni tərk etməsi və geri qayıdıb-qayıtmaması ilə bağlı sualı bir neçə dəfə təkrarladıqdan sonra narahat görünən Sviridenko əvvəlcə cavab verməyib, lakin daha sonra "o, xaricdə yaşayır", - deyə bildirib.
Sənədlər göstərir ki, V.Sviridenko 2022-ci ilin avqustunda Londonda əmlak icarəyə götürüb.
Baş nazir Y.Sviridenkonun şərhində hər hansı qanun pozuntusu olmasa da, bu, müharibə dövründə Ukraynada səyahət məhdudiyyətlərinin nə dərəcədə ədalətlə tətbiq olunması və siyasi şəffaflıq tələbləri barədə gedən müzakirələrə əlavə olunur.
Hərbi vəziyyət
Ukraynalı kişilərin xarici səfərlərini məhdudlaşdıran hərbi vəziyyətin tətbiqi ailələri ayırıb, xaricdə təhsil və iş imkanlarını pozub, ölkənin sərhəd-keçid məntəqələrində gərginlik yaradıb.
Ukrayna mediası həmçinin bildirib ki, səyahət qadağası qeyri-qanuni sərhədi keçmə, saxta tibbi arayışlar və rüşvət hallarının artmasına səbəb olub.
37 -yaşlı V.Sviridenko iqtidarda olan "Xalqın xidmətçisi" partiyasının Çerniqov Vilayət Şurasının keçmiş üzvüdür. O, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğal müharibəsindən əvvəl vəzifəsindən istefa verib. Onun Londona köçməsi sonradan ictimaiyyətə məlum olub. Mənbələr bildirib ki, onun bacısı keçən ay baş nazir postuna namizəd göstərilərkən bu nüans neqativ hal hesab olunub.
Keçən il "Xalqın xidmətçisi" partiyasını tərk etmiş müstəqil deputat Maryana Bezuqla məsələyə münasibət bildirərkən deyib ki, məmurlar qohumlarının qərarlarına görə məsuliyyət daşımasalar belə, narahatlıq doğuran suallara cavab verməlidirlər.
Burada ziddiyyət doğuran məqam isə bunun ölkənin fərarilik və aşağı səfərbərlik səbəbindən əsgər çatışmazlığı ilə üzləşdiyi bir vaxta təsadüf etməsidir. Hazırda 25 yaş və yuxarı kişilər səfərbərliyə cəlb oluna bilər. Hökumət səfərbərlik yaşını aşağı salmaqdan çəkinir.
Ukrayna parlamenti hazırda 25 yaşdan aşağı kişilərin xaricə səfər etməsinə icazə verəcək qanun layihəsini müzakirə edir. Layihənin tərəfdarları bildirirlər ki, bu tədbir ailələr üzərində təzyiqi yüngülləşdirər və ölkəni qeyri-qanuni tərk etməyə çalışan gənc kişilərin sayını azaldar.
Qanun layihəsini dəstəkləyənlərin fikrincə, hazırkı ümumi səyahət qadağası xaricdə təhsil və ya işləmək üçün qanuni imkanlar axtaranlar üçün maneələr yaradır, eyni zamanda, korrupsiya və ictimai inamsızlığı təşviq edir.
Ukrayna prezidenti Volodimir Zelenski hökuməti və hərbçiləri hərbi hazırlığı pozmadan gənclər üçün sərhəd-keçid məhdudiyyətlərini yüngülləşdirməyin yollarını araşdırmağa çağırıb.