Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:10

İsrailin Qətəri vurması İranın diplomatiyaya şübhələrini artırıb


Qətərin paytaxtı Dohada partlayışlardan sonra tüstü qalxır. 9 sentyabr 2025
Qətərin paytaxtı Dohada partlayışlardan sonra tüstü qalxır. 9 sentyabr 2025

İsrailin Qətər torpağına ilk zərbəsi Tehranda əks-səda verib, bu hücum Qərblə danışıqların məqsədinə şübhələri artırıb. Bu haqda AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır.

İranlı təhlilçilərinin çoxu belə düşünür ki, zərbənin endirilmə vaxtı diplomatiyanın tələdən başqa bir şey olmadığına dair şübhələri gücləndirir. Zərbə zamanı ABŞ və Aİ-nin terrorçu təşkilat kimi tanıdığı HƏMAS liderlərinin İsraillə atəşkəs və məhbus mübadiləsi təklifini müzakirə etdiyi deyilir. Təklifi Vaşinqton dəstəkləyir.

Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Tani İran prezidenti Məsud Pezeşkiana deyib ki, HƏMAS liderləri ABŞ-nin təklifini təkcə nəzərdən keçirməyiblər, həm də onu qəbul etməyə meylli olduqları söylənir.

İranda mühafizəkarlar dərhal bu detaldan yapışıblar. İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı "Tasnim" xəbər agentliyi İsraili diplomatik danışıqlar maskası altında HƏMAS liderlərinin qətlinə cəhddə ittiham edib.

Agentlik yazıb ki, ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi bazasına ev sahibliyə etməsinə baxmayaraq, Qətər heç öz təhlükəsizliyini təmin edə bilmir.

Hətta Qərblə danışıqlar tərəfdarı olan mötədil və islahatçı şərhçilər belə İsrailin İrana iyun zərbələri ilə paralellər qurub. Onda Tehran Vaşinqtonla nüvə danışıqlarının yeni raunduna hazırlaşırdı.

"Görünür, Amerika və İsrail inanır ki, raketlərin məqsədi danışıqlar masasını vurmaqdır. Onlar danışıqları sevmirlər", – aparıcı islahatçı fiqur Məhəmməd Əli Əbtahi X-də yazıb.

İran prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada birgə mətbuat konfransında.
İran prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada birgə mətbuat konfransında.

Bəs havadan müdafiə qüvvələri haradaydı?

Qətərin havadan müdafiəsinə "Patriot" və THAAD sistemləri daxildir. Amma İsrailin raketləri hədəfini problemsiz vurub.

Bu isə İranda belə bir iddiaya yol açıb ki, Qətər ya raketlərlə bağlı xəbərdarlığı gözardı edib, ya da havadan müdafiə sistemlərini yalnız ABŞ idarə edir.

Bəziləri yada salırlar ki, Tehran iyunda Əl-Udeyd hava bazasını vuranda bu sistemlər İranın raketlərini tutmuşdular. İran zərbələri ABŞ-nin onun nüvə obyektlərini vurmasına cavab olaraq endirmişdi.

Türkiyədə yaşayan, Yaxın Şərq üzrə təhlilçi Mehrdad Fərəhmənd AzadlıqRadiosunun Radio Fərda xidmətinə deyib ki, havadan müdafiə sistemlərinin raketləri tutmaması Amerikanın bu hücuma etiraz etmədiyini göstərir.

İrana fürsət?

Bəzi mühafizəkarlar bu hücuma İranın regionda suverenliyinin müdafiəçisi profilini möhkəmləndirməsi üçün fürsət kimi baxırlar.

Siyasi şərhçi Məhəmmədhüseyn Xoşvaxt bildirib ki, Yaxın Şərqdəki ərəb dövlətləri Tehranla bağlı siyasətlərini yenidən nəzərdən keçirə bilər, İranı "daha ayıq-sayıq" qiymətləndirə bilərlər.

Eyni zamanda, İİKK ilə əlaqəli "Məşriğ" xəbər saytı iddia edib ki, bu hücum İranın qlobal ictimai rəydə öz hekayəsini gücləndirməsinə imkan yaradır.

O da qeyd olunur ki, Tehran bu hadisədən İsrailə qarşı "müqavimət oxu" adlanan regional proksilər və silahlı qruplar şəbəkəsini gücləndirməkdən ötrü faydalana bilər.

Amma ABŞ ilə danışıqların əleyhinə şərhlərə baxmayaraq, Tehran Vaşinqtonla dolayısı olsa belə, danışıqları bərpa etməyə maraqlı görünür. Bu da ayın sonunadək bərpa oluna biləcək BMT sanksiyalarının qarşısını almaq məqsədi güdür.

XS
SM
MD
LG