Azərbaycan xəbərləri
Balakən rayonunun keçmiş başçısı həbs edilib
İcra başçılarının həbsi rayonlardakı vəziyyəti dəyişirmi? – 'Gözlənilən effekti vermir'
Oktyabrın 31-də bir gün öncə tutduğu vəzifədən çıxarılan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edildiyi bildirilir.
Ölkənin yerli saytlarının bununla bağlı yaydıqları məlumatı məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunduğu vurğulanır.
Keçmiş başçının bu ittihamlara münasibəti bəlli deyil.
Həmin ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
30 oktyabr
Prezident Balakənin icra başçısını işdən çıxartdı
Prezident İlham Əliyev İslam Rzayevi Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Sərəncamda bunun səbəbi izah edilmir.
Amma hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra saytlarda bu gün, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həmin rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsin saxlandığı bildirilir.
Məlumatı, hələlik, DTX və həmin icra hakimiyyətinin özündən dəqiqləşdirmək mümkün olmayıb.
İslam Rzayev kimdir
İ.Rzayev 14 ildir həmin rayona rəhbərlik edirdi. O, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.
İ.Rzayev 1965-ci ildə Göyçay rayonunda doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami, Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.
O, həmçinin "Azəriqaz"da baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Audit Departamentində rəis müavini olub.
Xatırlatma
Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.
Bütün xəbərləri izləyin
Araik Arutyunyan və daha 14 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşdı
Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidenti" olmuş Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin məhkəməsi yekunlaşır.
Onların işinə baxan Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası oktyabrın 31-də məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.
Noyabrın 3-də keçiriləcək növbəti məhkəmə iclasında prokurorlar çıxış edəcək, təqsirləndirilən şəxslərə cəza istəyəcəklər.
Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Məhkəmə önünə çıxarılan 15 nəfərin bir neçəsi özünü qismən təqsirli bildiyini deyib, bəziləri isə, ümumiyyətlə, təqsirli bilməyib.
Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə tək mühakimə olunur. Onun da işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimindən ibarət eyni kollegiya baxır.
Vardanyan məhkəmədə ifadə verməkdən imtina edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
'Hürriyyət'in baş redaktoru Vüqar Məmmədov həbs edilib
Oktyabrın 31-də "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) hakim önünə çıxarılıb. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
Vurğulandığına görə, o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
"Hürriyyət" Səbail rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir.
30 oktyabr
'Hürriyyət TV'nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb
"Hürriyyət TV" internet televiziyasının, eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) saxlanılıb.
AzadlıqRadiosunun məlumatına görə, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu media orqanlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Redaksiyada axtarış aparılıb, kompüterlər, sənədlər götürülüb.
"Vüqar Məmmədovla yanaşı, başqa əməkdaşlar da saxlanılaraq DTX-ya aparılıb. Lakin onlar sonradan buraxılıb", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.
V.Məmmədovun saxlandığını onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyib. Əlavə ediblər ki, redaksiyadan sonra evdə də axtarış aparılıb.
"Hürriyyət"in redaksiyasında əməliyyat keçirilməsi, baş redaktorunun saxlanması barədə məlumatlara DTX-dan şərh almaq mümkün olmayıb.
V.Məmmədov 2023-cü ilin iyununda "Hürriyyət TV"nin efirində qadağan edilmiş məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.
V.Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, hazırda xaricdə yaşayan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur.
Q.Məmmədov barəsində Baş Prokurorluqda araşdırma gedir. O, bəzi digər mühacirlər kimi, dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanır.
Xaricdə yaşayan bəzi bloqerlər barədə bu və digər ittihamlarla qiyabi həbs qərarı çıxarılıb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.
Azərbaycan qızılın hesabına qeyri-neft ixracını artırıb
 
Azərbaycanın qeyri-neft ixracında birinci yeri qızıl tutur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın oktyabr sayında bəhs edilir.
İcmalda bildirilir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7 faiz artaraq 2.6 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157.2 milyon dollar) ikinci, pambıq lifi (134.7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İİTKM-in bir il əvvəl yayılan icmalında isə deyilirdi ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2.5 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150.7 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (139.6 milyon dollar) ikinci, qızıl (115.3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İcmallardan bəlli olur ki, qeyri-neft sektorunun ixracında artım 100 milyon dollardır. Elə bu qədər də qızılın ixracında artım var.
Bu il dünyada qızıl təqribən 50 faiz bahalaşıb. Azərbaycan bu ilin əvvəlindən də qızıl idxalını kəskin artırıb.
Xatırlatma
2015-ci ildə dünyada neft kəskin ucuzlaşanda Azərbaycan hökuməti qeyri-neft sektorunda ixracı artırmağı qarşısına əsas vəzifə qoyduğunu açıqlamışdı. Amma ekspertlər hesab edirlər ki, keçən bu illər ərzində Azərbaycanın qeyri-neft ixracı əhəmiyyətli şəkildə artmayıb. Məsələn, onlar xatırladırlar ki, 2017-ci ilin doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 69 milyon ABŞ dollarına bərabər olmuşdu. Yəni 2.4 dəfə artım var. Amma elə bütünlükdə ölkənin ixracında da 2.4 dəfə artım olduğu vurğulanır. Nəticə etibarı ilə ixracın yenə 80-90 faizi neft və qazın payına düşür.
Eyni şəxs iki dəfədən artıq Vəkillər Kollegiyasının sədri seçilə biləcək
 
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyət ləğv olunur. Bu, Milli Məclisin bu gün, oktyabrın 31-də keçirilən iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hazırda Anar Bağırovdur. O, bu vəzifəyə 2017-ci ildə seçilib. İkinci beş illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Xatırlatma
Azərbaycan müstəqilliyinin ilk dönəmində bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsinə də məhdudiyyət var idi. 2009-cu ildə ölkə konstitusiyasına edilən dəyişikliklə bu məhdudiyyət aradan qaldırılıb. Nəticədə hazırkı prezident İlham Əliyev 2003-cü ildən ölkəyə rəhbərlik edir. Konstitusiyaya həmin dəyişiklikdən sonra ölkənin bir sıra qanunlarına da oxşar dəyişikliklər edilib. Bir sıra vəzifələrin, o cümlədən ombudsmanın seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Baş Prokurorluq Elton Məmmədova xəbərdarlıq edib
 
Baş Prokurorluq keçmiş deputat, Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin keçmiş müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Elton Məmmədova rəsmi xəbərdarlıq verib.
Qurum bildirir ki, E.Məmmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb: "Elton Məmmədov açıqlamasında istintaq orqanına çağrılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb".
Qurum vurğulayır ki, "AMEA-da baş verən qanunsuzluqlar" ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr yaranıb: "İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib".
Açıqlamaya görə, bununla yanaşı, mediada "həqiqətəuyğun olmayan, cəmiyyətdə çaşqınlıq yaradan" açıqlamalar yaydığına görə E.Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq verilib.
Bu açıqlamaya E.Məmmədovdan münasibət almaq mümkün olmayıb. Bir neçə gün öncə bəzi saytlarda E.Məmmədova istinadla AMEA ilə bağlı cinayət işinə aid fikirlər yayılmışdı. "İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər... Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın", - E.Məmmədovun belə dediyi iddia edilirdi.
Xatırlatma
Bu vaxta qədər E.Məmmədovun adı bir sıra mübahisəli məsələlərdə hallanıb. Hətta bir neçə il öncə AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev (keçmiş hakim) E.Məmmədovun onu "cinayətkar" adlandırdığını bildirərək onun həbsini istəyirdi. Amma həmin iddianı məhkəmə qəbul etməmişdi.
2019-2022-ci illərdə AMEA-nın prezidenti olan, daha öncə 24 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev haqqında da bugünlərdə hakimiyyətə yaxın media orqanlarında cinayət işinin açıldığı bildirilir. Haqqında ev həbsi qərarı çıxarıldığı deyilən R.Mehdiyevin dövlətə xəyanət və başqa ittihamla üzləşdiyi vurğulanır. R.Mehdiyev iddialara münasibət bildirməyib.
Azərbaycanın dövlət borcunun faizlərinə milyonlar gedir
 
Bu ilin doqquz ayında dövlət büdcəsi hesabına təkcə xarici borclar üzrə 435.8 milyon ABŞ dolları məbləğində əsas borc, 191.8 milyon dollar isə faiz borcu ödənişləri həyata keçirilib.
Bu barədə Maliyyə Nazirliyinin bu gün, oktyabrın 29-da bu ilin doqquz ayı üzrə dövlət borcuna dair hesabatında bildirilir.
Hesabata görə, bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat təşkil edib. Bunun 4 milyard 893.1 milyon dolları xarici dövlət borcunun payına düşür. Sənəddə vurğulanır ki, xarici dövlət borcunun təqribən 50 faizi beş ilə qədər ödənməlidir.
Son üç ayda Azərbaycanın dövlət borcu 300 milyon azalıb. 2025-ci il iyulun 1-də bu rəqəm 25 milyard 695 milyon manat olmuşdu.
Bu il Azərbaycanın dövlət borcu azalsa da, elə rəsmi hesabatlarda onun qarşıdakı üç ildə artacağı proqnozlaşdırılır. Halbuki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.
Dünyada şəkər kəskin ucuzlaşır, amma Azərbaycanda...
 
Son aylar dünyada şəkərin qiymətində baş verən kəskin ucuzlaşma Azərbaycanda bir qədər ləng gedir.
Hazırda paytaxt Bakıdakı marketlərdə qənd ortalama 2 manat 10 qəpiyə, şəkər tozu isə 1 manat 49 qəpiyə satılır.
Son aylar şəkər tozunun qiymətində, cüzi də olsa, ucuzlaşma var. Avqustda 1 kiloqram şəkər tozu 1 manat 59 qəpik olub. Bu, təqribən 6 faiz ucuzlaşma deməkdir.
Əvəzində dünyada hazırda şəkərin qiyməti son illərin minimum səviyyəsinə -bir funt (0.45 kq) üçün 14.48 sentə (25 qəpik) enib. Şəkərin qiymətinin son bir ayda 12.04, son bir ildə isə 34.22 faiz düşdüyü bildirilir.
Ekspertlərə görə, bu azalma son yeddi ayda davam edən təzyiqlərin növbəti mərhələsidir və əsas səbəblərdən biri Braziliyada şəkər istehsalının artmasıdır.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə Azərbaycanda da şəkər, qənd istehsalı (21.6 faiz) artıb.
Bəs onda şəkər nədən dünyada Azərbaycanla müqayisədə daha çox ucuzlaşıb?
Səbəblər...
Bütün bunlara Azərbaycanda şəkər istehsalçılarının və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bəlli olur ki, son bir ildə Azərbaycandan şəkər ixracı artıb. Bu ilin ilk doqquz ayında Azərbaycandan 46.7 milyon dollar həcmində 65 min 213 ton şəkər ixrac edilib. Rəsmi məlumatlara görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 46.8 faiz, miqdar ifadəsi ilə isə 56.8 faiz çoxdur.
Bu ilin ilk doqquz ayının nəticələrinə görə, Azərbaycanın xaricə satdığı şəkərin orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib.
Müstəqil iqtisadçılar deyir ki, Azərbaycanda məhsulların maya dəyəri baha başa gəlir. Üstəlik, onların fikrincə, ölkədə tam rəqabətə cavab verən şərait hökm sürmür, ona görə də dünya bazarında bəzən baş verən müsbət tendensiyalar Azərbaycanda özünü göstərmir.
Müstəqil iqtisadçılar xatırladırlar ki, Azərbaycanın hökumət rəsmiləri, bir qayda olaraq, inflyasiyanı əsasən idxal amili ilə izah edirlər. Onların vurğulamasına görə, şəkərin qiymətində dəyişikliklər rəsmilərin arqumenti ilə ziddiyyət təşkil edir.
'Əhali borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir'
Azərbaycanda istehlak kreditlərinin həcimi son bir ildə artıb. Bu barədə Mərkəzi Bankın bu gün, oktyabrın 28-də açıqlanan bülletenində məlumat yer alır.
Kredit portfeli son bir ayda 2 faiz və ya 571.4 mln. manat artaraq 29 mlrd. 276.3 mln. manat olub. Onların 53.1 faizi biznes, 31.4 faizi istehlak, 15.5 faizi isə ipoteka kreditlərinin payına düşüb. Bir il əvvəl ilə müqayisədə isə kredit portfelində artım daha yüksəkdir. (9.6 faiz)
2025-ci il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.6 faiz və ya 79 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 10 faiz və ya 48.1 milyon manat artıb.
Amma problemli kreditlərin son bir ayda həcmində cüzi də olsa, azalma var. Avqustun sonunda bu rəqəm 530.9 milyon manata çatmışdı.
Xatırlatma
Müstəqil iqtisadçılar kredit portfelində istehlak kreditlərinin artmasına mənfi yanaşırlar. Onların vurğulamasına görə, bu o deməkdir ki, vətəndaş bankdan faizlə götürdüyü pulu müəyyən qədər biznesə yox, məişət avadanlıqlarının alınmasına xərcləyir. Bu, həm də, onların fikrincə, əhalinin güzəranın o qədər də xoş keçmədiyinin göstəricidir: "Yəni borcla evinə əşya alır, təhsilhaqqı ödəyir və ya səyahət edir".
Avropa ravvinlərinin Bakı konfransı təhlükəsizliklə bağlı ləğv edilib
 
Avropa Ravvinləri Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan qurultayı təxirə salınıb. Bu haqda "The Jerusalem Post" yazır.
Tədbirin ləğvi təhlükəsizlik səbəbləri ilə izah olunur.
Avropa Ravvinləri Konfransı bildirir ki, tədbir 3-6 noyabr tarixlərində keçirilməli idi. Qurultayda din azadlığı, Avropada antisemitizm və "İbrahim sazişləri" müzakirə olunacaqdı.
"Ynet" yazır ki, qurultaya 600-dək iştirakçının, o cümlədən Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlərin, dini liderlərin, siyasi və ictimai xadimlərin qatılacağı gözlənilirdi.
Azərbaycan Xarici İşlər Nazirliyi, hələlik, bu xəbəri şərh etməyib.
"İbrahim sazişləri" ərəb ölkələrinin İsraillə münasibətlərini normallaşdırmağı nəzərdə tutur. ABŞ rəsmiləri Azərbaycanın da bu sazişə qoşula biləcəyini istisna etməyiblər.
Bu ilin Avropa Ravvinləri Konfransının Sarayevoda planlaşdırılan konfransı yerli ictimaiyyətin kəskin reaksiyasından sonra təxirə salınmışdı. Avropa Komissiyası bu addımı pisləmişdi.
2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın İsrailə hücumu, 1200 nəfəri öldürməsi, 250 nəfəri girov götürməsindən sonra İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Artıq iki həftədir ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzzada atəşkəs əldə olunub, HƏMAS sağ qalan girovları, İsrail isə fələstinli məhbusları azad edib.
İsrailin Qəzzada apardığı dağıdıcı müharibə dünyanın müxtəlif yerlərində etirazlara səbəb olub.
Nazir 9-11-ci siniflərə çatdıqda Azərbaycanda qızlara məhdudiyyətdən danışdı
 
"Qadınların inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var". AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində həyata keçirilən "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025"in təqdimat mərasimində deyib.
Nazirin sözlərinə görə, 4-cü sinif üzrə statistikalara baxdıqda qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır: "Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır".
Azərbaycanın bir sıra media orqanlarında yer alan araşdırmalara görə, ölkənin bəzi bölgələrində 9-11-ci siniflərdə qızların sayı kəskin azalır. Bu onlara əsasən ailədə yaradılan maneələrlə izah edilir. Üstəlik, son illər Azərbaycanda doğuş statistikasında oğlanların qızlara nisbətən üstünlük təşkil etdiyi bildirilir. Ekspertlər bunu da selektiv abortla izah edirlər.
Yalançı şirkətlər yaratmaqda şübhəli sayılan 10 şəxs həbs edilib
 
Cinayət yolu ilə əldə edilmiş 81.5 milyon manatı leqallaşdırmaqda şübhəli sayılan 30 nəfərin tutulduğu bildirilir.
Bu barədə oktyabrın 27-d Baş Prokurorluq məlumat yayıb.
Məlumatda adları çəkilməyən həmin şəxslərin mütəşəkkil dəstə kimi fəaliyyət göstərməsi, 300-dən çox şəxsi aldadılaraq onların adına ən azı 777 hüquqi və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirmələri iddialarından bəhs edilir: " ...Yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81.5 milyon manatdan çox zərər vurulmasına,... habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox Əlavə Dəyər Vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib".
Ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub: "Həmin təqsirləndirilən şəxslərdən 10-u barəsində... məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib".
Rəsmi açıqlamaya həbs edilən və başqa ittihamlarla üzləşən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb. İttihamlar təsdiqlənərsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Anar Əsədli həbs edilib
 
Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli bu gün, oktyabrın 23-də həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və A.Əsədli məhkəmə zalında həbs edilib.
Növbəti proses 28 noyabra təyin edilib.
Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan ikisinə dəymiş ziyanın ödənmədiyi iddia edilir.
10 oktyabr
Keçmiş partiya sədri hakim önünə çıxarıldı
Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Oktyabrın 10-da onun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.
İclasda A.Əsədlinin anket bilgiləri dəqiqləşdirilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu işdə dörd nəfər zərərçəkmiş qismində tanınıb.
A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb. Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.
Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.
A.Əsədlinin ittiham olunduğu CM-in 178.3.2-ci maddəsiylə suçlanan keçmiş partiya sədrinə 5 ildən 10 ilədək həbs cəzası verilə bilər.
2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.
2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdə olub.
Həcc ziyarəti gələn il də bahalaşacaq
2026-cı ildə də Həcc ziyarətində qiymətdə artımı gözlənir.
Yerli saytlar Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadla bildirir ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 min 100 ABŞ dolları müəyyən edilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Üstəlik, sənəd qəbulunun daha tez olacağı vurğulanır.
Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 950 ABŞ dolları olmuşdu.
Son illər Azərbaycandan Həcc ziyarətinin qiymətində illik 100-150 dollar civarında artım olur.
Amma ümumilikdə son yeddi ildə ziyarətin qiyməti 1 min 500 dollardan çox artıb.
Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.
Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.
Bakıdan gələn təyyarə Yerevanda enib
 
Dünən, oktyabrın 21-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı Yerevana eniş edib.
Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev Facebook hesabında paylaşıb.
"Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi Yerevan hava limanına enib", - o qeyd edib.
Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün Yerevana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.
Bu haqda "Sputnik-Ermənistan" da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys oktyabrın 21-də, təqribən 16:00-da Yerevanda enib.
"Armenpress" agentliyi də yazmışdı ki, Ermənistan və Azərbaycandan vətəndaş cəmiyyəti təmsilçiləri oktyabrın 21-22-də Yerevanda ikitərəfli dəyirmi masa müzakirəsi keçirəcəklər. Agentliyin yazdığına görə, müzakirələr 8 avqust Vaşinqton görüşündən sonra formalaşan sülh gündəliyinə, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirlərinə həsr olunacaq. Eyni zamanda, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlığın inkişaf yolları, hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri götür-qoy olunacaq.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.
Birinci Qarabağ müharibəsinin başlaması ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələri dayanmışdı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
