Tacikistanda ata 15 yaşlı oğlunu nağd pul (60 dollar) oğurlamaqda ittiham etdikdən sonra onu nə polisə aparıb, nə də danlayıb. O, oğlunun ayaqlarını kəndirlə bağlayaraq maşınının arxasınca sürüyüb və hadisəni videoya çəkib. Yeniyetmə aldığı xəsarətlərdən ölüb. İyulda baş verən bu qətl Tacikistanda şok effekti yaradıb, halbuki 2024-cü ildə ölkədə fiziki cəza qadağan edilib. Lakin Mərkəzi Asiyada əksər ailələrdə fiziki cəza yalnız geniş yayılmayıb, bu, həm də bir norma hesab olunur. Pis qiymətlər aldığına görə şillələmək, itaətsizlik üçün "qulaqburması vermək", "tərbiyələndirmək" üçün döymək valideynlik mədəniyyətinə hopub.
"Mənim övladım, mənim qaydalarım" ifadəsi tez-tez bəhanə kimi işlədilir və əslində çox vaxt zorakılıq hesab olunan zərərli davranışları ört-basdır edir. Tacikistanın paytaxtı Düşənbədən 60 kilometr aralıda yerləşən Tursunzadə şəhərində yeniyetmənin öldürülməsi yeganə hadisə deyil. 2024-cü ilin noyabrında Tacikistanın sosial şəbəkələrində Xatlon vilayətindən olan bir nənənin 3–7 yaş arası beş uşağı yerə uzadaraq çubuqla döyməsini əks etdirən görüntülər yayılıb. Bu hadisədən bir ay əvvəl isə həmin vilayətdə ana 10 yaşlı oğlunu ictimai yerdə yumruqlayaraq burnu qanayana qədər döyüb və bu videoya çəkilib.
Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə yetkinlik yaşına çatmayanlara qarşı 994 cinayət törədilib ki, bu da əvvəlki illə müqayisədə 30 faizdən çox artım deməkdir. Həmin döyülmələr zamanı 48 uşaq ağır xəsarətlər alıb. Tacikistanın 10 milyon əhalisinin 40 faizinin 28 yaşdan aşağı olduğu nəzərə alınarsa, zorakılığın miqyasının nə dərəcədə böyük olduğu aydın olur.
UNICEF-in Düşənbə adının açıqlanmasını istəməyən nümayəndəsi AzadlıqRadiosuna deyib: "Son demoqrafik və sağlamlıq sorğusuna əsasən, 14 yaşından kiçik uşaqların 56 faizi evdə zorakılığa məruz qalıb".
Valideynlərin fiziki cəza tətbiq etməsi Mərkəzi Asiyada adi haldır. 2023-cü ildə, UNICEF-in sorğusuna görə, Özbəkistanda 14 yaşından kiçik uşaqların 62 faizinin zorakı intizama məruz qaldığı məlum olub. Bu yaz parlamentdə valideynlər tərəfindən fiziki cəzanın bütün formalarını qadağan edən yeni qanun qəbul olunub.
UNICEF 2023-cü ildə bildirib ki, Qazaxıstanda uşaqların 53 faizi ya psixoloji, ya da fiziki cəzaya məruz qalıb. 1-2 yaş arası körpələrdə bu göstərici 38 faiz təşkil edib. BMT-nin Uşaq Hüquqları Komitəsi Astanaya hüquqi qadağalar qoymağı tövsiyə edib, lakin ölkədə hələ də belə bir qanun yoxdur.
Qırğızıstanda fiziki cəzanın qadağan olunması ilə bağlı plan hazırlanır. Buna səbəb isə 2023-cü ildə aparılan sorğunun nəticələridir: həmin sorğuya görə, uşaqların 65 faizi evdə zorakı intizama, 37 faizi isə fiziki cəzaya məruz qalır.
"Valideyn savadsızlığı"
Son illərdə Mərkəzi Asiyada narahatlıq doğuran mənzərə yaranıb. Bəzi valideynlər övladlarına fiziki zorakılıq edir və onları kamera qarşısında alçaldırlar. Bu hərəkətləri həyat yoldaşlarına və ya digər ailə üzvlərinə göndərmək üçün qəsdən lentə alırlar. Bu cür videolar manipulyasiya etmək və yaxın ailə üzvlərinə təzyiq göstərmək üçün istifadə olunur.
Fevralda Özbəkistanda bir ana öz ərindən qisas almaq üçün körpəsini döyərək bunu videoya çəkib. O, videoda uşağı öldürməklə ərini hədələyib. 2023-cü ildə isə ölkənin Daşkənd vilayətində bir ata həyat yoldaşına əzab vermək üçün körpəsini təpikləyib boğarkən özünü videoya çəkib.
Qazaxıstanın Almatı şəhərində yerləşən "Xoşbəxt Ailə" məsləhət mərkəzinin direktoru Eljas Ertayulı deyir ki, əsas problem valideynlərin savadsızlığıdır: "Çoxları belə düşünür: "Niyə (uşağa) düzü və səhvi anlatmağa vaxt sərf edəsən ki, qışqırmaqla və ya hədələməklə bir neçə dəqiqəyə itaəti əldə etmək olar?".
"Uşaqlara qarşı aqressiya valideynin zəifliyinin, onun emosional vəziyyətinin qeyri-sabit olmasının və cahilliyinin göstəricisidir", - Ertayulı deyib.
"Ola bilər ki, magistr dərəcən olar, peşəkar olarsan, amma ailə həyatının dəyərlərini və müəyyən üsulların zərərini bilmirsənsə, ailə münasibətlərində savadsızsan. Həmin savadsızlıq uşaqları düşünmədən cəzalandırmağa imkan verir", - o əlavə edib.
Düşənbədəki Tacikistan Milli Universitetinin psixoloqu və dosenti Mədinə Şaripova zorakılığın dövri xarakter daşıdığını bildirib: "Qışqırıq və təhqirlə böyüyən uşaqların başqa nümunəsi yoxdur. Onlar valideyn olduqdan sonra eyni nümunələri təkrarlayırlar".
Özbəkistandan olan uşaq psixoloqu Müəzzəm İbraqimova isə xəbərdarlıq edib ki, hər dəfə təkrarlanan cəzalar uşağın təhlükəsizlik hissini məhv edir: "Ağrı, əzab onları qorumalı olan insandan gəlir. Bu, inamı qırır və xroniki stress yaradır. Uşaqlar öz hərəkətləri və özlərini fərqləndirməyi dayandırırlar: "Mən nəyisə səhv etmişəm" deyə düşünmürlər. "Mən pisəm" deyə düşünürlər".
O deyib ki, nəticədə dağıdıcı bir dünya görüşü yaranır: "Belə valideynlər zorakılığın itaəti təmin etməsi anlayışını mənimsəyirlər. Sonradan ya başqalarını idarə edirlər, ya da onları idarə edəcək birini axtarırlar. Beləliklə, zorakılıq davam edir".
Tacikistandakı "Hüquq Təşəbbüsü" QHT-nin direktoru Gülçöhrə Rəhmonovanın sözlərinə görə, sosial problemlər də riskləri artırır.
"Əhalinin böyük hissəsi yoxsulluq həddində yaşayır. Maliyyə vəziyyətinin qeyri-sabitliyi və ərzaq, mənzil və ya geyim çatışmazlığı böyük stress yaradır. Aqressiya ən həssas təbəqəyə - uşaqlara yönəlir", - Rəhmonova bildirib.
Mərkəzi Asiyadan olan işçi miqrantların uşaqları xüsusilə risk altındadır. Valideynləri xaricdə pul qazanarkən qohumlarının yanında qalan bu uşaqlar tez-tez baxımsızlıq və ya zorakılıqla üzləşir. 2024-cü ilin martında Özbəkistanın Daşkənd vilayətində bir qadın 6-yaşlı qardaşı qızını ev tapşırığını yerinə yetirmədiyinə görə döyüb. Tacikistanlı yeniyetmənin başına gələn isə yalnız lentə alındığı və internetdə yayıldığı üçün məlum olub. Bu kimi zorakılıq hallarının yalnız bir hissəsi üzə çıxır.
Mütəxəssislər hesab edir ki, problem yalnız günahkarları cəzalandırmaqla həll olmur, həm də ailələrə zorakılıq olmadan nizam-intizamın həm mümkün, həm də zəruri olduğunu öyrətmək lazımdır.
Yazını AzadlıqRadiosunun Mərkəzi Asiya xidməti və radionun jurnalistləri Merhat Şaripjan və Nərgiz Hambarbayeva hazırlayıblar.