Keçid linkləri

2025, 24 Oktyabr, Cümə, Bakı vaxtı 09:40

Stoltenberq: NATO Ukraynanı bada verdi


NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 77-ci Frankfurt Kitab Sərgisində.
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 77-ci Frankfurt Kitab Sərgisində.

Xülasə

  • NATO-nun keçmiş baş katibi Yens Stoltenberq alyansın Ukraynaya yetərincə dəstək göstərmədiyini, Vaşinqtonun "məğlubiyyətçi" əhvalda olduğunu yazır.
  • Kitabında qeyd edir ki, NATO daxilində Kiyevin bir neçə günə süqut edəcəyi ilə bağlı geniş yayılmış fikir var idi.
  • Avropa İttifaqı 2023-cü ilin martından 2024-cü ilin martınadək Ukraynaya bir milyon top mərmisi göndərməyi vəd etmişdi, ancaq bunun yarıdan da azı göndərildi.

NATO-nun keçmiş rəhbəri Yens Stoltenberq deyir ki, 2023-24-cü illərdə Ukraynaya yetərincə dəstək göstərməyən alyans onu "bada verib", Vaşinqton "məğlubiyyətçi" əhvalda olub, Avropa ölkələri isə vəd olunan silahları çatdırmayıblar.

2014-2024-cü illərdə NATO-nun baş katibi olmuş Stoltenberqin bu tənqidi oktyabrın 23-də dərc olunacaq "Mənim növbətçiliyim: Müharibə vaxtı NATO-ya necə rəhbərlik etdim" kitabında yer alıb.

Kitabda müəllifin vəzifədə olduğu dönəm bütünlükdə əhatələnib: 2021-ci ildə NATO-nun Əfqanıstanda məğlubiyyətindən tutmuş, 2014-cü ildə Rusiyanın Ukraynaya ilkin təcavüzünə qədər. Müəllif Donald Tramp 2024-cü ildə ABŞ prezidenti seçiləndən sonra alyansın gələcəyi ilə bağlı düşüncələrini də bölüşür.

Norveçin keçmiş baş naziri, hazırda maliyyə naziri olan Stoltenberq yazır ki, "müttəfiqlərin tonu bəzən kəskinləşir": "Ancaq ABŞ administrasiyasının təhlükəsizlik siyasəti və NATO ilə əməkdaşlığa baxışları anlaşılandır. Çin hələ də ABŞ-nin ən önəmli və strateji rəqibidir; Hind-Sakit okean bölgəsinə meyllənmə davam edir və güclənir. Avropa və Kanadanın müdafiə xərclərini artırmasına dair tələblər isə yeni deyil".

Stoltenberqin 2022-ci ildə Rusiya-Ukrayna genişmiqyaslı müharibəsindən öncə və müharibə vaxtı yüksəksəviyyəli rəsmilərlə görüşlərinə dair xatirələri daha çox mətləbləri açır. Bu haqda AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq yazır.

Müharibədən öncə

Stoltenberq Rusiya-Ukrayna müharibəsindən öncəki durumu belə təsvir edir: Rusiya həqiqi danışıqlara maraq göstərmirdi. 2021-ci ilin sentyabrında Nyu-Yorkda görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov onun sözünü davamlı kəsirdi, sözçüsü Mariya Zaxarova isə Stoltenberq danışanda "gözlərini qıyaraq ah çəkirdi".

2021-ci ilin ortalarında NATO-nun kəşfiyyat zabiti Stoltenberqə Rusiyanın işğal niyyətində olduğunu deyib. Bunun səbəbi isə, onun fikrincə, "demokratik və getdikcə Qərbə yönələn Ukraynanın yaratdığı siyasi təhdid" qorxusu idi.

Stoltenberq həmçinin Rusiya prezidenti Vladimir Putinin necə dəyişməsindən, COVID-19 pandemiyası dövründə getdikcə təcrid olunmasından yazır.

Rusiyanın baş naziri Vladimir Putin və norveçli həmkarı Yens Stoltenberq 2009-ci ildə Moskvada mətbuat konfransında.
Rusiyanın baş naziri Vladimir Putin və norveçli həmkarı Yens Stoltenberq 2009-ci ildə Moskvada mətbuat konfransında.

Bu məqam Almaniyanın keçmiş kansleri Angela Merkelin bu il yayımlanan xatirələrində də vardı. Merkel qeyd edirdi ki, Putin 2021-ci ildə G20 sammitinə gəlməyib, virusa yoluxmaqdan qorxub. Merkelin fikrincə, bu təcrid Putinin işğal qərarına səbəb olan əsas amillərdən biri ola bilər.

Amma Stoltenberq onu da yazır ki, Fransa və Almaniya kimi əsas NATO ölkələri gerçəyi qəbul etmirdi, 2014-cü ildə Rusiya qoşunları Krımı ələ keçirəndə də durum belə idi.

"Hər iki hal NATO ölkələri arasında Rusiyaya dair dərin fikir ayrılıqlarını göstərirdi", – NATO-nun keçmiş rəhbəri yazır və bu fərqli baxışlar kitabda dəfələrlə təkrarlanır.

Müharibəyə oyanmaq

Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük müharibə Y.Stoltenberq üçün səhər saat 4:25-də bir zənglə başlayıb. Az sonra ABŞ müdafiə naziri Lloyd Ostin onunla əlaqə saxlayaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı narahatlığını bildirib: "Onun həyatına görə narahatıq".

Dörd gün sonra Stoltenberq, nəhayət, Zelenski ilə danışa bilib. Zelenski dəfələrlə NATO-dan qeyri-uçuş zonası tətbiq olunmasını istəyib. Bu tələb rədd olunub. "Söhbət ağrılı keçirdi", – Stoltenberq yazır.

O daha sonra qeyd edir ki, NATO daxilində Kiyevin bir neçə günə süqut edəcəyi ilə bağlı geniş yayılmış fikir var idi.

Bununla belə, NATO ölkələri Rusiyaya geniş iqtisadi sanksiyalar tətbiq etməyə, Ukraynaya silah göndərməyə, iqtisadi və humanitar yardım göstərməyə başladılar. Milyonlarla ukraynalı qaçqın Qərb ölkələrində sığınacaq tapdı.

Almaniyadakı Kil İnstitutunun məlumatına görə, 2022-ci ilin yanvarından 2025-ci ilin avqustunadək Avropa ölkələri Ukraynaya 177 milyard avro (təxminən 206 milyard ABŞ dolları) yardım edib. Eyni dövrdə ABŞ 115 milyard avro yardım göstərib.

Vaşinqton ən böyük hərbi yardım göstərən donor olub: təxminən 64.6 milyard avro dəyərində silah və texnika. İkinci yerdə Almaniya (17.7 milyard avro) gəlir. Göndərilən hərbi texnikaya "Patriot" hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya, qırıcı təyyarələr, eləcə də Britaniya və Fransanın "Storm Shadow"/SCALP qanadlı raketləri daxildir.

Ancaq tənqidçilər bu yardımların kifayət etmədiyini, çox vaxt gecikdiyini bildirirlər. Stoltenberq də bu fikirlə razılaşır.

ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə NATO sammiti zamanı Ukrayna üzrə işçi sessiyada.
ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə NATO sammiti zamanı Ukrayna üzrə işçi sessiyada.

Passivlik və məğlubiyyətçilik

2024-cü ilin iyulunda NATO sammitindən öncəki hazırlıqları xatırlayan Stoltenberq yazır ki, Vaşinqtondakı tərəfdaşlarında "passiv və məğlubiyyətçi" əhval-ruhiyyə hiss olunurdu: "Az riskə gedir, təşəbbüs göstərmir və prezidentlərini gizlədirdilər".

Stoltenberqin sözlərinə görə, ozamankı ABŞ prezidenti Co Bayden qərar verməkdən çəkinirdi, çünki digər tərəfin, yəni Donald Trampın nə deyəcəyindən ehtiyat edirdi.

"Ukraynanı yalnız ABŞ bada vermirdi. Avropa İttifaqı 2023-cü ilin martından 2024-cü ilin martınadək Ukraynaya bir milyon top mərmisi göndərməyi vəd etmişdi, ancaq bunun yarıdan da azı göndərildi", – o qeyd edir.

Stoltenberq yazır ki, Çinin iqtisadi, Şimali Koreyanın hərbi baxımdan dəstəklədiyi Rusiya aşındırıcı müharibədə Ukraynadan daha çox resursa sahib idi. Lakin bəzi NATO ölkələri balansı dəyişmək əvəzinə, "minimum dəstək verməklə kifayətləndilər".

Stoltenberqin bir ildən çoxdur NATO rəhbərliyindən gedib. O, bu ilin fevralında, 66 yaşında doğma ölkəsi Norveçdə maliyyə naziri təyin olunub.

Oktyabrın 17-də Frankfurtda kitab sərgisində çıxış edən Stoltenberq bildirib ki, NATO ölkələri hələ də Ukraynaya "çox az və çox ləng" dəstək göstərirlər.

Onun fikrincə, bu, Trampla Putinin Budapeştdə planlaşdırılan görüşü ilə birbaşa bağlıdır.

"Biz rusiyalılarla danışmalıyıq. Amma bu, gücə əsaslanmalıdır... bilməlidirlər ki, biz ukraynalıları dəstəkləyirik. Onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında da o qədər güclü olacaqlar", – NATO-nun keçmiş başçısı bildirir.

XS
SM
MD
LG