10 il öncə Kreml Suriyaya hərbi müdaxilə ilə prezidenti Bəşər Əsəd rejimini xilas etdi, Yaxın Şərqdə öz rolunu da möhkəmləndirdi. Amma Əsəd ötən ilin sonunda devrildi.
Oktyabrın 13-də ABŞ-nin vasitəçiliyi ilə İsraillə Qəzzanın atəşkəs əldə etməsindən sonra isə Rusiyanın Yaxın Şərqdən çıxdaş olunması təəssüratı yaranır.
Rusiya həmin gün Misirdə 20-dən çox ölkə liderinin qatıldığı sammitdə də gözə dəymədi. Sammitə ABŞ prezidenti Donald Tramp həmsədrlik edirdi. Xarici işlər naziri Sergey Lavrov jurnalistlərə Moskvanın bu tədbirə dəvət olunmadığını deyib.
Kreml isə bu həftəsonu ərəb liderləri ilə Moskvada keçirilməsi planlaşdırılan zirvə görüşünü ləğv edib. "Bloomberg"in mənbələrə istinadla yazdığına görə, sammitin ləğv olunmasının əsas səbəbi region ölkələrindən çox az sayda liderin iştirakını təsdiqləməsi olub.
"Rusiya 2015-ci ildə Suriyaya müdaxilədən bəri Yaxın Şərqdə diplomatik baxımdan bu qədər kənarda qalmamışdı", –Silahların Yayılmaması Tədqiqatları üzrə Ceyms Martin Mərkəzinin Avrasiya üzrə direktoru Hanna Notte AzadlıqRadiosuna bildirib.
Avropa rəsmiləri də AzadlıqRadiosuna adlarının açıqlanmaması şərti ilə deyiblər ki, bütün bunlar Rusiyanın Yaxın Şərqdəki nüfuzunun azaldığını göstərir.
"Bu, Rusiyanın regiondakı rolunun azalmasının daha bir göstəricisi idi. Sammitin ləğvi də bunu sübut edir. Suriya və İraqdan cəmi iki lider iştiraka razılıq verib", – Avropa İttifaqının Rusiya və Avrasiya üzrə bir rəsmisi deyib.
Aİ-nin başqa bir diplomatı isə Rusiyanın Misirdəki sammitdə olmamasını "Qərbin qələbəsi" adlandırıb.
"ABŞ, ərəb və Qərb liderlərini birgə səhnədə görmək, bu prosesdə nə Rusiya, nə də Çinin olması yetərincə simvolik mənzərə idi", – diplomat deyib.
Moskva vs. dəyişən Yaxın Şərq
AzadlıqRadiosunun jurnalisti Reyd Stendiş yazır ki, Moskva sürətlə dəyişən bir Yaxın Şərq reallığı ilə üz-üzədir. Rusiya regiondakı nüfuzu son illər az zərbə yeməyib. Moskva əsas diqqətini artıq dörd ilə yaxındır davam edən Ukrayna işğalına yönəldib.
Moskvanın İranla birlikdə Suriya vətəndaş müharibəsində hərbi müdaxilə edərək dəstəklədiyi Bəşər Əsəd 2024-cü ilin sonunda devrildi, Moskvaya qaçdı.
2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın İsrailə hücumu, bunun ardınca genişmiqyaslı İsrail-Qəzza müharibəsi Kremlə əlavə diplomatik problemlər yaratdı. Axı Moskva onilliklər boyunca Tel-Əvivlə strateji münasibətlər qurmuşdu.
İyunda ABŞ və İsrailin İrana hava zərbələri isə Rusiyanın regionda əsas tərəfdaşı olan Tehranı hərbi baxımdan zəiflətdi. Bu da Moskvanı İrana əlavə silah vermək məsələsində tərəddüd göstərməyə vadar etdi.
Təhlilçilər bütün bunları Moskvanın dəyişən siyasi yanaşmasının göstəricisi sayırlar. Rusiya Ukrayna müharibəsinə fokuslandığından digər bölgələrə yönəldə biləcəyi strateji resursları azalıb.
"Bu, resurs məsələsidir. Rusiyanın başqa yerlərə ayıracaq hərbi resursları azdır", – H.Notte bildirib.
Moskvanın üzləşdiyi diplomatik çətinliklərin biri də onun Yaxın Şərqdə yön verməyə çalışdığı mürəkkəb tərəfdaşlıq əlaqələri və strateji maraqlardır.
Rusiya uzun müddətdir İranla güclü münasibətlər saxlayır. Moskva Tehranın əsas xarici investorlarından və silah təchizatçılarından biridir. Tehran isə Ukrayna işğalının ilk ilində Rusiyaya çox ehtiyac duyduğu dronlarla yardım edib, Rusiyanın özündə dron istehsal edən zavod qurulmasına kömək göstərib.
Prezident Vladimir Putin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi Fars Körfəzi ölkələri ilə də daha dərin münasibətlər qurmağa çalışır. Moskva üçün getdikcə daha çox əhəmiyyət kəsb edən bu ölkələr isə daha güclü bir İranı istəməzlər.
Bu, Moskvanı çətin seçim qarşısında qoyur: bir yandan regiondakı əsas tərəfdaşı İranı dəstəkləmək istəyir, digər yandan 2022-ci ilin fevralından Ukraynanın işğalına görə üzləşdiyi Qərb sanksiyalarından yayınmasında mühüm rol oynayan Körfəz ölkələri ilə münasibətləri qorumağa çalışır.
Mövqeyi zəiflər, amma getməz
İsrail və HƏMAS arasında son razılaşma vacib diplomatik irəliləyiş sayılsa da, uzunmüddətli və dayanıqlı sülh hələ qeyri-müəyyən qalır.
H.Notte deyir ki, Rusiya Suriyaya müdaxiləsindən sonrakı dövrlə müqayisədə regionda əvvəlki nüfuzunu itirsə də, Misirdəki sammitdən kənar qalması Moskvanın Yaxın Şərqdə artıq təsirinin qalmadığı anlamına gəlmir.
"Rusiya Ukraynada ilişib qalmasaydı belə, ehtimal ki, İsrail-Fələstin məsələlərində əsas oyunçu olmayacaqdı. Soyuq müharibədən sonra Moskvanın bu məsələdə rolu çox məhdud olub", – təhlilçi əlavə edib.
Bu arada Rusiya Suriyada təsirinin qalıqlarını qoruyub saxlamağa müvəffəq olub.
Əsədin devrilməsindən sonrakı bəzi proqnozlara baxmayaraq, Rusiya Suriyadakı Tartus dəniz bazasını və Hmeymim hava bazasını saxlaya bilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Suriya prezidenti Əhməd əl-Şəraa hökuməti ilə müsbət əlaqələr qurmağa çalışır.
Əl-Şəraa keçən ay Moskvanın yüksəksəviyyəli nümayəndə heyətini şəxsən qəbul edib. Oktyabrın 12-də CBS-ə müsahibəsində o, Rusiya ilə daha dərin münasibətlər qurmaq üçün qapını açıq saxladığını göstərib.
"Hazırda Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha başa gələr. Bu, ölkənin maraqlarına uyğun olmaz", –o bildirib.
Əl-Şəraa oktyabrın 15-də Moskvada V.Putinlə görüşəcək. Xəbəri Suriyanın SANA dövlət xəbər agentliyi yayıb. İki lider regiona və beynəlxalq prosesləri, ölkələri arasında əməkdaşlıq yollarını müzakirə edəcəklər.