ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftəyə gözlənilən görüşü təxirə salınıb. Bunu media mənbələrə istinadla yazır.
Qərarın səbəbi bəlli olmasa da, mənbələrə görə, Rubio və Lavrovun Ukraynadakı müharibənin sonlandırılmasına dair fərqli gözləntiləri var.
Bunun ABŞ və Rusiya prezidentlərinin Budapeştdə planlaşdırılan görüşünə necə təsir edəcəyi bəlli deyil.
"Reuters" Rubio-Lavrov görüşünün oktyabrın 23-də keçiriləcəyini yazmışdı.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə bir görüşün planlaşdırılmadığını deyib: "Barəsində razılıq olmayan şeyi təxirə salmaq olmaz. Dünən bəzi Qərb mənbələrinin yazdığını təsdiqləməmişik".
Tramp deyir ki, Ukrayna danışıqları alınmasa, 'çox sayda insan ağır bədəl ödəyəcək'
ABŞ prezidenti Donald Tramp deyir ki, Rusiya – Ukrayna müharibəsini bitirəcək razılaşma əldə etmək cəhdləri davam edir. O, oktyabrın 20-də xəbərdarlıq edib ki, əgər razılıq əldə olunmasa, nəticələr ağır ola bilər.
"Biz hələ də müharibəni dayandırmaq üçün razılaşma əldə etməyə çalışırıq. Alınsa, əla olacaq. Baş tutmasa, çox sayda insan ağır bədəl ödəyəcək", – Tramp deyib.
O, prosesin çətin keçdiyini sözlərinə əlavə edib: "Çünki iki lider bir-birinə gerçəkdən nifrət edir".
Trampın ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə Kiyevə Ukraynanın dron texnologiyası qarşılığında uzaqmənzilli "Tomahawk" qanadlı raketlərinin verilməsinin mümkünlüyü də müzakirə olunmalıydı. Amma görüşdə bu məsələ ilə bağlı razılaşma əldə olunmayıb.
Tramp oktyabrın 20-də deyib ki, Ukraynaya "Tomahawk" verilməsi göründüyündən "daha qəliz" məsələdir.
Həmin gün ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın təşəbbüsü ilə telefonla danışıblar. Onlar Trampla rusiyalı həmkarı Vladimir Putinin Budapeştdə keçirilməsi planlaşdırılan görüşünə hazırlığı müzakirə ediblər.
"Reuters" Rubio və Lavrovun oktyabrın 23-də bir araya gələrək bu sammitin parametrlərini müzakirə edəcəyini yazır.
Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi var. Onun Macarıstana uçuşu üçün Aİ, NATO və BCM iştirakçılarının hava məkanı lazımdır.
Bolqarıstan bildirib ki, Rusiya prezidentinin Budapeştə uçuşu üçün hava koridoru verə bilər.
Aİ-nin 26 üzvü isə Ukraynadakı müharibə üzrə xüsusi tribunalda iştiraka hazır olduqlarını bildiriblər. Bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas açıqlayıb. Belə bir tribunalın yaradılması ideyasını 2022-ci ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen irəli sürüb. Onun Avropa Şurası çərçivəsində formalaşdırılması planlaşdırılır. Rusiya həmin il bu qurumdan çıxıb.
Kreml bu tribunalın legitimliyini tanımayacağını bildirib.
+++
Oktyabrın 21-nə keçən gecə Rusiya ordusu Xarkova qanadlı aviabombalarla kütləvi zərbələr endirib. Şəhərin meri İqor Terexovun bildirdiyinə görə, zərbələr, əsasən, Xarkovda sənaye rayonuna dəyib. Azı doqquz nəfər xəsarət alıb, 15 yaşayış evi və bir mülki müəssisə zədələnib.
Gecə saatlarında Xersona da dron hücumu edilib. Vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin üç nəfərin yaralandığını, vəziyyətlərinin orta ağır olduğunu deyib.
Çerniqov vilayətində isə istilik və enerji obyektləri zədələnib, elektrik verilişində təcili fasilələr tətbiq olunub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya Ukraynaya 98 dron və altı raket hücumu gerçəkləşdirib. 58 dron radioelektron mübarizə vasitələri ilə vurulub və ya neytrallaşdırılıb.