Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibədə Kemerovodan 27 yaşlı, üçüncü qrup əlil Semyon Karmanov həlak olub. Qohumları deyir, ona uşaqlıqdan əqli gerilik diaqnozu qoyulub və o, 2023-cü ilin oktyabrında Müdafiə Nazirliyi ilə müqavilə imzalayanda nə etdiyini anlamayıb.
Semyon sentyabrda qapalı tabutda dəfn edilib. Yaxınlarına onun ölüm şəraiti barədə bilgi verilməyib. Hərbi komissarlığın bildirişində Karmanovun başından aldığı yaradan həlak olduğu yazılıb. Bu haqda "Sibir.Realii" xəbər verir.
"Davranış pozğunluğu ilə müşayiət olunan əqli gerilik"
Semyon doğulanda həkimlər valideynlərinə xəbərdarlıq ediblər ki, dölün inkişafı zamanı yaranan ağır fəsadlara görə uşaqda ciddi əlillik olacaq.
"Dedilər ki, beynində kistlər var, sovrula da bilər, sovrulmaya da. Ən yaxşı halda, yeriyə biləcək. Ona müddətsiz üçüncü qrup əlillik verdilər. Diaqnoz belə idi: "Davranış pozğunluğu ilə müşayiət olunan əqli gerilik, daimi qayğı və müalicə tələb edir". Onu uşaq bağçasına qoymadılar, məktəbdə oxuya bilmədi: birinci sinifdə çox çətinlik çəkirdi, sonra onu psixoloji dəstəkli internata yerləşdirdilər", – Karmanovun qohumlarından olan Olqa danışır.
Onun sözlərinə görə, Semyonu ailəsinə xəbərdarlıq etmədən həmin internatdan psixiatriya xəstəxanasına aparıblar.
Anası bundan təsadüfən xəbər tutur, onu xəstəxanadan çıxarır. Evdə onunla məşğul olmaq istəsə də, alınmır, hərflərin hamısını öyrənə bilmir.
"Belə bir diaqnozla onu hərbi xidmətə necə yararlı saya bilərdilər", – Olqa deyir.
Cinayət işləri
2018-ci ilin mayında S.Karmanov "qrup halında oğurluğa cəhd" maddəsi ilə təqsirli bilinib və cərimələnib. Sentyabrda isə avtomobil qaçırmaqda əlbirlik ittihamı ilə ilyarım koloniyaya məhkum edilib. Qohumları Semyona açılan cinayət işlərini təsdiqləyirlər, "pis" adamların onu tez aldatdığını deyirlər.
Olqanın sözlərinə görə, Semyon Novosibirskə gəzməyə gedib və ertəsi gün Kemerovoya qayıtmalıymış, lakin avtobusa pulu çatmayıb. Elə oradaca polis onu saxlayıb. Onun küçədə tapdığını iddia etdiyi bank kartlarından 3 min rubldan çox pul xərclədiyi iddia olunur. Bu dəfə ona 2 il 1 ay müddətinə ciddi rejimli koloniya cəzası kəsilib. 2024-cü ilin aprelində azadlığa çıxmalı idi.
Olqanın sözlərinə görə, əvvəlcə hökm - Semyonun Mariinskdə işgəncələrlə tanınan ciddi rejimli koloniyaya göndərilməsi, daha sonra isə qohumlarından gizli şəkildə müharibəyə cəlbi ailəsinə böyük zərbə olub.
Cəbhəyə sürücü kimi göndəriblər
Həbsdən başqa bir məhkum ailəyə zəng edərək Semyonun cəbhədəki durumunu soruşanda ailəsi xəbər tutub. Bəlli olur ki, onu cəbhəyə 2023-cü ilin oktyabrında göndəriblər. Karmanovu cəbhəyə həm də sürücü kimi yollayıblar, baxmayaraq ki, sürə bilmədiyini hərbçilərə deyib.
Semyon təlimdə olanda anası ondan birbaşa soruşub ki, nə imzaladığını bilibmi. O isə "yox" deyib, onu məcbur etdiklərini söyləyib.
"O, heç imza qoya bilmir, xaç, yaxud K hərfi çəkir. Amma onlara cəbhəyə "ət" yığmaq üçün bunun fərqi yoxdur", – Olqa deyir.
Semyon bu il avqustun 2-də həlak olub.
Onun ölümü ilə bağlı postların altındakı şərhlərdə isə diaqnozuna, kontrakt imzalamağa məcbur edilməsinə şübhəsini bildirənlər var, axı "bank kartından istifadə etməyə ağlı çatıb”z.
"Hara, niyə getdiyini çox gözəl bilib. Problemlərini başqalarının ölümü və acısı ilə həll etmək istəyib", – bir şərhdə deyilir.
"Current Time" yazır ki, Rusiyada psixiatrik diaqnozu olanların müharibəyə aparılması ilk hadisə deyil. Perm diyarının Çernovka kəndindən olan Aleksey Vaxruşev 22 yaşında balaca uşaq ağlında olub, vurma cədvəlini, təqvimi bilməyib. Amma onu hərbi xidmətə məhdud yararlı sayıblar. 2024-cü ilin avqustunda onu kənd mağazasından oğurluqda ittiham ediblər, böyük həbs cəzası ilə hədələyib kontrakt imzalatdırıblar. Sonucda onu döyüş zonasına göndərə biliblər.