Dünya xəbərləri
İran ümid edir ki, Rusiya qazının Azərbaycan üzərindən tədarükü tezliklə başlayacaq

İran ümid edir ki, yaxın gələcəkdə Rusiya qazının Azərbaycan üzərindən tədarükünə başlamaq mümkün olacaq. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib.
“Ümid edirik ki, bu, yaxın zamanda mümkün olacaq. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll edilib. Amma qiymət məsələsində ortaq məxrəcə gəlmək lazımdır. Bu məsələ də həll olunsa, iş başlayacaq”, – səfir deyib.
Rusiyanın energetika naziri Sergey Tsivilyov isə daha öncə bildirmişdi ki, 2025-ci ildə mövcud infrastruktur vasitəsilə Azərbaycan üzərindən Rusiya qazının tədarükləri başlayacaq və illik həcmi 1,8 milyard kubmetrədək olacaq.
Avqustun 22-də Rusiya və Azərbaycanın gələcək birgə iş üçün istiqamətləri müəyyənləşdirdiyi açıqlanıb. İki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritetdir.
Overçuk vurğulayıb ki, prioritetlər sırasında regionda nəqliyyat əlaqələrinin inkişafı üzrə birgə iş, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə sisteminin gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı və Xəzər dənizində əməkdaşlıq yer alır.
Bütün xəbərləri izləyin
Uralda Azərbaycan diasporunun rəhbəri həbsdə qaldı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin apellyasiya şikayəti isə təmin olunmayıb. Sverdlovsk vilayət Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin uzadılmasından verdiyi şikayət müsbət cavablanmayıb.
Hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunan Ş.Şıxlinski bu il dekabrın 30-dək həbsdə qalacaq. Rusiya mediası onun qətl planlaşdırmaqda da ittiham edildiyini yazır.
5 avqust
Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarılıb
Moskvadakı Basman məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarılıb. Rusiyanın E1.ru portalı həbs qərarının onun axtarışa verilməsindən sonra çıxarıldığını yazır.
Sayt Ş.Şıxlinskinin Yekaterinburqda istintaq hərəkətlərində iştirak etdiyini və həbsxanaya yerləşdirildiyini yazır. Onun Feyruz Şirinova sui-qəsd cəhdində iştirakda (Rusiya Cinayət Məcəlləsinin 30-cu və 105-ci maddələri), hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə (318-ci maddə) ittiham olunduğu bildirilir
Ş.Şıxlinskinin vəkili E1.ru-ya deyib ki, müdafiə etdiyi şəxs günahsız olduğunu bildirir və apellyasiya verəcək.
Ş.Şıxlinskinin oğlu Mütvəli isə iki ay müddətinə həbs olunub. O, hakimiyyət nümayəndəsinə zor tətbiqində ittiham edilir.
İyulun 1-də Yekaterinburqda, "Baku Plaza" qarşısında hüquq-mühafizə orqanları Ş.Şıxlinskini həbs etmək üçün xüsusi əməliyyat keçirib. Onlar avtomobilin pəncərələrini sındırmağa başlayanda Mütvəli idarə etdiyi avtomobili arxaya sürüb və xüsusitəyinatlılardan birini vurub.
Şahin Şıxlinski polisə özü təslim olub
Şahin Şıxlinskinin qohumu, jurnalist Elçin Şıxlı AzadlıqRadiosuna onun iki gün öncə – avqustun 2-də Rusiya hüquq-mühafizə orqanlarına təslim olduğunu deyir. Ş.Şıxlinski Azərbaycan səfirliyinin mehmanxanasında qalırmış.
E.Şıxlı Ş.Şıxlinskiyə qarşı əsas maddənin hakimiyyət təmsilçisinə müqavimət və yüngül xəsarət yetirməklə bağlı olduğunu deyib, qətllə bağlı Rusiya mediasının yazdıqlarını "boş söhbət" adlandırıb.
Rusiya DİN-in Ş,Şıxlinskini axtarışa verməsinə gəlincə: "Onun özünə, yaxud vəkillərinə axtarışla bağlı heç bir rəsmi çağırış gəlməyib. Səfirliyin mehmanxanasında nisbətən daha geniş hərəkət etmək imkanı olmaq üçün qalıb. Oğlunun azad olunması üçün müraciətlər hazırlayıb, vəkillərlə işləyib".
3 avqust
Şahin Şıxlinski Moskvada saxlanılıb
Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanılaraq Yekaterinburqa aparıldığı bildirilir. Bu haqda E1.RU portalı onun tanışlarına istinadla yazıb.
66.RU mənbəsinə istinadla Ş.Şıxlinskinin İstintaq Komitəsində dindirildiyini bildirir.
Gazeta.ru diaspor rəhbərinin qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda şübhəli bilindiyini yazsa da, digər mənbələr onun statusunun bəlli olmadığını qeyd edir.
30 iyul
Rusiya DİN Şahin Şıxlınskini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib. "İnterfaks" agentliyi bu barədə məlumat yayıb.
"Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə axtarışdadır", - Rusiya DİN-in məlumat bazasında bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa verildiyi məlum deyil.
Sverdlovsk vilayətində "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da, sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.
Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinski də hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.
Eyni zamanda Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanılıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Kiyevin şərqində elektrik kəsilib.

Oktyabrın 10-na keçən gecə Rusiyanın hücumları Kiyevin şərqində elektrikin kəsilməsinə səbəb olub. Ukrayna paytaxtının mərkəzində isə çoxmərtəbəli binada yanğın baş verib. Rəsmilərin ölkənin enerji infrastrukturuna zərbə endirildiyini deyirlər.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhərin mərkəzi rayonlarından birində çoxmərtəbəli binanın 6-cı və 7-ci mərtəbələrinə dron zərbəsi yanğına səbəb olub. Hücumda həm dronlardan, həm də raketlərdən istifadə edilib.
Onlayn video və fotolarda yanan mənzillər, yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı görünür.
Kiyevin meri Vitali Kliçko doqquz nəfərin xəsarət aldığını, onlardan beşinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, şəhərin şərq rayonlarında elektrik kəsilib: "Paytaxtın sol sahili işıqsız qalıb. Su təchizatında da problemlər var".
Ukrayna Hərbi Hava Qüvvələri hücumu "kütləvi" adlandırıb. Paytaxt üzərində bir neçə partlayış və dron səsləri eşidilib.
Energetika naziri Svetlana Qrinçuk hücum nəticəsində ölkənin enerji infrastrukturuna da ziyan dəydiyini açıqlayıb.
Ukraynanın cənub-şərqdə yerləşən Zaporojye şəhərində də gecə saatlarında bir neçə obyektə dron hücumları olub. Vilayət qubernatoru İvan Fyodorov bildirib ki, hücumda yaralanmış 7 yaşlı uşaq xəstəxanada vəfat edib.
Ermənistanda saxlanılan gürcüstanlı döyüşçü azad edilib

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı Giorgi Kinoiani azadlığa çıxıb. O, Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak etmək ittihamı ilə saxlanmışdı.
"Ermənistan onu Rusiyaya təhvil verməkdən imtina edib, çünki bu onun üçün təhlükəli olardı", – vətəndaş fəalı Giorgi Tumasiani sosial şəbəkədə yazıb.
Fəal ümidini bildirib ki, "Rusiyanın tələbi ilə Ermənistanda saxlanılan ikinci Gürcüstan vətəndaşı Vano Sabaşvili ilə bağlı da oxşar qərar veriləcək".
Vako Kinoiani "Pirveli" telekanalına qardaşının buraxıldığını təsdiqləyib: "Dünən Ermənistan misilsiz qərar qəbul edərək Giorgini rusların əlindən birbaşa aldı... Giorgi dünən gecə azad edildi. Hüquqşünasla danışacağıq və, əlbəttə ki, Gürcüstana qayıdacağıq".
2024-cü il oktyabrın 25-də Donetsk məhkəməsi G.Kinoianini 7 il müddətinə qiyabi azadlıqdan məhrum edib. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin muzdlu əməliyyatlarda iştirakda təqsirli bilinib.
Kinoiani döyüşlərə Ukraynanın tərəfindən qatılıb. İttihama görə, o, "Gürcü legionu"nun tərkibində vuruşub. Rusiya "Legion"un təsisçisi Mamuka Mamulaşvilini və digər gürcü döyüşçülərini qiyabi olaraq həbs cəzasına məhkum edib.
G.Kinoiani 2025-ci il sentyabrın 3-də Gürcüstandan Ermənistana keçərkən saxlanılıb.
Bundestaq Almaniya pasportlarının sürətli verilməsinin ləğvini dəstəkləyib

Oktyabrın 8-də Bundestaq Almaniyada sürətləndirilmiş vətəndaşlıq hüququnun ləğvinə səs verib.
2024-cü ildəki hökumətin qanuna etdiyi əlavə həmin ilin yayında qüvvəyə minib və bu hüquqla vətəndaşlığı üç il ərzində almaq mümkündür.
Həmin qanun alman dilini sərbəst bilən, özünü və ailəsini dövlət yardımına ehtiyac olmadan təmin edənlərə üç il ərzində vətəndaşlıq verilməsini nəzərdə tutur. Həmin şəxslər ölkənin qanunlarını bildiyini təsdiqləyən imtahanı verməli, inteqrasiya sahəsində "xüsusi" xidmətləri olmalıdır. Almaniya vətəndaşlarının həyat yoldaşları üçün isə əlavə tələblər qoyulmur.
Fevralda Bundestaqa seçkilərdə CDU/CSU bloku qalib gəlib. Bu blok seçki proqramında sürətli vətəndaşlıq hüququnu tənqid etmişdi. CDU/CSU və Sosial-Demokrat Partiyasının koalisiya sazişinə qanunun ləğvi salınıb.
Mayın sonunda ölkənin daxili işlər naziri Aleksander Dobrint "Bild" nəşrinə sürətləndirilmiş vətəndaşlığın qanunsuz miqrasiyaya əlavə stimul yaratdığını deyib.
Qanunun ləğvi üçün dəyişikliklər Almaniyanın 16 regional hökumətini təmsil edən Bundesratda qəbul edilməlidir, - DW bildirir.
Putin Düşənbədə həbs olunmadı

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Tacikistana səfər edib. Bu, onun 2022-ci ilin iyunundan bəri bu ölkəyə ilk səfəridir. Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvüdür və Rusiya prezidentinin həbsinə dair bu məhkəmənin orderini icra etməli idi. Amma Putin Düşənbədə həbs olunmayıb.
"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı həmin gün Tacikistandan Putinə ölkəyə giriş imkanı verməməyə, yaxud onu hava limanında həbs etməyə çağırmışdı. Təşkilat BCM üzvlərini, ATƏT və Aİ-ni beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Düşənbəyə təzyiq göstərməyə çağırıb.
"Putin Haaqada məhkəmə qarşısında dayanmalıdır, BCM-yə üzv ölkələrdə beynəlxalq sammitlərə qatılmamalıdır", – AzadlıqRadiosunun tacik xidməti "Human Rights Watch"un beynəlxalq ədalət üzrə direktoru Liz Evensona istinadla yazır.
Ancaq Tacikistan hakimiyyəti bu çağırışları gözardı edib. Putini hava limanında prezident Emoməli Rəhmon qarşılayıb. Düşənbə küçələri Tacikistan bayrağının rəngləri ilə bəzədilib. Binalarda Putin və Rəhmonun şəkilləri olan elektron ekranlar yerləşdirilib.
Putin Düşənbədə "Mərkəzi Asiya – Rusiya" sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
BCM 2023-cü ilin martında Putin barəsində axtarış elan edib. Rusiya prezidenti Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunur. Moskva bu ittihamları rədd edir, məhkəmənin yurisdiksiyasını tanımadığını bildirir.
EPP İvanişviliyə sanksiya tələb edir

Avropa Xalq Partiyası (EPP) Avropa İttifaqına Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və tərəfdarlarına sanksiyalar tətbiq etməyə çağırır, onların Gürcüstanda demokratiyanın, insan hüquqlarının və hüququn aliliyinin pozulmasında əli olduğunu bildirir.
EPP bildirir ki, "gürcü xalqı azadlıqları, Avropa gələcəyi uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda oliqarx İvanişvilinin "Gürcü Arzusu" partiyası oktyabrın 4-də Gürcüstan tarixində ən aşağı seçici fəallığı ilə növbəti saxtalaşdırılmış seçkiləri keçirib. Bu səsvermə əsas müxalifət partiyalarının boykotu, rejim əleyhdarlarına qarşı kütləvi repressiyalar və zorakılıq fonunda baş tutub".
Partiya hesab edir ki, həbslər və təqib təhdidləri insanların etiraz hüququnu məhdudlaşdırmaq, qərbyönlü müxalifəti aradan götürmək, cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıyır. Bu səbəbdən "Gürcü Arzusu"nu zorakılığı və repressiyaları dayandırmağa, gürcü xalqının Avropa hədəflərinə hörmət etməyə çağırırlar. EPP Avropa İttifaqını və üzv dövlətlərini İvanişvili və tərəfdarlarına ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə cavabında vurğulayıb ki, "ABŞ və Aİ xalqın seçdiyi hakimiyyəti devirmə cəhdinə qarşı çıxmayıb, özünü bundan kənar tutmayıb, bu isə devirmə və zorakılığa dolayı dəstək deməkdir".
"EPP Avropanın ən böyük partiyasıdır, daha çox hakim partiyaları birləşdirir... "Milli Hərəkat" da EPP üzvüdür... Milli Hərəkat və digər radikal müxalifət qüvvələrinin xalqın seçdiyi hakimiyyəti devirməyə cəhdi fonunda Avropa Xalq Partiyası Gürcüstan demokratiyasının düşmənlərinin deyil, Bidzina İvanişvili və hakim komandanın digər liderlərinin cəzalandırılmasını tələb edir. Bu bəyanat sayəsində gürcü cəmiyyəti Aİ-nin suverenliyini itirməsi və xaricdən idarə olunan Avropa bürokratiyası sayəsində düşdüyü faciəvi durumu anlayar", – Kobaxidze bildirib.
Gürcüstanda oktyabrın 4-də keçirilmiş mitinqin 23 iştirakçısı saxlanılıb. Təşkilatçılar etirazların "hökumətin sülh yolu ilə devrilməsi" məqsədi daşıdığını bildirib. Mitinqin beş təşkilatçısı barəsində həbs-qətimkan tədbiri seçilib.
Qızılın qiyməti 4 min dolları keçdi

Oktyabrın 8-də qızılın unsiyası 4 min dolları keçib, 1.4 faiz artaraq 4 min 39 dollara yüksəlib.
"Reuters" qızılın sürətlə bahalanma səbəbləri arasında ABŞ-də faiz dərəcələrinin salınacağı gözləntiləri, siyasi və iqtisadi qeyri-müəyyənliyi, mərkəzi bankların güclü şəkildə qızıl almasını, dolların zəifləməsini sadalayır.
"StoneX" analitiki Rona Okonnell deyib ki, geosiyasi qeyri-müəyyənlik baxımından şərtlər əvvəlki kimi qalır, əlavə olaraq ABŞ-də hökumətin bağlanması (şatdaun) faktoru da var: "Bu amil səhmlərin gücünə mane olmur, eyni zamanda, riskin müəyyən qədər azaldılması üçün qızıl külçəsi seçilir".
Artıq səkkizinci gündür ABŞ-də şatdaundur, əsas iqtisadi göstəricilərin açıqlanması gecikib. Nəticədə investorlar FED-in faiz endirimlərinin vaxtı və miqyasını qeyri-hökumət mənbələrinə əsasən dəyərləndirməli olurlar.
Bazarlar FED-in növbəti iclasında uçot dərəcəsini 25 baza bəndi endirəcəyini gözləyir, dekabrda da oxşar azalma proqnozlaşdırılır.
Yaxın Şərqdəki münaqişə, Ukrayna müharibəsi kimi qlobal böhranlar da qızıla tələbatı artırıb. Fransa və Yaponiyada siyasi qarışıqlıq isə təhlükəsiz sığınacaq aktivlərinə marağı daha da gücləndirib.
Avropa Parlamenti 61 ölkə üçün vizasız rejimin dayandırılması mexanizmini təsdiqləyib

Avropa Parlamenti təhlükəsizliyi hədələyən, insan haqlarını pozan ölkələrə qarşı vizasız rejimin müvəqqəti və ya daimi dayandırılmasını asanlaşdıran mexanizmi təsdiqləyib.
Yeni qaydalara əsasən, Avropa Komissiyası konkret ölkə ilə bağlı təhlükəsizlik səbəblərinə dayanaraq vizasız rejimi dayandıra biləcək. Məhdudiyyətlər öncə müvəqqəti - araşdırma və dialoq dövründə tətbiq edilə bilər. Durum düzəlməsə, vizasız rejim həmişəlik ləğv edilə bilər.
Qərarın əsas səbəblərinə gəlincə, müəyyən ölkə vətəndaşlarının törətdiyi cinayətlərin artması, Şengen zonasına girişə daha çox imtina verilməsi, sığınacaq müraciətlərinin artması və ya qalma müddətinin aşılması halları göstərilir.
518 deputat dəyişiyin lehinə, 96-sı əleyhinə səs verib, 24 nəfər bitərəf qalıb.
AzadlıqRadiosunun Avropa redaktoru Rikard Yozvyakın fikrincə, yeni qaydalar Gürcüstan üçün çox vacibdir. Belə ki, ötən il Tbilisi həm anti-LGBT qanunlarını, "xarici agentlər haqqında" qanunu qəbul edib. Kreml də belə tədbirlərdən söz azadlığı və vətəndaş cəmiyyətini boğmaq üçün istifadə edir.
Yozvyakla söhbətdə Avropa diplomatları da bu versiyanı təsdiqləyiblər.
Aİ-yə üzv ölkələrin noyabrın 17-də Avropa Parlamentinin bu qərarını dəstəkləyəcəyi və yeni qaydaların dekabrda qüvvəyə minəcəyi gözlənilir.
Qaydalar Aİ ilə vizasız rejimi olan 61 ölkəyə, o cümlədən Aİ-yə üzv olmaq istəyən qərbi Balkan ölkələri, Moldova və Ukraynaya da aid ediləcək.
Tramp deyir ki, 'Tomahawk' raketləri ilə bağlı qərar vermək üzrədir, amma bəzi suallar var

ABŞ prezidenti Donald Tramp oktyabrın 7-də deyib ki, Ukraynaya "Tomahawk" raketlərinin tədarükü ilə bağlı "müəyyən mənada" qərar verib. Amma öncə Ukraynanın onlarla nə edəcəyini bilmək istəyir.
"Onları haraya göndərəcəklər? Bu sualı vermək istəyirəm", – Tramp Ağ evdə jurnalistlərə cavabında söyləyib.
O, eskalasiya istəmədiyini, müharibənin bitməsini tələb etdiyini bir daha vurğulayıb.
Raketlərlə bağlı nə vaxt yekun qərar verəcəyi haqda heç nə deməyib.
ABŞ mediası administrasiyadakı mənbələrə istinadən bildirmişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla Nyu-Yorkdakı son görüşündə ondan 2 min 500 kilometrədək uçuş məsafəsi olan "Tomahawk" raketlərinin mümkün tədarükünü istəyib. Zelenski bunu dolayı yolla təsdiqləyərək deyib ki, Ukraynanın ehtiyacları barədə Trampa siyahı təqdim edib.
Son vaxtlar ABŞ Ukraynaya silahı birbaşa tədarük etmir, silahlar NATO ölkələrinə satılır, onlar vasitəsilə Ukraynaya göndərilir. "Tomahawk" raketlərinin tədarükünün necə təşkil edilə biləcəyi, digər detallar dəqiq bəlli deyil. ABŞ ordusunun arsenalında, əsasən, dənizdən, özəlliklə sualtı qayıqlardan atılan raketlər var.
Rusiya prezidenti Vladimir Putin daha öncə bildirib ki, "Tomahawk" raketlərinin Ukraynaya tədarükü müharibənin gedişatını dəyişməyəcək, amma bu, ABŞ ilə Rusiya arasında əlaqələrin dağılmasına gətirər.
Siyasi proseslər bitkoynu, qızılı rekord həddə qaldırıb

Yaponiyada səhmlər bazar ertəsi 5 faizdən çox artaraq tarixdə ilk dəfə rekord həddə çatıb, yen isə ucuzlaşıb. "Reuters" yazır ki, səbəb yumşaq maliyyə və pul siyasətinə üstünlük verən Sanae Takaiçinin iqtidar partiyasının lideri seçilməsi və ölkənin ilk qadın baş naziri olmağa yaxınlaşmasıdır.
Qızılın qiyməti isə 4 min dollara yaxınlaşaraq rekord səviyyəyə çatdı.
Əsas kriptovalyuta olan bitkoyn da bazar günü tarixi həddə qalxıb.
İnvestorlar ABŞ hökumətinin bağlanması (şatdaun) fonunda dəyərini qoruyan alternativ aktivlərə üstünlük verməyə başlayıblar.
Yaponiyanın "Nikkei" indeksinin dəyəri 48 min səviyyəsini keçib.
Yapon yeni ABŞ dolları qarşısında 2 faizədək ucuzlaşıb, avqustun 1-dən bəri ilk dəfə 150 səviyyəsini keçib. Yaponiyanın 30 illik dövlət istiqrazlarının faizləri rekord həddə yüksəlib.
ABŞ dolları avro və funt sterlinq qarşısında bir qədər dəyər qazanıb. Dolların əsas valyutalara qarşı indeksi ötən həftə 0.5 faiz düşsə də, bu həftə yenidən yüksəlir.
Qızıl 1.5 faiz bahalaşaraq 3.944 dolları keçib. Hazırda təxminən 3.927 dollar civarında ticarət olunur.
Bitkoyn hazırda 123 min 600 dollar səviyyəsindədir. "Standard Chartered Bank"ın rəqəmsal aktivlər üzrə araşdırma rəhbəri Ceff Kendrik deyib ki, şatdaun davam etdikcə, bitkoyn bahalanacaq, yaxın vaxtlarda 135 min dollara çata bilər.
Neftin qiyməti də artıb. Oktyabrın 5-də OPEC+ noyabrdan hasilatı gündəlik 137 min barel artıracağını açıqlayıb. Bu, oktyabrdakı artımla eyni səviyyədədir.
Rusiya qiymətlərə təzyiq yaratmamaq üçün bu səviyyədə artımı təklif edib. Səudiyyə Ərəbistanı bazar payını sürətlə bərpa etməkdən ötrü ikiqat, üçqat, hətta dördqat artım istəyirdi.
"Brent" markalı neft 1.3 faiz artaraq bir barel üçün 65.36 dollara, ABŞ-nin WTI markalı nefti isə 1.3 faiz bahalaşaraq 61.69 dollara yüksəlib.
Arxiyepiskop Mikael Acapaxyana 2 illik həbs cəzası kəsildi

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan 2 il müddətinə azadlıqdan məhrum edilib. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.
Hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan M.Acapaxyana prokuror 2 il yarım azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.
"Azatutyun" yazır ki, hakim Armine Meliksetyanın bu məhkəmə işini yekunlaşdırması iki aydan da az çəkib.
29 sentyabr
Prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib.
Sentyabrın 29-da bu iş üzrə əlavə dinləmələr başlayıb.
Yepiskopu cərimə və 5 ilədək həbs cəzası gözləyir. Vəkili Ara Zohrabyan bu məhkəmədə ədalət olmadığını deyib.
24 sentyabr
Erməni Apostol Kilsəsinin arxiyepiskopu hakimiyyəti devirməyə açıq çağırışlarda təqsirli bilinib
Sentyabrın 24-də Yerevanda məhkəmə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı hakimiyyətin devrilməsinə açıq çağırışlarda təqsirli bilib.
Bu ittiham üzrə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İş üzrə əlavə məhkəmə iclası sentyabrın 29-da keçiriləcək və arxiyepiskopa cəza kəsiləcək. Acapaxyan üç aydan çoxdur həbsdə saxlanılır və barəsində həbs-qətimkan tədbiri dəyişdirilməyib.
İttiham bir il öncə verilmiş bir müsahibəyə əsaslanır. Orada arxiyepiskop çevrilişin vacibliyindən danışıb. O zaman Ermənistan Baş Prokurorluğu bu açıqlamalarda cinayət tərkibi görməyib, cinayət işi açılmayıb. İş açılanda isə hüquq-mühafizə orqanları bildiriblər ki, Acapaxyan bu fikirləri dəfələrlə təkrarlayıb və bu, cinayət təqibinə səbəb olub.
Acapaxyan bu ittihamları siyasi təqib sayır, özünü təqsirli bilmir. Məhkəmədə deyib ki, həbsdə də azaddır: "Allahla və özümlə danışmağa çox imkanım oldu. Buna görə xoşbəxtəm və minnətdaram. Bu hökumətin dövründə, siyasi səbəblərlə də olsa, müttəhim olmaq mənim üçün şərəf, sevinc və xoşbəxtlikdir".
Acapaxyanın vəkilləri məhkəmə prosesində pozuntular olduğunu, məhkəmə hökmünün ədalətli olacağına şübhə etdiklərini deyiblər. Vəkillər axtarış vaxtı qanun pozuntularına, eyni maddə ilə suçlanan şəxslərin ev dustaqlığına buraxıldığı halda, Acapaxyanın həbsdə olmasını vurğulayıblar.
"Onlar elə bir cəza təyin edəcəklər ki, din xadimi seçkilərə qədər həbsdə saxlanılsın", – vəkil Ara Zohrabyan belə deyib.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununa təyin olunub.
2025-ci ilin iyununda Yerevanda məhkəmə Erməni Apostol Kilsəsinin digər din xadimi, "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı iki aylıq həbs edib. O, Kilsənin Ali Ruhani Şurasının üzvüdür, Ermənistanın şimal-şərqində yerləşən Tavuş vilayətinin eyniadlı yeparxiyasına rəhbərlik edir. Baqrat baş nazir Nikol Paşinyana qarşı çıxışları ilə tanınır. Ona da hakimiyyətin ələ keçirilməsi cəhdi ittihamı irəli sürülüb.
Pezeşkian su böhranına görə paytaxtın Tehrandan köçürülməsini vacib sayır

İran prezidenti deyir ki, ölkənin paytaxtı Tehrandan ölkənin cənubuna köçürülməlidir. Səbəblərə gəlincə, şəhərin sürətlə böyüməsini, su təchizatının yetərli olmamasını, torpaq sürüşməsi təhlükəsini göstərib.
Məsud Pezeşkian oktyabrın 2-də deyib ki, keçən il bu təklifi ali dini rəhbər Əli Xameneiyə verib. Prezident təklifinin xeyli tənqid olunmasını da qəbul edir, amma deyir ki, paytaxtı dəyişdirməyin alternativi yoxdur.
"Ölkənin hazırda üzləşdiyi problemlər inkişaf yolunu Fars Körfəzinə yönəltməyimizi tələb edir. Tehran, Kərəc, Qəzvində hazırda su böhranı var və bunlar asanlıqla həll edilə bilməz", – deyən Pezeşkian yağıntının da azaldığını, durumun kritik həddə çatdığını vurğulayıb.
Tehranda əhali 10 milyonu keçib. İranın su ehtiyatlarının təxminən 1/4-i paytaxtda istehlak olunur.
Keçmiş prezidentlərdən Həsən Ruhani də paytaxtın köçürülməsi məsələsini qaldırıb, hətta plan da hazırlayıb.
Tehran su anbarları paytaxtın suyunun 70 faizini təmin edir, qalanı isə yeraltı mənbələrdən gəlir. Lakin yağıntının azalması, buxarlanmanın artması yeraltı sulara təzyiqi artırıb.
Medianın 'milyarder' dediyi İbrahim Süleymanov həbs edilib

Moskvada işadamı İbrahim Süleymanov 2004-cü ildə törədilmiş qətldə şübhəli bilinərək saxlanılıb. Məlumatı Rusiyanın TASS dövlət agentliyi mənbələrə istinadla yayıb.
Süleymanov milyarder kimi təqdim olunur. O, 2024-cü ildə "Sirena-Travel" IT şirkətinin benefisiarı olub.
"Kommersant" yazır ki, Süleymanov Rusiya Federal Maliyyə Sağlamlaşdırması və İflas Xidmətinin rəhbəri Georgi Talın qətlində şübhəli bilinir. "VÇK-OGPU" Telegram kanalının yazdığına görə, bu iş üzrə daha əvvəl Abakar Darbişev şübhəli kimi saxlanılıb, qətli onun törətdiyi ehtimal olunur. Onun Süleymanova qarşı ifadə verdiyi və hüquq-mühafizə orqanlarının maşınında öldüyü bildirilir.
Bir neçə Telegram kanalının məlumatına görə, Süleymanovun həm də 1999-cu ildə "Vnukovo Airlines" şirkətinin həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlinə bağlılığı araşdırılır.
Bəzi media qurumları Süleymanovu "kölgə milyarderi", "Rusiyanın ən sirli milyarderi" adlandırır. "Aqentstvo"nun məlumatına görə, onun "Sirena-Travel" şirkəti Rusiyada aviabiletlərin 80 faizinin bronlaşdırılmasına cavabdeh olub. 2023-cü ildə ukraynalı hakerlər şirkətin məlumat bazasını yararaq 2007-2023-cü illər üzrə rusiyalıların uçuş məlumatlarını yayıblar.
Süleymanov YUKOS-un keçmiş şəriki Platon Lebedevin qızı ilə evlidir. Lebedev vaxtilə Mixail Xodorkovski ilə birlikdə məhkum olunmuşdu. "Aqentstvo" Süleymanovun həm də Federasiya Şurasının üzvü Süleyman Kərimovun biznes tərəfdaşı olduğunu yazır.
2004-cü ildə Süleymanova dələduzluq, çirkli pulların yuyulması və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. O zaman futbol üzrə Rusiya Premyer Liqasının sədr müavini idi. 10 il 10 ay müddətinə azadlıqdan məhrum edilsə də, vaxtından əvvəl azadlığa buraxılıb.
İ.Süleymanov 1967-ci ildə Dağıstan Respublikasının Rutul kəndində doğulub.
İspaniya abort hüququnu konstitusiyaya salmaq istəyir

İspaniyanın solçu hökuməti abort hüququnu konstitusiyaya salmağı planlaşdırır. Bunu baş nazir Pedro Sançez oktyabrın 3-də deyib.
Ötən il Fransa abort hüququnu Konstitusiyaya daxil edib. İspaniya isə ikinci belə ölkə ola bilər.
İspaniya 40 ildir abortu qanuniləşdirib, 1985-ci ildən cinayət sayılmır.
Sançez X platformasında yazıb ki, "bu hökumət sosial hüquqlardan geri çəkilməyəcək".
Ölkədə sorğular "Voks" (Səs) ultra sağçı partiyasına dəstəyin artdığını göstərir. Sosialistlərin və ultra-solçulardan ibarət koalisiya hökuməti isə feminist siyasəti vurğulamaqla seçici bazasını genişləndirməyi hədəfləyir.
Sözügedən islahat üçün qanunverici palatanın 3/5-nin dəstəyi lazımdır. Yəni mühafizəkar müxalifət Xalq Partiyasından (NP) deputatların dəstəyinə ehtiyac yarana bilər.
2022-ci ildə ABŞ Ali Məhkəməsi 1973-cü ildə abortu konstitusiya hüququ kimi tanıyan "Rou Ueydə qarşı" qərarını ləğv edib. Tənqidçilər bundan sonra qadınların reproduktiv azadlıqlarını məhdudlaşdırmağa yönəlik qlobal səylərin artdığını deyirlər.
ABŞ prezidenti Donald Tramp həm birinci, həm də ikinci prezidentlik dövründə abortu təbliğ edən xarici qruplara Amerikanın yardımına məhdudiyyətlər qoydu.
Münxendə dronlara görə 20-dək uçuş təxirə salınıb

Avropanın ən böyük aeroportlarından olan Münxen hava limanı oktyabrın 3-nə keçən gecə fəaliyyətini dayandırıb. Səbəb hava məkanında naməlum dronların aşkarlanmasıdır.
Aeroport bildirib ki, reyslər yerli vaxtla saat 22:18-də dayandırılıb. 17 təyyarə hava limanından çıxa bilməyib. Bu isə təxminən 3 min sərnişin deməkdir.
Münxenə gələn 15 təyyarə isə digər aerodromlara yönləndirilib.
Hava limanının işi oktyabrın 3-də səhər saat 5-də bərpa edilib.
Polis əməkdaşları aeroportun ərazisində naməlum dronları, yaxud şübhəli şəxsləri axtarıblar, amma saxlanan olmayıb.
Son həftələr Danimarka, İsveç və Almaniyanın şimalında əsas infrastruktur və hərbi bazalar üzərində naməlum dronlar görünüb. İlk hadisə sentyabrın 24-də axşam Kopenhagen üzərində qeydə alınıb.
Hələlik, bu halların bir-biri ilə əlaqəli olub-olmadığı, arxasında hansı qüvvənin dayandığı barədə rəsmi versiya irəli sürülməyib. Amma Rusiyanın rolu istisna olunmur.
Almaniyanın "Spiegel" nəşri oktyabrın 4-də yazır ki, istintaq ölkənin şimalında dronların göründüyü vaxt Kil şəhərinin ərazisində olan Rusiya kölgə donanması gəmisinin PUA-ların buraxılması ilə mümkün əlaqəsini araşdırır. Daha öncə Fransada kölgə donanmasının gəmisi saxlanılıb. Media onun Danimarka üzərində dronların işə salınmasında mümkün rolu barədə versiyalardan yazıb.
Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də "Valday" klubunun sessiyasında "niyə Danimarka üzərinə dron buraxırsız" sualına "daha olmayacaq" deyə cavab verib. O, Rusiyanın bu insidentlərə bağlılığını rədd edib, onları "naməlum uçan obyektlər" ilə müqayisə edib.