Keçid linkləri

2025, 25 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:48

Son tarix yaxınlaşır. İrana qarşı 'snapback' sanksiyaları nədir?


Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer NATO sammiti çərçivəsində E3 toplantısında.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer NATO sammiti çərçivəsində E3 toplantısında.

Avropanın aparıcı üçlüyü (E3) adlandırılan ölkələr - Britaniya, Fransa və Almaniya BMT-də İrana qarşı qlobal sanksiyaların yenidən tətbiq edilə biləcəyi barədə artıq xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, əgər Tehran avqustun sonuna qədər ABŞ ilə nüvə danışıqlarında real irəliləyiş əldə etməsə, bu istiqamətdə işləməyə başlayacaqlar.

"Snapback" (sanksiyaların avtomatik bərpası) mexanizmi 2015-ci ildə İranın nüvə sazişi ilə yanaşı, yaradılmış xüsusi bir prosedurdur və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə rəsmi şəkildə təsdiqlənmişdir. Onun məqsədi budur ki, əgər İran sazişi ciddi şəkildə pozarsa, beynəlxalq ictimaiyyət böyük dövlətlərin veto hüququ və ya danışıqlarla vaxt itirmədən nüvə sazişindən əvvəl mövcud olan bütün BMT sanksiyalarını sürətlə bərpa edə bilsin.

"Snapback" hüquqi mətndə işlədilən rəsmi bir termin olmasa da, qeyri-rəsmi bir termin kimi formalaşıb və sanksiyaların avtomatik bərpasını ifadə edən stenoqrama çevrilib. E3 artıq BMT-ni bu mexanizmi işə salmağa hazır olduğu barədə məlumatlandırıb. Bu addım İranın nüvə proqramı ətrafında gərginliyi daha da artıra bilər. Mexanizm oktyabrın 18-nə qədər qüvvədədir və bu da o deməkdir ki, Avropa üçlüyünün hərəkət etmək üçün çox məhdud zamanı var.

BMT sanksiyaları necə bərpa olunur?

Nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), mübahisələrin həlli üçün xüsusi proseduru nəzərdə tutur. Əgər sazişin iştirakçılarından biri, məsələn, E3 ölkələri (Britaniya, Fransa və Almaniya) hesab etsə ki, İran öhdəliklərini "əhəmiyyətli dərəcədə" pozur, onlar JCPOA-nin daxili mexanizmi vasitəsilə problemi qaldıra və BMT Təhlükəsizlik Şurasına yönləndirə bilər.

Bundan sonra BMT Təhlükəsizlik Şurasında 30 günlük müddət başlayır. Bu 30 gün ərzində Şura İrana tətbiq edilən sanksiyaların yumşaldılmasını davam etdirmək üçün yeni qətnamə qəbul etməlidir. Əgər həmin qətnamə vaxtında qəbul olunmazsa, 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş köhnə BMT sanksiyaları avtomatik olaraq yenidən qüvvəyə minir. Bunun üçün əlavə səsverməyə ehtiyac yoxdur.

İranın xarici işlər naziri Abbas Əraqçi həftələrdir israr edir ki, E3-ün mexanizmi işə salmaq üçün qanuni səlahiyyəti "sual altındadır". İranın baş diplomatı iddia edir ki, bu ölkələr İrandan uranın zənginləşdirilməsindən imtina etməsini tələb edirlər, ancaq bu, JCPOA-ya ziddir.

İranın arqumenti budur ki, E3 müqaviləni pozur və buna görə də artıq səlahiyyəti olan tərəf deyil.

Lakin JCPOA ilə bağlı danışıqlar aparan ABŞ komandasının sanksiyalar üzrə aparıcı eksperti kimi çalışmış Riçard Nefyu bildirib ki, bu arqumentin heç bir əsası yoxdur.

"Bir JCPOA iştirakçısının digər iştirakçını müqavilədən kənarlaşdıra biləcək heç bir mexanizm yoxdur", - o, AzadlıqRadiosuna bildirib.

"E3 heç vaxt ABŞ kimi müqavilədən geri çəkilməyib, ona görə də öz hüquqlarını saxlayır", - ekspert əlavə edib.

İran-İsrail savaşı bitdi: 'Yeni Balkan ssenarisi alınmadı'
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

İran isə "snapback" mexanizmi bərpa olunarsa, buna Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxaraq cavab verəcəyi ilə hədələyib.

Mexanizmin işə düşməsinin qarşısını almaq üçün göstərilən son cəhdlər çərçivəsində iranlı diplomatlar avqustun 28-də avropalı tərəfdaşları ilə görüşəcək.

Ona niyə "snapback" deyilir

Onun əsas xüsusiyyəti və bu adın yaranma səbəbi prosesin veto ilə bloklana bilməməsidir. Normalda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri sanksiyaların tətbiqi ilə bağlı qətnaməyə veto qoya bilər. Burada sistem tərsinə işləyir: sanksiyaların yumşaldılmasını davam etdirmək üçün Şura yeni qətnamə qəbul etməlidir.

Həmin qətnaməyə qoyulacaq hər hansı veto onun qəbulunu əngəlləyir və 30 gün ərzində qətnamə qəbul olunmazsa, sanksiyalar avtomatik olaraq geri qayıdır. Yəni, veto əslində "snapback" prosesini dayandırmaq əvəzinə sürətləndirir. Praktikada isə vəziyyət belədir ki, bir iştirakçı prosesi işə saldıqdan sonra köhnə sanksiyaların geri qayıtmasının qarşısını almaq çox çətindir.

İran bildirir ki, prosesin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Çin və Rusiya ilə, həmçinin JCPOA-nin tərəfləri əməkdaşlıq edir. Lakin Nefyu deyib ki, bu, hüquqi baxımdan mümkün deyil.

O qeyd edib ki, Pekin və Moskvanın irəli sürə biləcəyi yeganə arqument nüvə sazişinin artıq mövcud olmadığıdır, "amma bu, həqiqətən də, çox çətindir".

Hansı sanksiyalar geri qaytarılacaq?

"Snapback" prosesi uğurlu olarsa, BMT Təhlükəsizlik Şurasının 2006-2010-cu illər arasında qəbul edilmiş İranla bağlı altı qətnaməsi bərpa olunacaq.

Bunlara BMT-nin konvensional silah embarqosu, nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı fəaliyyətləri məhdudlaşdıran tədbirlər, aktivlərin dondurulması, səyahət qadağaları və nüvə texnologiyasının yayılması əleyhinə digər qaydalar kimi geniş məhdudiyyətlər daxildir.

Praktiki baxımdan isə bu, hökumətlərin, bankların, daşımacılıq şirkətlərinin, sığortaçılar və texnologiya təminatçılarının ciddi yanaşdığı, BMT tərəfindən dəstəklənən geniş hüquqi çərçivənin yenidən qüvvəyə minməsi deməkdir.

Bu, İrana nə dərəcədə təsir edəcək?

İran rəsmiləri BMT sanksiyalarının yenidən tətbiqinin mümkün təsirini kiçildərək təqdim edir və iddia edirlər ki, onun nəticələri şişirdilib.

ABŞ artıq İranın iqtisadiyyatını və enerji ixracını ciddi şəkildə məhdudlaşdıran geniş birtərəfli sanksiyalar tətbiq etsə də, BMT-nin yeni sanksiyaları da əhəmiyyət kəsb edəcək.

Nefyu iddia edib ki, mexanizm tətbiq olunarsa, ən çox İranın nüvə və raket ticarəti zərər görəcək. "Hər iki sahə üzrə fəaliyyət qanunsuz olacaq, eyni zamanda İranın bu proqramları yenidən qurmaq üçün ehtiyac duyacağı ikili-təyinatlı malların idxalı da qadağan olunacaq", - o deyib.

İranın sanksiyaların o qədər də ciddi zərər verməyəcəyini israr etməsi, ancaq sanksiyalar yenidən tətbiq olunacağı təqdirdə cavab tədbirləri ilə bağlı xəbərdarlıqları bir-biriylə ziddiyyət təşkil edir.

"Sanksiyalar NPT-dən çıxmağa səbəb olacaq qədər pis və əhəmiyyəti olmayacaq qədər mənasız ola bilməz", - sanksiyalar üzrə amerikalı ekspert deyib.

Yazını AzadlıqRadiosunun jurnalisti Kian Şərifi hazırlayıb.

XS
SM
MD
LG